DOSTLUQ “PİRAMİDASI”
Ruslan Ələkbərli tərəfindən "Digər yazılar" bolməsinə 15:51 10 fevral 2017 tarixində əlavə olunmuşdur

Orta məktəbin ilk dərs günü idi. Məktəbə daxil olmazdan qabaq müəllimlərimiz Əli ilə mənə dedilər ki, təzə şagirdlər gəlib. İçəri daxil olanda məktəbin kolidorunda üç oğlanla rastlaşdıq. Yaxınlaşıb tanış olanda məlum oldu ki, üçü də Kəlbəcərlidi. Onlardan birinin adı da Ruslandı. Adaş olmağımız bir yana, Ruslan nədənsə daha çox doğma gəlirdi mənə. Necə ki, Əli ilə məni doğmalaşdıran oxşar cəhətlərimiz vardı. Saz, şeir və muğam. Əli şirin səsi ilə muğam oxuyanda məndə arada şeir deyirdim. Tək bir əsgiyimiz vardı- saz! Sonradan məlum olduki Ruslanı bizə doğmalaşdıran əslində elə bizim axtardığımız üçüncü boşluqdu. O heç bir musiqi təhsili olmadan elə saz havaları ifa edirdi ki, heyrətlənməmək mümkün deyildi. Bu sıradan bir vərdiş deyildi, bu əsil vergi, əsil istedad idi. Artıq təməli sağlam dostluqla atılmış “piramida” tamamlanmışdı. Ruslan bizdən bir sinif yuxarıda-on birincisinifdə oxuyurdu. Hər tənəfüsdə, hər boşluqda bir araya gəlirdik. Zaman geçdikcə məktəbdən kənar görüşlərimiz çoxalır, piramidanın ətrafına saz-söz həvəskarları yığışırdı. Beləcə bir il tamam oldu. Ruslan universitetə daxil oldu. İkinci sevindirici hal bu idiki o, Mingəçevirdəki universitetə qəbul olmuşdu. Biz yenə bir aradaydıq...
2012-ci ildə biz də universitetə qəbul olduq. Əli Bakıya, mən Gənciyə yola düşdük. Amma yenədə piramida elə piramida olaraq qaldı. Ətrafımızdakı dost-tanışlarımız Ruslanları ayırd etmək üçün soy adlarımızdan istifadə edirdilər. Ona Şahuseyov mənə Ələkbərov deyə müraciət edirdilər. İllər keçdi, Ruslanın artıq əsgər Şahuseynov olma vaxtı çatdı. Mingəçevirdəki evlərində qurulan məclisdə yaxın dostların hamısı onun başına yığılmışdı. Hər kəs dağılışandan sonra üçümüz yaxınlıqdakı kafelərin birinə gedib söhbətləşdik. Belə hallarda insan ailəsinə deyə bilmədiyi bəzi sözləri dostlarıyla bölüşür. Bir-birimizdən sirrimiz olmadığını bilsək də, yenədə ondan soruşduqki nəsə sözün olar, ürəyində biri olar bilmərik, de sən əsgərdə olanda sözün, məktubun olsa çatdıraq. Özü dinə bağlı, namazında olan biri idi. And içdiki sizdən gizli heçnə yoxdu. Gecə saat iki-üç radələri idi, sabah tez oyanıb yola düşəcəyi üçün yatıb dincəlsin deyə kafedən çıxdıq. Məqam çatdı sağollaşmağa. İxtiyarsız hər üçümüzün gözündən yaş gəldi. Bu sradan kövrəlmək deyildi, özümüzündə anlamadığı başqa bir hiss idi...
Bir il müddətində bir neçə dəfə görüşdük. Aprel döyüşlərində ön cəbhədə xidmət etdiyi üçün ailəsi qədər biz də narahatçılıq keçirdik. Döyüşlər sakitləşdi, o artıq evə dönüş yolunda ildi. Yaxın günlərdə gələcəyini bilsəkdə, dəqiq günün bilmirdik. Öyrənmək üçün Əliylə birlikdə atası Elxan dayıya zəng etdik. Əlinin üz mimikalarından anladımki Ruslan artıq evdədi. Biz zəng edəndə o təzə evə daxil olubmuş...
Səhər tezdən bir neçə yoldaşla Şəkinin Qaratorpaq kəndinə (1-ci Sovxoz) yola düşdük. Ruslanın valideyinləri hər zamanki kimi bizi öz övladları gəlmiş kimi qarşıladılar. Hər kəsə göz aydınlığı verib, masa arxasına keçdik. Kəndə gedən yol çox narahat olduğu üçün Ruslanla zarafat edib, birdə onun toyunda bura gələcəyimi dedim. Gülümsəyib, -hələ bu qapıya çox gəlib-gedəcəksən Ələkbərov -dedi. Bir az yenə zarafatlaşıb bizim yeməyimiz-suyumuz olan saz-söz məclisinə başladıq, Ruslanın nənəsi Göyçək nənə yenə kövrəldi, bu dəfə sanki, daha çox sevinc göz yaşları idi... Aradan günlər keçdi, Əlinin də, əsgərlik vaxtı gəlib çatdı. Mən beş illik təhsil aldığım üçün mənə hərbi xidmətə çağırış gəlməmişdi. Əlini hərbi xidmətə yola saldıq. And içmə günü onun yanından şəhərə qayıdanda üçümüzün daim oturduğumuz çay bağçasına getdik. Ruslanla gələcək barədə, ailə qurmaq barədə söhbət edəndə tez-tez, - İnşə Allah, qismət olarsa- deyirdi. Yarı zarafat yarı ciddi evlənmək barədə düşündüyünü, təzə səs tənzimləyicilər yerləşdirdiyi sazıyla qismət olarsa çox işlər görəcəyini deyirdi. Bəs diplomun necə olacaq deyəndə, mənim əsas diplomum sazdı deyirdi. Dinə bağlı birinin belə danışması normal idi. Heç özü də bilməzdi ki, bu sözləri əbəs yerə dilinə gətirmir. Qismət olmayacağını özü hiss etməsədə ürəyinə dolmuşdu.
Sonuncu dəfə əlaqə saxlayıb şəhərə nə vaxt gələcəyini soranda, - biraz xəstələndiyini, buna görə müalicə olunduğunu, müalicə bitən kimi gələcəyini dedi. Aradan 2-3 gün keçmişdi, bir axşam xalası oğlu, həm də dostumuz Mustafa ilə zəngləşib görüşdük. Ruslanın xəstə olduğunu deyəndə təəcüblənmədim, çünki bunu bilirdim. Bilmədiyim isə onun dünən gecə Bakıya aparıldığı və komada olduğu idi. Bunu eşidəndə piramidaya qüvvətli bir zərbə dəydiyini his etdim. Altı illik sağlam daşlar tərpənməyə başlamışdı. Elxan dayı ilə əlaqə saxlayıb Ruslanın səhəti ilə maraqlananda onun ümidsiz səsi məni daha çox sarsıtdı. Sabahısı gün xoş bir xəbər eşitmək üçün yenə tez-tez əlaqə saxlayırdım. Həmin gün axşama doğru Mustafa ilə görüşüb, sabah Bakıya getmək üçün məsləhətləşdik. Evə çatanda Əli olanları hiss edibmiş kimi mənimlə əlaqə saxladı və Ruslanın telefonuna zəng çatmadığını dedi. Ona heçnə demək istəmədim. Hər şeyin yaxşı olduğunu deyib, Ruslanın ayağa duracağı günü ümid edərək şad xəbəri verərəm deyə düşündüm. Çox keçməmişdi ki, Mustafa zəng edib, boğunluq və kədərli səslə eşitmək istəmədiyim, hətta ağlıma gətirmədiyim o xəbəri verdi. Piramidanın üç küncündən biri uçmuşdu. Uçuntunun parçaları onu tanıyan hər kəsə dəyib, onları dərindən üzmüşdü. Ağlımda tək bir sual vardı. Mən Əliyə nə deyəcəm?..
Ruslanın evlərində mənə dediyi söz yadıma düşdü, “ hələ bu qapıya çox gəlib gedəcəksən Ələkbərov”... Ruslan dediyini elədi. Məni o qapıya çox aparıb-gətirdi. Yaxın günlərdə göz aydınlığı vermək üçün gəldiyim ocağa bu gün baş sağlığı vermək üçün gəlmişdim. Bunun ağrı-acısını sözlə ifadə etmək çətindir. O ah-nalənin içində bir nəfərin səsini uzaqda olsa da daha aydın eşitdim. Bu Göyçək nənənin səsi idi. “Hara gedirsən ay bala? Hələ Əli gələcək, Ruslan gələcək, dostların gələcək”... Mən arxada olduğum üçün məni görmürdü. Yaxınlaşaraq yanında diz üstə çöküb, -burdayam, gəlmişik- dedim. O an ilk dəfə idi ki, kədərin sevincini görürdüm. Bəli, kədərin sevinci vardı bu baxışlarda. Dəfin olunmazdan qabaq nəvəsinin dostlarını görüb sevinirdi Göyçək nənə...
Bu günə kimi çox yaxınlarımın dəfnində olmuşam, amma ilk dəfə idi ki, yaxınımın cismini öz əlimlə örtüb bir məzara həbs edirdim. O an kədərin ən zirvəsində dayanmışdım. Bu günə kimi Ruslanın ifasında qulaq asıb xoşhal olduğumuz sazın səsi, bu gündə eşidilirdi. İfa elə öz ifası idi, ancaq saz onun sinəsindən yox, ömürlük həbs olunduğu telefondan səslənirdi. Saza bağlı yaşayan oğlunu Elxan dayı elə sazla yola salmaq istədi. Bəlkədə dini baxımda bu düzgün deyildi, amma mənə görə bu ən böyük səvab idi.
Üç mərasimində digər dostumuz Samirin yanından bir az kənarlaşanda Ruslanın qohumlarından birinin azyaşlı bir qızı yaxınlaşıb:
-Salam Ruslan qaqa- dedi.
-Salam.
-Bəs Əli qaqa hanı, niyə gəlməyib?
- Əli Əsgərlikdədi, xəbəri yoxdu.
- Əsgərlikdədi?!. Tək qaldın indi sən?
... Elə bildim yer ayağımın altından çəkildi, dünya başıma fırlandı. Bu balaca uşaq belə üçümüzün necə bağlı olduğunu və bu gün mənim mənəvi təkliyimi anlamışdı. Anlamışdı və bunu mənə istəməsəmdə xatırlatmışdı. Dəfin günü anası Nəcibə xala məni çağırıb göz yaşları içində,- “Ruslan adı mənə şirindi, Allaha ağır getməsin mənim oğlum ol, bu gündən Sənanın qardaşı sən ol. Valideynlərin inciməsin mənim oğlum ol... oğlum ol...” – demişdi. Bu sözlərin acısını, ağrısını unutmamış bu gündə bu qız belə dedi. Bütün gücüm-güvvətim, taqətim, dözümüm tükənmişdi o an.
Əvvəllər gələndə narahatlığından şikayət etdiyim kənd yolu, indi mənə çox rahat görünürdü. Çünki bu yollar məni dostumla görüşdürür, daha çox doğmalaşırdı. Növbəti dəfə ora gedəndə məndən məzar daşına həkk olunması üçün ürək sözlərimi istədilər. Təbiiki bu şeirlə olmalı idi. Yeddi gün yoxluğunu qəbul edə bilmədiyim dostumun məzar daaşına yazılacaq sözü necə yazacaqdım? Dostumun yoxluğunu necə qələmə alacaqdım?..Onun yoxluğunu hələdə qəbul etməsəmdə bu şeir yazılmalıydı. Yazdım və cavabını ala bilməyəcəyim sualları ona ünvanladım.

Nə yatmısan, qalx ayağa görüşək,
İllər yorğunu tək yatırsan Ruslan!
Ürəyində qalan arzu-kamına,
İndi məzardamı çatırsan Ruslan?

Analar, bacılar saçını yoldu,
Ürəklər alışdı, gözlərsə doldu.
Ömür çiçəklərin vədəsiz soldu,
Bizi torpağamı satırsan Ruslan?

Səsi eşidilmir çaldığın sazın,
Adını bilmədik sevdiyin qızın.
Demək belə imiş, talehin-yazın,
Dərdi dərd üstünə qatırsan Ruslan.

Şeiri yazandan sonra anladım ki, şeirin belə qısa olması və ürəyimdəki hisləri tam yaza bilməməyimin tək səbəbi var. Qaçmaq! Bəli mən onun yoxluğunu qəbul etməmək üçün şeirdən qaçdım. Kaş şeirdən qaçdığım kimi bütün olanlardan da, qaça bilsəydim...
Bizim dostluq piramidamız dağılsa da, cismən aramızda olmasan da, adın və ruhun heç vaxt bizdən ayrı olmayacaq adaş. Məkanın cənnət olsun.

 

 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
Ələkbərov Ruslan Çərkəz oğlu.07.07.1994. AYB Mingəçevir bölməsində gənclər üzrə sədr müavini, Jurnalist, Dizayner,
Əlaqə
Tel.:
0558425352-0508945691
E-mail:
ruslanelekberli1994@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0383 saniye