İnsan hüquqları üç əsas prinsipə söykənir: insan ləyaqəti, bərabərlik, azadlığın məhdudlaşdırılmaması. Bu prinsiplər mühüm əhəmiyyətə malikdir. Cəmiyyətdə normal münasibətlərin qurulması zamanı biz bunu daha qabarıq görürük. Bir sıra dövlətlərdə, o cümlədən, Azərbaycanda müyyən qanunlarla bu prinsipləri qorumağa çalışırlar. Amma qoruna bilirmi? Ümumiyyətlə, cəmiyyət bu barədə nə fikirləşir?
Fiziki qüsurlu insanlar hər zaman diqqət cəlb edir. Küçədə gəzərkən, metroda, avtobusda gedərkən gözünə sataşan hansısa bir fiziki qüsurlu şəxsə ən azı bir neçə saniyə baxırıq. Buna səbəb nədir? Çünki biz onu adi insan kimi qəbul etmirik. Axı o fiziki qüsurludur. Məsələn, gözləri görməyən, başqa sözlə kor insan əlində tutduğu ağacı ilə qarşısında maneə olub olmadığını yoxlayanda biz bu prosesi maraqla izləməyə başlayacağıq. Çünki bunu tez-tez görmürük və bizim üçün bu çox maraqlıdır. Deməli, korların metroya minməsi və ya küçədə gəzməsi bizim üçün adi hal deyil. Halbuki, inkişaf etmiş ölkələrdə bu fərqlidir. Yaponiyada bu cür qüsurlu insanların rahat hərəkətini təmin etmək üçün xüsusi yollar hazırlanıb. Bu yollar sarı xətlə digər insanların hərəkət etdiyi yollardan ayrılıb. Bu yollar parklarda, səkilərdə, hətta ticarət mərkəzi, otel kimi binalarda da var. Gözdən əlil olan insanlar onlara yaradılan bu şəraitə görə çox xoşbəxt olmalıdırlar. Çünki bizdəki kimi orada gəzdiyi zaman kiminləsə toqquşacağı, kiməsə mane olacağı qorxusu yoxdur. Yaponiyadakı kor cəmiyyətdən təcrid olunmaqdan qorxmurlar. Onlar özləri üçün ayrılmış yolda təkbaşına asanlıqla gəzirlər və özlərinə lazım olan yeri asanlıqla tapa bilirlər.
İnkişaf etmiş ölkələrdə müəyyən işlər var ki, onlar yalnız fiziki qüsurlu insanlar üçün nəzərdə tutulub. Bəzi ölkələrdə oturaq işlər, məsələn, tikiş fabriki işləri məhz onlara verilir. Ayağı işləməyən və başqa bu kimi fiziki qüsurlu şəxslər bu cür işlərdə asanlıqla çalışırlar. İşlərinə görə də maaş alırlar. Bizdə isə fiziki qüsurlu şəxslərin işlə təmin olunması çox çətin məsələdir. Nədənsə bu cür insanlara iş vermirlər. İşsiz insan, xüsusilə bu kişi olanda, ailəsini dolandıra bilmir. Bu zaman onda fiziki qüsuru ilə yanaşı, psixoloji problemlər də yaranır. O sıxılır. Cəmiyyətdən təcrid olunduğunu düşünür. Bu cür hallar istənməyən nəticələrə gətirib çıxarır.
Göründüyü kimi bizdə fiziki qüsurlu şəxslərin normal yaşaması və həyatda öz yerlərini müəyyən etməsi, normal münasibətlər qurması çox çətindir. Cəmiyyətimiz bu sarıdan hələ inkişaf etməyib. Adi məqamlarda istənilməyən münasibətlə qarşılaşırsan. Məsələn, havaların dəyişkən olduğu dövrdə, xəstəliklərin yayıldığı fəsillərdə sağlamlığı qorumaq üçün xüsusi maskalardan istifadə edirsən. Amma sənə elə baxırlar ki, elə bil sən xəstəsən. Özü də çox pis xəstə. Buna görə də hamı səndən aralı gəzməyə çalışır. Sən də bu halı görüb qoruyucu maskanı çıxarırsan. Basabasla gedib gəldiyin nəqliyyatda xəstə birinin asqırması nəticəsində ətrafa yayılan viruslardan biri sənin nəfəs yoluna düşür. Və sən xəstələnirsən. Cəmiyyətdə formalaşan və sənə qarşı da göstərilən qəribə münasibət sənin xəstəlikdən qorunmağına mane olur. Bax bu cür halların baş verməməsi üçün cəmiyyətdə formalaşan stereotipləri məhv etmək və yeni düşüncə tərzi, təfəkkür formalaşdırmaq lazımdır. Yalnız bunula bayaq sadaladığım üç təməl prinsipi qorumaq olar.