Dünəndən bu günə Bakı memarlığı
Elnur Əzizov tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 23:31 31 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Qədim dövr

XIX əsrin sonundakı neft bumu Bakını dünyanın ən iri sənaye mərkəzləri sırasına çıxardı. 1901-ci ildə dünyada neftin yarısından çoxu Bakıda çıxarılırdı. Varlanmış yerli milyonçular – Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Ağabala Quliyev, İsabəy Hacınski və xarici neft sənayeçiləri, o cümlədən Nobellər, Rotşildlər və başqaları öz dəbdəbəli sarayları və villalarının tikintisinə xeyli vəsait xərcləyirdilər. Bakı milyonçularının sifarişi ilə Avropadan peşəkar memarlar dəvət olunurdu.

Müxtəlif vaxtlarda Bakıda məşhur memarlar – İ.V.Qoslavski, İ.K.Ploşko, E.Y.Skibinski, K.B.Skureviç, A.V.Eyxler, İ.V.Edel, N.Q.Bayev, A.V.Şusev və başqaları çalışmışlar. Müxtəlif üslublarda layihələndirilmiş möhtəşəm memarlıq əsərləri bu gün də qədim şəhəri bəzəməkdədir. Qeyd etmək lazımdır ki, tikinti üçün torpaq sahələrinin ayrılması, köhnəlmiş tikililərin sökülməsi, bilavasitə tikintinin özü şəhərin mərhələlərlə işlənən planlarının tələblərinə uyğun olaraq aparılırdı. 

Sovet dövrü

Sovetlər Birliyi adlanan imperiyanın tərkibinə daxil olduğu 1920-1991-ci illər ərzində müxtəlif təbəddülatlara məruz qalan Azərbaycan ədəbiyyatı və incəsənəti, o cümlədən onun memarlığı “sosializm realizmi” adlanan məlum ideologiyaya xidmət etməklə bərabər həm də inkişaf edirdi.

Ölkəmizin paytaxtı Bakının tarixinə nəzər salsaq, 1920-30-cu illərdə şəhərdə ilk fəhlə qəsəbələrinin peyda olmasını, neft mədənlərinin ərazisində yaşayış massivlərinin salındığını müşahidə edə bilərik. “Sosialist” şəhərsalmanın əsasları qoyulan həmin illərdə Bakının memarlıq üslubunda da müəyyən dəyişikliklər baş vermiş, memarlıqda dəbdə olan konstruktivizm və rasionalizm cərəyanları ilə yanaşı, bir sıra layihələrdə milli memarlığa əsaslanan “eklektika” və “bərpaçılıq” meylləri açıq hiss olunurdu.

Azərbaycan şəhərlərinin baş planlarının tərtib olunması, ilk memarlıq müsabiqələrinin keçirilməsi də məhz həmin dövrə təsadüf edir. Belə ki, uzun illər boyu Bakı şəhərinin memarlıq rəmzlərindən birinə çevrilmiş Hökumət Evinin layihələndirilməsi ilə bağlı keçirilmiş müsabiqədə memarlar Lev Rudnev və Vladimir Muns qalib elan olunurlar. Onların rəhbərliyi altında çalışan Moskva memarları Bakı şəhərinin Baş planının hazırlanması istiqamətində əməli tədbirlər həyata keçirirlər.

1930-50-ci illər əsasən iki böyük memarın – Azərbaycan milli memarlığının inkişafında əvəzsiz xidmətləri olan Sadıq Ələkbər oğlu Dadaşovun (1905-1946) və Mikayıl Ələsgər oğlu Hüseynovun (1905-1992) uğurlu yaradıcılıq axtarışları ilə bağlıdır.

S.Dadaşovun və M.Hüseynovun birgə layihələndirdiyi əsərlər sırasında klassik memarlıq üslubunda inşa edilmiş yaşayış və ictimai binalar vardır. Klassik memarlığı yaradıcılıq kredosuna, dəst-xəttinə çevirən memarlar milli memarlığımızda analoqu olmayan yüksək bədii dəyərə malik memarlıq örnəkləri yaratmağa müvəffəq olmuşlar.

Qeyd olunmalıdır ki, memarların yaradıcılığı mürəkkəb və çətin bir dövrə, yəni şəhərlərin və qəsəbələrin bədii-memarlıq simasına mənfi təsir göstərmiş SSRİ Nazirlər Sovetinin “Memarlıq layihələndirilməsində və inşaatda ifratçılığın aradan qaldırılması haqqında” 1955-ci il tarixli Qərarının qəbul olunduğu dövrə təsadüf etmişdir. Memarlığın inkişafına xələl gətirən bu başlıca amil onların da yaradıcılığına öz təsirini göstərmişdir. Bu məhdudiyyət memarlıq cəhətdən mühüm ərazilərdə tikintisi nəzərdə tutulan bir sıra ictimai binaların layihələndirilməsində müşahidə etmək olar.

Sonrakı illər, yəni 1960-80-ci illər iripanelli yaşayış evlərinin geniş miqyaslı tikintisi ilə səciyyələnir.

Birtipli layihələr seriyası ilə inşa edilən dar və narahat mənzilli iripanelli 9 mərtəbəli yaşayış binalarından ibarət mikrorayonların sayı artırdı. İnşaatçılar hətta iri panelləri tikinti meydançasına daşıyan avtonəqliyyatdan divar panellərini, həmçinin digər yığma dəmirbeton konstruksiyaları anbara deyil, qaldırıcı kranla birbaşa tikilən binanın istənilən mərtəbəsinə qaldıraraq tikinti prosesini sürətləndirirdilər (bu üsula “təkərlər üzərində inşaat” adı da verilmişdi).

Müstəqillik dövrü

Məlum olduğu kimi, Azərbaycan xalqının mübarizliyi, əzmi və çoxillik arzusu, həmçinin dövrün əlverişli geosiyasi şəraiti 1991-ci ilin oktyabr ayında ölkəmizin öz dövlət müstəqilliyinin bərpasını reallaşdırdı. Bir müddət sonra Azərbaycan Respublikası müstəqil dövlət statusu ilə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının bərabərhüquqlu üzvü oldu.

Keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq ölkədə ümumi inkişafın, o cümlədən şəhərsalmanın tempi və həcmi artır, müasir çoxmərtəbəli yaşayış evləri tikilir, ictimai binalar yenidən qurulur, avtomobil yolları, müasir körpülər, idman qurğuları, otellər və sair müxtəlif təyinatlı obyektlər istismara verilir.

Müstəqilliyin bərpa edilməsindən ötən 20 il (1991-2010) ərzində respublika iqtisadiyyatına 70 milyarda yaxın yatırım qoyulmuşdur.

Ötən illərdə aşağıdakı sənaye obyektləri istismara verilmişdir: Bakı şəhərində neft emalı zavodu; armatur istehzalı zavodu; “Qurtuluş” qazma qurğusu; Bakı-Dübəndi neft kəməri; Sumqayıt şəhərində “Sintetik kauçuk” istehsalat birliyində katalitik krekinq və propilen istehsalı qurğuları; “Buxar generator kompleksi”; Şimal DRES-də buöar qazturbin elektrik stansiyası; Səngəçal terminalında 4 rezervuar; Şamaxı şəhərində televizorlar istehsal edən zavod; Lənkəran şəhərində trikotaj fabriki və xeyli sayda digər obyektlər.

2010-cu ildə Sumqayıt texnoparkının nəhəng tikinti-quraşdırma işləri aparılan müəyyən hissəsi istismara verilmişdir.Sumqayıtın müasir sənaye şəhəri olması üçün bu texnoparkın əhəmiyyəti böyükdür.

Balaxanı qəsəbəsində məişət tullantılarının utilizasiyası üzrə yeni zavodun, Bakı şəhərinin ekoloji vəziyyətini xeyli dərəcədə yaxşılaşdıracaq bu müəssisəyə təx minən 400 milyon dollar yatırım qoyulacaqdır.

Sosial obyektlərin tikintisi: müstəqillik dövründə (1991-2010) bütün maliyyə mənbələri üzrə ümumi sahəsi 23 mln.kv.m. artıq olan mənzil inşa edilmişdir. 2000-ci ildən başlayaraq respublikada, xüsusilə də Bakı şəhərində çoxmərtəbəli monolit dəmirbeton yaşayış və mülki binalar tikintisi geniş vüsət almışdır. Həmin obyektlərin inşasının çox hissəsi özəl sektorun payına düşür.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+27=
Hesaba giriş
Müəllif

Elnur Əzizov
Haqqında

Əlaqə
E-mail:
elnurazizov90@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0437 saniye