Küləklər şəhərimin Küçələrinə düşmüşəm. Planşetlə birlikdə. Amma nədənsə Dumandan başqa hər bir şeyin şəklini çəkə bildim. Rəsm olmasa da sizlərə Təsvir etməyə çalışacam Dumana bürünmüş küçələrimi.
Bakı keçmiş imicini dəyişməyə hazırlaşır. Həzin küləklərini Ağ örpəyə bürünmüş dumana dəyişir. Sanki küləklər qara şəhərimi öz qoynuna alıb götürəcək, Əvəzinə isə ağ səhifədən bəyaz dumana qərq olacaq. Duman nəyin Rəmzi olacaq bilmirəm, ancaq qara şəhərimin günahlarını külək yuyub apara bilmədi. Heç bizə də günahlarımızı təmizləmək yaraşmaz. Ağ örpəyə bürünüb, özümüzü saf və təmiz göstərməkdir işimiz. Günahlar köhnəlmir, sadəcə yenilənir. Hər səhər yeni bir əl çirklənir. Hər gün bir insan digərinin haqqına girir. Hər an, hər saniyə...
İndi başa düşürsünüz yenidən başlamaq üçün təmiz səhifə niyə lazım olur? Duman və səssiz yalan nə üçün lazım olur?!
Bizi yalansız, təmiz bir dünyada təsəvvür edin. İnsanlar necə şən və necə əlvan rəngə boyanmış geyimlər geyinmişlər. Heç kim heç kimi qınamır, yetimin malını yeyən yoxdur, hamı bir-birinə inanır, etibar edir. Gülüşlər səmimi və qəlbən olur. Ağacları kəsən və doğrayan yoxdur. Müharibə teror və qırğınlar olmur. Bizə yalnız yaşamaq qalır.
Nədənsə belə həyatı insanlar yalnız başqa adalarda təsəvvür edir. Hamı əlini üzüb və pessimizmə qapanıb. Xöşbəxtliyi də yaşamırıq, sadəcə təsəvvür edirik.
Dünyanı dəyişmək istəyən insanların da tək niyyəti qaçmaq, yaşadığı yeri tərk etməkdir. Ancaq insan əvvəlcə xəyalında canlandırıb, sonra yaşamaq istədiyi həyatı qurar. Bizə lazım olan cəhd etməkdir, insanların fikirləri mənasızdır. Bəlkə də bu fikirlər və başqalarını qınamaq olmasa daha gözəl yaşayarıq.
Elə bu fikirlərlə də yeni bir səhifədən başlamaq olmaz. Necə deyərlər dəftər eyni olduqdan sonra yeni vərəq yazmağın nə mənası. Yeni bir dəftər tutub öz həyatımızı qurmalıyıq.