Dünya
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 13:24 28 iyun 2022 tarixində əlavə olunmuşdur

Bu dünya nə qədər böyükdür bəyəm,
Yolumuz bir yerdə kəsişməsin heç?!
Səni ilk andığım yerdə gözləyəm,
Sən də o məqamda düz önümdən keç

Bu dünya bu qədər böyükmü, yəni,
Bunca yol, bunca iz varmasın sənə?!
Deməsin küləklər könlüm deyəni,
Bu səma, bu dəniz varmasın sənə?!

Bu dünya bu qədər böyük deyilmiş
Sən ki gözlərimdən axıb gedirsən
Xatirən də uzaq, sönük deyilmiş
Parlayıb, üzümə baxıb gedirsən

Bu dünya bu qədər böyük deyilsə,
Gün gəlib-dolanar, həsrətim bitər
Allahın önündə qəddim əyilsə,
Səcdəyə varınca vüsalın yetər

Bu dünya nə böyük, nə də kiçikmiş
Bu dünya hər qəlbin közü boydaymış
Əqlim dərk etməyə bunu gecikmiş
Dünya məhəbbətin özü boydaymış


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+6=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0217 saniye