DODAQDƏYMƏZ TƏCNİS
QALA
Yar deyəni özünə yar dilə sən,
Düşəcəksən yoxsa,dişə,dilə sən.
Al könlünü,dindir şirin dillə sən,
Söndürəsən şəhvət hissin, köz qala
***
Gül istəsən,uca dağda aranı,(1)
Nahaq olar axtarasan aranı.
Nakəs olan qarışdırar aranı,
Qo:ğa düşər,aralıqda qan qala.
***
Al şanəni,tellərini yan dara,
Nazın ilə dildarını çək dara.
Aşiq olsan,düşəcəksən sən dara,
İstəyirsən,ürəyində od qala.
***
Gözəllikdə yarı odur,yarı sən,
Sədaqətli ol eşqində,yarı sən.
Niyə qoydun yarı yolda yarı sən?
Çatacaqdı istəyinə az qala.
***
Dərd üstündən dərd ələndi dərdinə,
Sənin təki yar olanın dərdi nə?
Göynədəcək yaraları dərdin,ə...
Ağrılardan quracaqsan sən qala.
****
Yaşın ötür,qocalırsan sən indi,
Gəz səhralar,şair,Leyli sənin,di
Gözəlliyin nə sanırsan,sənindi?
O dünyaya o gedəli,sən qal a.
1.Aranı---aramaq mənasında..
"m"dodaq samiti olduğu üçün möhürbənddə təxəllüsümü yazmadım..
20.09.2014.Zərdabi.Mövlud Ağamməd.