“Dünyanı zənginləşdirən qadınlardır” - Günel Fərhadqızı - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 01:08 15 noyabr 2015 tarixində əlavə olunmuşdur

Xoshbextqadin.az saytının yeni layihəsi – "Dünyanı zənginləşdirən qadınlardır”

İlk müsahibimiz, Mediada köşə yazarı, risk meneceri, toplumda söz sahibi olan xanımlardan biri Günel Fərhadqızıdır.

1. Günel Fərhadqızı kimdir?
- Günel Fərhadqızı mənim üçün vətənpərvər, ziyalı, ali təhsilli bir ailənin övladıdır. Uşaq vaxtından mədəniyyətə, ictimai davranış qaydalarına fikir verməyə, kitab oxumağa, təhsil almağa və insanları, vətəni sevib, onlara xidmət etməyə öyrədilmiş insandır. Geni və ailəsinin təsiri ilə tərbiyəsinin formalaşdığı insandır. Nə istədiyini bilən, mübariz, əməksevər, inadkar, ambisioz, yenilikçi, təşkilatçı və işgüzar insandır, kənardan baxan insanlar üçün Günel, mənim üçün isə daim pozitiv, optimist olmalı, üzügülər, şən, zarafatcıl, səmimi, təmizqəlbli, həssas, fədakar, tez inciyən, kövrək insandır, bir az qapalı, bir az açıq. Öz doğru bildiyini edən, Qərarlarını özü verən və kimdənsə asılı olmaq istəyən insandır. Sevdiyi peşənin nümayəndəsi və risk, sərmayə meneceri, maliyyəçi və eyni zamanda, həssas və qorxmaz yazar, yaradıcı insandır. Ən əsası, mənim üçün Günel atasının qızı və fərdiləşərək eqoizmdən altruizmə doğru addımlayan insandır.
Bir qardaşım var, uşaqlıq illərimin bir hissəsi müharibə illərinə, 20 yanvar, Xocalı soyqırımına düşən insan olaraq, deyim ki, vətənimin, vətəndaşlarımızın çətin günlərini gördüyümdən bu azadlığın, demokratiyanın, tolerantlığın, dünyəviliyin dəyərini bilən insanam.
Bakı şəhərinin bir zaman seçilən orta məktəbi olan 132 saylı məktəbi bitirmişəm, aktiv və seçilən şagirdlərdən olmuşam.

2. Həyatınızı borclu olduğunuz dəyərlərə görə mi qurursunuz?
- Uşaq vaxtından mənə ailəm tərəfdən aşılanan insani keyfiyyət, milli mənəvi dəyərlər, vətənpərvərlik, təhsil alma, işləməyin zəruriliyi mənim şəxsiyyətimin bünövrəsi olmuşdur.
Mənim həyat dəyərlərim insanlıq, vətən, ailə tərbiyəsi, məni indiki Günel etdiyindən qorumalıyam və gələcək nəsillərə ötürməliyəm. Sağlam gələcəyimiz olması üçün onu maarifləndirəcək, onu yönləndirəcək insan da sağlam olmalıdır.

3. Cəmiyyətdəki narazı hallarınızı yazılarınızdan görmüşük. Razı qadığınız nüanslar var mı?
- Bilirsiniz, uşaq idim, yaxşı yadımdadır indiyədək, atamın ev növbəsi vardı, o vaxtlar müharibə illəri oldu, qaçqın və məcburi köçkünlərimiz evlərini tərk edib gəlməli oldular Bakıya, atam ev növbəsindən çıxdı, imtina etdi, xalqını dar gündə görən atam dedi: Onların evləri yoxdur, mənim evim olacaq və olmalıdır? Qoy öncə onların ev problemi olsun. Müharibə illərində atam ön cəbhəyə döyüşməyə yazılmışdı, həm də vəzifədə olan dövlət qulluqçusu idi, 20 Yanvar hadisələrində belə atamı itirə bilərdim, atadan yetim qala bilərdim. Narazılığım ondandır ki, azadlığımız üçün mübarizəni ona görə apardılar ki, indiki cəmiyyət belə naşükür olsun və korlansın? Razı qaldığım tərəflər çoxdur, yaxşı insanların hələ də olması, regional-coğrafi mövqeyimiz, milli sərvətlərimiz, sağlam düşüncəli gənclərimizin olması, işləyən və əməksevər insan üçün hər bir şəraitin olmasıdır. Ən əsası, təbiətimiz, rayonlarımız, vətənimin gözəllikləri və inkişaf etməsi və beynəlxalq səviyyədə özünü tanıda bilməsidir.

4. Qınağa meyillisiniz? Qınayansınız?
- Qınamağı sevmirəm, qınamıram, qınayanlardan deyiləm. Bu həyatda heç bir insan heç nədən sığortalanmayıb, bəlkə, eyni vəziyyətə mən də düşəcəyəm, o zaman mənim nə edəcəyim bəlli ola bilməz. Bəlkə, mən də onun kimi etdim, bəlkə də fərqli addım atdım. Qınamamışdan öncə özünü, qınadığın insanın yerinə qoymaq lazımdır. Onun yerində olsaydın, sən nə edərdin, cavabın əksdirsə, baxmaq olar fərd və situasiyaya, məkan və zamana. İctimai qınağın əleyhinəyəm. Qınamaq olar düşməni....

5. Layihəmizin adı "Dünyanı zənginləşdirən qadınlardır". İlk müsahib olmağınız necə hissdir? Dünyanız zəngindir mi?
- İlk olmaq həmişə bir az çətin olur, olke.az saytında çıxan ilk qalmaqallı yazım belə birmənalı qarşılanmamışdır. Ona görə ilk olmaqdan qorxmuram, çünki gördüyüm çox işdə ilk olmuşam, ilk olmağın yükü ağırdı, məsuliyyəti də böyükdür. Amma əgər ilk işin uğurludursa, deməli sən yol açırsan, şans verirsən digərlərinə, özünə inam yaradırsan, ilk olmaq, əslində, cəsarət və inadkarlıq, dönməzlik və mübariz olmağı tələb edir, öz dünyamı tam bitmiş və zəngin hesab etmirəm, çünki hər zaman özümə tənqidi yanaşmışam, özümü təhlil və müşahidə etmişəm. Özümdən narazı qaldığım çox cəhətim var. İnsan tam zəngin o zaman ola bilər ki, tam müdrikdir, ətrafdakıları da müdrik edə bilib və müdrik insan kimi ölməyib...
İlk müsahib olmaq da, bir az çətin və məsuliyyətli işdir, sualların nə olacağını bilmirsən, cavabların necə qəbul ediləcəyini, insanların səni düz anlayıb, anlamayacaqlarını tam anlamaq olmur... Fərqli insanlar və fikirlər var deyə...
Özünüzün məxsus olduğunuz mövqedəsiniz, yoxsa kiminsə sizi görmək istədiyi mövgqedə?
Mən hər zaman təbiilik və səmimilik tərəfdarı olmuşam, öz fikrim və mövqeyim olmuşdur, bəlkə azsaylı insanlardanam ki, ona cəmiyyət və başqa insanlar təsir edə bilməmişdir. Valideynlərim həmişə deyərdilər, bir dəfə də başqalarının sözünü dinlə, başqalarının mövqeyini seç.
Mənim hər zaman özümə görə haqlı mövqeyim olmuşdur və sonadək haqlı bildiyimin arxasında dayanıram.
Seçimlərimi özüm etdiyimdən, qərarları özüm verdiyimdən öz seçdiyim mövqedəyəm...
Ailəm məni hüquqşünas görmək istəyirdi, jurnalistika və mediada köşə yazarı fəaliyyətimin əleyhinə idilər...

6. Bildiyim qədəri ilə tolerantsınız. Karnegiyə görə, qadınlar ümumilikdə cənnətdirlər. Bəs sizcə, cənnətsiniz mi?
Mən özümü cənnət hiss etmirəm... İçimdə od, alov, qasırğalar olur... Yaradıcı insan olsam da, tənqidi düşüncələrim, ziddiyyətlərim olur... Bunlar olan yerdə cənnətdən söhbət gedə bilməz... Cənnət olmaq istəməzdim, çünki hər şey mənim üçün adi, maraqsız və eyni olardı... Hər gün eyni mənzərə, eyni insanlar... Ona görə cənnəti seçmərəm... İnsan olum, yetər mənə... Övladım üçün bəlkə də cənnətəm... Çünki anayam...
Özüm üçün öz dünyamda cəhənnəməm.

7. Bu cəmiyyətdə qadın olmaq ağırdır mı?
- Çətindir, asan deyil, çünki hələ də köhnə fikirlərlə qadına yuxarıdan aşağı baxan insanlar, qadına kölə kimi yanaşan, qadını susdurmaq istəyən insanlar var... Onlar çoxluq olsa da, mənim kimi qadınlar onlara azlıq olaraq tabe olmaq istəmirik və olmarıq da... Bu, feminizm deyil.

8. Düşündüyümdən də, maraqlı müsahibsiniz...
- Təşəkkürlər. Amma heç də maraqlı olmağa deyil, səmimi və qeyri-rəsmi olmağa çalışıram.

9. Özünüzdə, dünyanı xilas edəcək gücü fizioloji olaraq görürsünüz, yoxsa psixoloji?
- İnsanların imkanları məhdudiyyətsizdir, insan istəsə, xilas etməyi, edə bilər... İnsan psixoloji cəhətdən hazır olanda, fiziki baxımdan da hazır olur. Çünki beyin idarəedici qüvvədir.

10. Xüsusi bəyəndiyiniz sual hansı idi? Və oxucularımıza tövsiyyələriniz…
- Sualların hamısı önəmli və maarifləndirici, maraqlı olduğundan xüsusi seçim etmirəm... Diskriminasiya etməyi sevmirəm və əməyinizi yüksək qiymətləndirirəm.
Oxucularımıza tövsiyyəm isə özləri olduqları kimi görünsünlər, göründükləri kimi olsunlar.
Cinsindən, dinindən, dilindən, irqindən, yaşından, sosial statusundan asılı olmayaraq, əsl insan olsunlar və mənəvi dəyərlərimizi, insani keyfiyyətlərimizi üstün tutsunlar, mənfi istiqamətə dəyişməsinlər.
Pozitiv olsunlar, müsbət hiss və emosiyalar, seçimlərlə yaşasınlar... İnsanların yolunda işıq olsunlar, qaranlıq yox!
Sonda, öz dərin minnətdarlığımı bildirirəm. Müsahibə üçün, səmimliyiniz üçün, maraqlı yanaşma və suallarınız üçün... Sizə də arzum budur ki, yazmağa davam edin, yaradıcılığınızı izləyirəm və bəyənirəm, yüksək qiymətləndirirəm.

Təşəkkür edirəm!
- Təşəkkür edirəm!

Söhbətləşdi: Elməddin Rahiboğlu


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+35=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0249 saniye