İki ilə yaxın olardı ki, “Qocalar Evi”ndə öz həyatına davam edirdi. Yaşı 85-i haqlamış Əbdül babanın bu məkana köçünün hekayəsi heç də digərlərindən fərqlənmirdi. Gəlini Mehriban onun uşaqsayağı davranışlarına yetərincə dözüm göstərdikdən sonra gücünün tükəndiyini görüb səsini yüksəltmişdi. Oğlu ilə gəlinin söhbətlərinə “qulaq misafiri” olduqdan sonra öz qərarını verərək yeganə övladı ilə yaşadığı evini həmişəlik tərk etmişdi. Nəvələri Vüsalə və Nilüfər sanki onun varlığını tamamilə yaddaşlarından silmişdilər. Əbdül baba bunu onların tələbə olmaları ilə bağlayaraq özünə təsəlli vermək istəsə də, gec də olsa gerçəyi qəbul etməkdən savayı çıxış yolunun qalmadığını anlamışdı. O-unudulmuş, atılmış bir qocadan savayı heç kim idi artıq. Həyat yoldaşını 5 il əvvəl itirmişdi.
Əbdül baba bu məkanda özünə bir dost tapmışdı. Kərim baba ilə dərdləşərək keçmişlərindən, o illərin xatirələrindən söhbətləşirdilər. Əbdül babanın qəlbi hər nə qədər incidilmiş olsa da, heç kimə pislik arzu etmidi. Oğlunun ailəsini qətiyyən qınamırdı. Sadəcə hər dəfəsində onları xatırladıqca gözləri dolurdu. Başını çəliyinə dayayıb səssizcə ağlayırdı. Çiyinlərinin atılıb düşməsindən bunu anlamamaq mümkun deyildi.
Kəim baba ilə su ilə od idilər əslində. Kərim babaya malik olan yaşı vermək olmazdı. Gümrahlığı ilə “Qocalar Evi”ndəki hər kəsdən fərqlənirdi. Hələ insanda yaşamaq həsədi yaradan təbəssümü isə başqa aləm idi. Onu tərk etmək bilməyən yalnızlıq dərdindən dolayı burada həyatını davam etdirirdi. Yetimxanada böyüyən, həyatın çətinlikləri ilə təkbaşına mübarizə aparan Kərim baba arxasınca edilən pıçhapıçları heç vecinə də almırdı. Hər səhər yaxınlıqdakı meydançada dövrə vurub qaçırdı.
Amma son zamanlar müşahidə olunan qəribəliklərə bir ad tapa bilmirdi Kərim baba. Əbdül babanın dərman qəbuluna bir söz demirdi, zira özü dərmanlara qarşı idi. Əbdül baba uzun müddət otaqdan çıxmırdı, heç kimlə söhbətləşmirdi, gözlərini boşluğa zilləyib susurdu. Kərim baba onunla danışıb dərdini aydınlaşdırmaq istəyəndə ağır-ağır addımlarla uzaqlaşırdı...
-Hə, Əbdül, danış görək!
Əbdül baba qəm dəryasına qərq olmuş halı ilə Kərim babanı eşitmirdi. Eyvanda çəliklə özünə dayaq verərək hara gəldi səpələnən ulduzlara baxırdı. Dərindən ah çəkərək qurumuş dodaqlarını islatdı. Başını silkələyərək gözlərini yumub açdı. Heç Kərim babaya nəzər yetirmədi. Sanki öz dünyasında idi.
-Hey, Əbdül, səninləyəm mən.
-Xatırlaya bilmirəm.
-Nəyi? Kimi?
-Bil...mi...rəm,-pıçıltı ilə dedi.
Kərim baba Əbdül babanın qarşısına keçdi.
-Sən yaxşısan, Əbdül qardaşım?
-Nə?-Əbdül baba Kərim babanı indicə görürmüş kimi göz bəbəkləri genişləndi.-Sən...Sən...
-Mən nə, ay Əbdül?
-Heç.Heç nə.Boş ver.-tələsik deyib içəri keçdi.
-Çox qəribədir,- söyləyən Kərim baba əllərini belində cəmləşdirib onun asta yerişini izlədi.-Artıq neçənci haldır bu? Sabah həkimlə danışmalıyam.
Səhər olunca Kərim baba gənc həkim Oqtayın qəbulunda oldu.
-Deməli sizə heç nə deməyib, eləmi?
-Oğlum, rica etsəm, deyə bilərsən?
Oqtay əlindəki qələmi masaya buraxıb əllərini qoşalaşdırdı.
-Alçqeymer...
-Nə?-səsi həddindən artıq zəif çıxdı.
Oqtay başı ilə təsdiqlədi. Kərim baba işıq sürəti ilə kabineti tərk edib cəld pilləkanları dırmaşmağa başladı. Beynində tək bir söz təkrarlanıb dururdu: ”Alçqeymer”. O, Əbdül babanı öz qardaşı kimi sevirdi.
Əbdül “qardaş”ını yemək masası arxasında görcək sakitləşdi. Kürəyini divara söykədib alnındakı tər pulcuqlarını əlinin tərsi ilə sildi. Əbdül baba onu uzaqdan sezən kimi uşaq təbəssümü ilə əlini yellədib yanına dəvət etdi.
-Sənə özüm qulluq edəcəm, Əbdül qardaşım...