DÜŞÜN MƏNİ
Gözlərini düşünürəm
Səni hər özləyəndə...
Çünki yalnız onlar
Daxilinə bir açardır...
Səni çox özləyirəm
Hər sənsizliyimdə...
Sənsiz olmağı heç arzulamam.
Amma nə edək ki, arzular,
Bir də reallıq vardır...
Heç nə edə bilməsən də
Düşün məni...
İstəklərim böyük deyil.
Xeyir. Əsla elə düşünmə.
Arzularım heç çox deyil.
Məni sadəcə
Anlamağa çalış.
Düşün məni və bil ki,
Həyat sənsiz çox uzundur,
Sıxıcıdır qarış-qarış...
Heç bir şey etmə!
Sadəcə
Düşün məni...
Qırma ürəyimi nə olar.
Demirəm ki, yanımda ol
Hər zaman:
İstəyəndə, çağıranda...
Deyirəm ki,
Qarışma
Sevgimə, arzuma,
Səni özləməyimə.
Sadəcə məni anla...
Düşün məni...
Düşün ki, biləsən,
Görəsən, sənsiz necə
Boğur məni, sıxır məni,
Lap elə öldürür
Qəddar həyatın özü...
Yox.
Bəlkə də həyat deyil qəddar olan.
Sadəcə taledir, qədərdir, yazıdır...
Bəlkə də...
Çox ağrıdır
Sənsiz olan hər şey...
Düşün məni...
Əlimdən nə gəlir ki,
Səni düşünməkdən,
Bir də həzin musiqilərə
Qulaq asmaqdan başqa...
Nə gəlir bilmirəm.
Amma bildiyim bir tək şey var:
O da gözəl olduğun qədər
Çirkindir, iticidir
Sənsizlik...
Varlığın o qədər möhtəşəmdir ki,
Sənsiz olanda belə
Arzunla yaşayıram.
Xəyalınsa elə hey deyir:
Düşün məni...
Mən qələmi sınmış,
Kağızı bükülmüş
Bir şairəm.
İşim-gücüm ancaq
İçində “sən” olan misralar yazmaq,
Bir də sənin xəyalın...
Yazmaq, yazmaq, yenə də yazmaq
Olub nəsibim ancaq...
Sən söylə,
Mən nə edim?!
Durmadan səni düşünüm,
Yoxsa barışım
Həyatla, sənsizliklə?!...
Yox. Alınmaz vallah...
Özün anla. Özün gör...
Qoy daha bir şey deməyim.
Sadəcə
Düşün məni...
Bəlkə düşünsən,
Məni də görəcəksən.
Biləcəksən
Eşqi, sənsizlik özləmini...
Hə, bir də arzuları
Şipşirin, bulud kimi,
Yağış kimi gözəl, özəl
Duyğuları...
Ona görə deyirəm,
İstəyirəm...
Düşün məni...
Düşünsən biləcəksən...
Görəcəksən
Tək gerçəyi.
Bəli. Əslində var olan
Tək özəli, yəni səni...
Düşün məni...
Düşün məni...
Elşən İsmayıl
Yazar və Rejissor
02.09.2017