Hələ də unuda bilmədin deyilmi? Səbəbini soruşdunmu tənha qaldığında özündən? Bir cavab – bir çarə tapa bildinmi heç? Çarəsizliyin nə demək olduğunu anladınmı? Ağlın acizliyini gördünmü? Heç bir şey mümkün olmadı deyilmi? Çünki sən...
İnkar etdin daima – sevmədim – deyə, amma dilin söyləyənləri qəlbin qəbul etmədi. Qəlbin hər zaman onu istədi. Bir az qorxu, bir az təlaş, bir az da sevinc hissi ilə yaşatdı daxilində.
Bəs gözlərin? Bacara bildinmi gözlərinlə sən? Hər zaman, hər yerdə onu axtarmadımı? Gördüyü insanları ona bənzədib qəlbini həyəcanlandırmadımı? Ya əllərin, əllərin ona toxunmaq arzusu ilə yanmadımı? Xəyalın, xəyalın hər an onu canlandırmadımı? Ruhun onun qəlbinə, onun cisminə həbs olmadımı? Qəbul edirsən deyilmi? Sən tam ona aidsən. Səni sən edən də o.
Niyə qərarsızsan? Niyə bu dünyadan uzaqsan düşündünmü sən? Düşünə bilməzsən, çünki düşüncələrin də həbs olunmuşdur sevgində sənin...