Qaranlıq dumanlar aralandıqca
görünür möhtəşəm xarabalıqlar.
Hər yer darmadağın, məhv olub getmiş,
insanlar da eləcə.
Tikanlı məftillərə sarılmış kiçik əllər
böyük gözlərdəki hayqırtılarla
Bu sindroma ad axtarırlar.
Onların günahı nə idi?
Artıq yetimdirlər,
ac-yalavacdırlar.
Yemək istəyirlər
isti və dadlı.
Yatmaq istəyirlər
yumşaq bir yerdə.
Artıq neçə gündür ki,
arzuları reallaşmır.
Bir-birlərinə sarılmaqdan başqa
heç nə gəlmir əllərindən.
Bir də qadınlar var,
qorxurlar yad adamlardan.
Budur, birisi addımlayır
iyrənc gülüşlərlə,
“öldürür” qadını, içindəkini.
Qaliblər məğlublarla əylənirlər
Ki, kabuslar qeyd etsin yaddaşlarına.
Şikəst qoca “yardım!” deyə səslənir,
Heç kimsə eşitmir, eşidə bilmir.
Burada vicdan yoxdur.
Yaradıcı kimsə, rəssam ya şair,
bilməyir nə etsin, necə yaratsın.
Soyuq qanunlardan qan iyi gəlir,
Az sonra yaşamaq ölü olacaq.
Ümid, inam, sevgi, dostluq
dünyada var olan bütün yaxşılıqlar
“Əlvida!” deyərək tərk edəcəklər.
İnsanlarsız dünya
Bomboş qalacaq...