Dünyanın mərkəzinə doğru
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 12:38 14 avqust 2020 tarixində əlavə olunmuşdur

Bir ömür sənlə bu kiçik şəhərdə
təsadüfən üz-üzə gəlmirik deyə
bəxtimə qarğış edirəm...
Bizim yollarımız o qədər tərs ki,
mən hələ də binanıza doğru gedəndə,
sanki, bütün dünyaya qarşı gedirəm...

Yaxınlaşır yenə mənim gərgin ərəfəm,
payıza doğru canlanar xatirələrim,
saralar yarpaqları köklü ağacların
susqun güclü ataların
zəif insanpərvər övladları kimi...

Əlbət ki, yenidən çiçəklənəcək
qurumağa üz tutan zərif budaqlar,
bir az səbr gərək, bir qədər zaman,
lakin sevgini gücə qurban verdinsə,
qurtarmaz səni nə dilindəki dualar,
nə də ki tanrının keçmiş inayəti,
hər keçən gün yeni bir şey öyrənirsən həyatdan:
zamanı sevgisiz keçirməkmiş
ən böyük vicdan cinayəti...

İslah olmaq naminə girdiyim bu döyüşdən
geri dönə bilmərəm...
Savaşım müqəddəs, hədəfim ülvi:
gözlərini fəth etməliyəm,
izlə məni...
Son əzabları yaşayıram gülüş içində
məni öldürməyən şeylər yığılıb qalaq-qalaq,
az qalıb,
artıq toparlanacaq qoca yalquzaq,
gözlə məni...
Bir əlimdə sənə həsr etdiyim bir neçə kitab,
hələ açılmamış heç bircə səhifəsi də,
bir əlimdə isə üçrəngli bayraq,
binanızın önündə yaylım atəşi açılacaq
və sizin binanız olacaq
dünyanın mərkəzi də...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+22=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.037 saniye