Həbsxana. Zamanın ən çox duyulduğu yerdir bura. Bəlkə həbsxanalar həm də o yerlərdir ki, orda zamanla insan üz üzə qalır. Dörd soyuq divar arasında törətdikləri cinayət əməllərindən dolayı məhkumluq həyatı yaşayanların tamamilə ayrı dünyaları var. Hətta ən yaxınlarına belə açıqlamaq istəmirlər. Bura düşmək məzara diri-diri girmək kimidir.
Azadlıq dünyanın ən gözəl nemətidir. Təəssüf ki, bəzilərimiz bunu ancaq azadlığımızı itirib dəmir barmaqlıqlar arxasına düşəndən sonra anlayırıq. Amma onda hər şey çox gec olur. Məsələ yalnız azadlığı əldən verməkdən getmir. Həbsxanadakı çətinliklər, məhrumiyyətlər, özünün və doğmalarının sənə görə itirdikləri zaman, habelə dəmir barmaqlıqlar arxasından xilas olduqdan sonra sənin cəmiyyətə adaptasiyan...
Həbsxananın giriş qapısında gözləyən müxtəlif yaş kateqoriyalarından olan insanlar öz məhkum yaxınları ilə təşkil olunacaq görüşləri gözləyirlər. Kimisi həyəcanlanır, kimisi var-gəl edir, kimisi məyus olur, kimisi göz yaşlarını saxlaya bilmir. Onların heç biri əliboş gəlməmişdilər. Meyvə-tərəvəz gətirən kim, kitab-qəzet gətirən kim...
"N" saylı cəzaçəkmə müəssisənin dəmir zirehli qapısı hər dəfə açıldıqca görüşə gələnlərdə bitməz-tükənməz ümid yaranırdı. Hamı öz növbəsinin çatması ümidi ilə...
Müəssisədə fəaliyyət göstərən sexlərdə çalışmaqla məhbuslar öz həyatlarını qismən yüngülləşdirməyə çalışırlar. Onlar bu işlərlə məşğul olanda işıq sürəti ilə axıb keçən zamanı hiss etmirlər.
***
Səpələnən ulduzları saymaq olmurdu. Şəhər həmişəki kimi gecə geyimi ilə sözlə ifadə edilməz heyranlıq yaradırdı. Bir də bu tabloya müxtəlif aura qatan insanlar var. Kimisi sevgilisi, nişanlısı, həyta yoldaşı ilə əl-ələ, qol-qola gəzir, kimisi dost-tanışı ilə kafedə isti şokolad içir, kimisi 3-4 yaşlı uşağın qaçmasını izləyir, kimisi evə tələsir, kimisi...
Bütün bu gözəlliklərdən uzaq Tural dörd soyuq divar arasında gözlərini bomboş tavana zilləyrərək əlini alnına qoyub fikirlər aləminə qərq olmuşdu. 9 illik məhkumluq həyatı sabah bitirdi. O, buraya oğurluq üstündə düşmüşdü. Yetim bir məhəllə uşağı olan Tural 15 yaşında ikən zərgər mağazasını soyarkən yaxalanmışdı. Cəzasını çəkərkən zərgərlik sexində çalışaraq içindəki peşmançılığı az da olsa azaltmağa çalışırdı.
Ata-anası yox idi. Onu böyüdüb boya-başa çatdıran çəkməçi Mahmud dayı olmuşdu. O isə Turalın 11 yaşında ürək xəstəliyindən vəfat etmişdi artıq. Bir neçə dükanda satıcı işlədi, fəhlə oldu. Amma aldığı maaş onu qane etmirdi, evini isitmirdi, qarnını doydurmurdu. Hamısı işıq, qaz, suya gedirdi. Sonrası ilə bəllidir...
Tural tək idi. Tək və tənha. Digər məhkum yoldaşları görüşə hazırlaşarkən Tural səssizcə izləyici rolunu oynayırdı. Gözləri dolurdu, əlləri yumruqlanırdı. Əsir tutub saxladığı üsyan vardı içində. Hər gecə düşünməkdən yorulurdu, hər səhəri ümidsiz açmaqdan bezirdi. Amma əlindən heç nə gəlmirdi. Tale onunla qəddarcasına davranmışdı.
Budur, çiynində köhnə idman çantası ilə azadlığa qovuşdu. Hara getsin? Kimin qapısını döysün? Və bu kimi digər sualların yeganə cavabı: Heç kim! Bəli, olduqca qorxulu reallıqdır və heç kim bunu qəbul edə bilmir.
Tural məhəlləsinə ayaq basarkən "ölü" mənzərə ilə qarşılaşdı. Əvvəllər ilin 4 fəslində burada uşaqların oynaması, qocaların yığışması, qadınların məclisi, kişilərin nərd oynamaları, gənclərin gülüşmələri əskik olmazdı. Amma indi...Qış təzəcə qədəmlərini basırdı. Eynən Tural kimi. Ağır-ağır pilləkanları dırmaşıb 3 mərtəbədə ayaq saxladı. Əliini cibinə salıb açarı çıxartdı. Bir xeyli açara, sonra qapıya nəzər saldı.
Evindədir. Adətəv insanlar "İsti evim", "doğma evim" kimi sözlərdən istifadə edərlər. Amma bu sözlər Tural üçün keçərli deyildi. Hər tərəfi toz basmışdı, hörümçək torlarını açıq-aydın görmək olurdu. Bura ona yad idi. Sadəcə "yad" deyildi. Soyuqluq, laqeydlik hökm sürürdü. Və, ən əsası, bütün bunlarda məhz Turalı günahkar bilirdi bu ev. İlahi! Pıçıltılar getdikcə artır, açıq-aşkar eşidən sözlərə çevrilir, daha bərkdən səslənir. Tural əlləri ilə qulaqlarını qapadıb dizləri üstə çökdü. "YETƏR!!!"-deyə bağırmağa başladı göz yaşları içində...
***
Məscid mollası qarşısında Turalı görəndə təəccübləndi. Onun niyyətini öyrəndikdə fikirləşmək üçün möhlət istədi. Gecəni yatmadı. O, bu cavanın gözlərində sanki bir dünyanı görmüşdü.
Artıq Tural ölüyuyan kimi çalışırdı. Onu tanıyıb bilən hər kəs rişxəndlə deyirdi: "Buna bax e, ölüyuyan!"
***
Tural bir nəfərlə tanış olmuşdu. Adı Cavad idi. Əqli cəhətdən geri qalmasına baxmayaraq hər gün Turalla görüşüb hal-əhval tuturdu...