“Dünyanı zənginləşdirən qadınlardır” - Cəmilə Məmmədli - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 00:42 15 noyabr 2015 tarixində əlavə olunmuşdur

Xoshbextqadin.az saytının layihəsi – "Dünyanı zənginləşdirən qadınlardır”

Lahiyəmizin növbəti qonağı, blogger, yazıçı, bir sıra uğurlara imza atmış Cəmilə Məmmədlidir.

1. Salam Cəmilə xanım! Biz, sizin fəaliyyətinizdən xəbərdarıq. İstəyirəm ki, Cəmilə Məmmədlini oxucularımız da yaxından tanısın.
- Cəmilə Məmmədli, 22 yaşında kitabları, heyvanları və antik mədəniyyətləri sevən, gülməyi bacaran, adi insandır.

2. Dünyanı zənginləşdirən qadınlardır, fikri ilə razısınız?
- Bir az hə, bir az yox... Qadına nə qədər dəyər yüklənirsə, bir o qədər də zəncir vurulur. Amma inanıram ki, bir gün bütün zəncirlərdən azad olmuş qadınlar, həqiqətən də dünyanı zənginləşdirəcək.

3. Cəmiyyətimizin, qadınlara qarşı ünsiyyətini, bir də sizin dilinizdən eşidək. Hansı məhdudiyyətlərlə qarşı-qarşıya dayanmısınız?
-Bir məhdudiyyətli qadın olaraq, çox da qadağalarla rastlaşmamışam. Bunun da səbəbi fiziki məhdudiyyətli olduğum üçün "qadın” hesab edilməməyimdir. Düşünürəm ki, elə bunun özü də cəmiyyətimizin qadına münasibətini təmsil edir: "Əgər, bizim istədiyimiz kimi deyilsənsə, qadın deyilsən".

4. Ağıllı insanlar fizioloji baxımdan dəyər verməzlər. Doğrudan mı, oxumuş, yazıçı bir xanım, cahil insanların fikirlərinə önəm verir?
- Cahil deməzdim, qəliblərdən qurtula bilməyən insanlar deyərdim. Yox, əksinə, bu baxış mənim olduqca işimə yarayır. Hətta bu sayədə bir çox yanlış düşüncənin beynimə yeridilməsindən qurtulduğum üçün sevinirəm. Müsbət tərəfindən baxmaq lazımdır.

5. Yazılarınızdan, yazdığınız hekayələrdən, sosial şəbəkələrdəki status və fikirlərinizdən , daha çox pozitiv insan xarakteri bağışlayırsınız. Pozitivə köklənmək üçün həyat tərzinizi necə qurursunuz?
- Əslində, olduqca realist insanam. Bu səbəbdən hər bir hadisənin mənfi tərəfindən əlavə, birdə müsbət tərəfini dərk etməyə çalışıram. Pozitivliyə köklənmək üçün və əhvalımın yüksəlməsi üçün, mütləq gün ərzində gülməli Anime (yapon cizgi filmi) və ya film izləyirəm. Uşaqlarla və ev heyvanlarımla vaxt keçirirəm, rəsm çəkirəm və yersiz mübahisələrdən maksimum çəkinməyə çalışıram.
Bir sözlə , özümə vaxt ayırıram.

6. Bildiyim qədəri ilə, həm də mükəmməl oxucusunuz. Həyatınıza təsir edən əsər olub mu?
- Hə, kitab oxumağı çox sevirəm. Bu artıq , mənim üçün hobbi deyil. Ehtiyacdır. Bir neçə əsər olub ki, onlar həyata baxışımı dəyişdirib, məni yetkinləşdiribl. İlk dəfə 8 yaşımda, sonralar da dəfələrlə oxuduğum "Çalıquşu”, "Danabaş kəndin əhvalatları”, "Dəli Kür”, "Yalquzaq”, "Vadidəki Zanbaq”, "Ətriyyatçı” və "Dirilmə”. Ən çox sevdiyim yazarlar isə Cəlil Məmmədquluzadə və Onore de Balzakdır.

7. Düşüncəni zənginləşdirmək üçün hansı əsərləri oxumağımızı məsləhət görürsünüz?
- Bir az gülməli olacaq, amma mən nağılları məsləhət bilirəm. Məncə, insanlar ən birinci düşünməyi öyrənməli, öz fikri, fəlsəfəsi və doğruları olandan sonra istənilən əsərdən özünə lazım olanları çəkib, çıxara bilər. Odur ki, oxumağa ən bəsitindən, ən kiçiyindən başlamaq lazımdır. Həmçinin dünyanın müxtəlif yerlərindəki düşüncə tərzlərini tanımaq üçün həmin xalqların folklor nümunələrini oxumaq gərəkdiyini düşünürəm. Bu, insanı daha açıq fikirli edir.

8. Azərbaycanda müasir yazıçılar var mı? Kimi, gələcəyi olan yazıçı kimi görürsünüz?
- Düzünü desəm, müasir yazıçıları bir o qədər də tanımıram. Lakin, məncə, kifayət qədər tanınmağa başlayan gənc yazıçılarımız var. Nə deyim, layiq olduqları yerə gəlmələrini ümid edirəm. Ədəbiyyatımızın buna ehtiyacı var.

9. Müasir yazıçılarımızı oxumamağa sövq edən amil nədir? Yazıların zəifliyi yoxsa etibar etməmək?
- Şəxsən, məni məcbur edən, məsələn, yaşadığım rayonda əsərlərinin olmamasıdır. Cəmiyyətdə isə...
Ədəbiyyatımız 20 il idi ki, çox durğun idi. İnsanlar kitab oxumağı unutmuşdular və yeni yazarlar gəlmirdi. Bu an isə sevindirici haldır ki, insanlar, xüsusi ilə də, gənclər kitaba meyl salıblar. Yüzlərlə xarici yazarlar tərcümə edilib nəşr olunur, internet portallarında minlərlə e-kitab tapıb oxumaq olur. Bu bolluğun içindən sıyrılıb, oxucu kütləsi yığmaq üçün müasir yazıçılar, daha çox çalışmağa, daha keyfiyyətli əsərlər yazmağa məcburdurlar. Ona görə də, hər ikisini amil hesab edirəm.

10. Bizim rubrikaya münasibətiniz? Bəyəndiyiniz sual hansı idi? Və sonda tövsiyyələrinizi alaq.
- Maraqlıdır. Uğur əldə etmiş xanımları tanıtmaq, çox gözəl hərəkətdir. Sizi izləməyə davam edəcəyəm. 3-cü sualınızı bəyəndim.
Tövsiyədən də çox xahişdir. Uğur əldə etmiş qadınları tanıtmağa davam edin ki, stimul olsun.

- Gözəl və səmimi söhbətiniz üçün təşəkkür edirəm. Qələminizlə var olasınız!
- Mən təşəkkür edirəm, xoş idi.

Söhbətləşdi: Elməddin Rahiboğlu

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+27=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0222 saniye