Düşüncələr –
ruhumuzdan qopub gələn üsyan səsi,
yalnızlığın qəm nəğməsi.
Düşüncələr aydınladar qaranlığı,
Düşüncələr yad eyləyər tənhalığı.
Düşüncəylə ölçülməkdə ruhun yaşı,
Düşüncədir, cismimizdə məzar daşı.
Ruh qocalar,
dərinləşər düşüncələr,
Dərd-kədərdə pünhan olub,
kəskinləşər düşüncələr.
Düşüncəylə bəyan olar,
insanlığın meyarı da
Düşüncələr təsir edər,
dəyişdirər zamanı da.
Düşüncədə nə sərhəd var,
nə də zaman anlayışı,
Düşüncənin nə yurdu var,
nə də məkan anlayışı.
Sahibsizdir düşüncələr,
gah mənimlə, gah səninlə
Ya sevinclə geri dönər,
ya müqəssir,
ya da qəmlə.
Düşüncənin dili də var,
sözü də var,
düşün, insan,
Ruh usanar,
insan susar,
düşüncə susmaz heç zaman.