Ədalət-məzlumun arzuladığı,həsrətində olduğu,həyat tərzinin tərkib hissəsində görmək istədiyi,xoşbəxtlik qapısına vurulmuş qıfılın açarı...
Təəssüf ki,bu dünyanın ədaləti rəhmətlik bənna Ədalət dayının fikirlərindən uzağa getmir.Bəziləri kimi,o da,xoşbəxtlik qapısına asılmış qıfılın açarını çox axtarsa da,ümidləri puça çıxdı.Ədalət dayının başqalarından fərqli olaraq az-çox təsəlli yeri vardı,o da ki,bu kəlmənin ismində yer alması və onun öz isminə sığınıb azacıq təsginlik tapması...
Ədalət-bəzən o qədər bəsit,o qədər dəyərsiz hala düşür ki,bu kəlməni mümkün qədər leksikonda istifadə etməkdən belə imtina edirsən...
Ədalət-Həzrəti Əlinin timsalında təcəlla etsə də,öz mütləqiyyətini qoruyub saxlaya bilmədi.Elə bu səbəbdəndir ki,böyük öndər ədalətin zəlil hala düşdüyünü diqqətə alıb dünyaya talaq verdi...
Dünya adlı min əsrli məktəbdə ədalətin sinifdə qalması və ya,daha dəqiq desək,bir sürü murdar tərəfindən yolunun kəsilməsi bir vəhşətdir!
Ləçərin “ədaləti” kaftar sürüsü kimi çıxardığı ziyiltili səsində,rüşvətxorun “ədaləti” yetimin son damla qanını əmməkdə, yaltağın “ədaləti” şahının qabağında bambılı kimi atılıb düşməkdə,şivənin “ədaləti” abırlını əzməkdə,oğrunun “ədaləti” doğruya dəyər biçməkdə təcəlla etdiyi bir dünyada ədaləti gün işığında çıraqla axtarsan da,tapa bilməzsən,eynən Ədalət dayının xoşbəxtlik qapısına asılmış qıfılın açarını tapmadığı kimi...
Yüksəliş-ədalətin olmadığı yerdə boş və mənasız bir kəlmədir.Kiçik zümrənin zənginlik içində yüksəlişi,böyük bir toplumun ehtiyac üzündən boynu bükük qalması rəzalətdən qeyri bir şey deyil.Yoxsulluq yetim üçün hər zaman qışı xatırladar.Yazın günəşi,yayın istisi qızındırmaz dərdli fağırların qəlbini...
Yüksəliş-yetimin zalımın kölgəsinə sığınıb öz köləliyini nəsiblənbəsi ilə baş verməz.Tula payına qane olub qarın doydurmaqla yüksəliş olmaz.Yüksəliş-haqqın olanı almaq,haqqın olmayana toxunmamaqla başlar.Fikir və təfəkkür yüksəldiyi zaman ayaqlar torpağa bərk basar və inam imana,iman idraka arxa olar.
Yalançı ümidlərlə günlərini sayanlar,özü möcüzə yaratmağı bacardığı halda, qeybdən möcüzə gözləyənlər,bir gözündə qorxu,bir gözündə çarəsizliklə həyata baxanlar ədalət və yüksəliş kəlmələrini tamamən unudublar.Belələri üçün ədalət nağıllarda,yüksəliş isə Yuri Qaqarinin mindiyi kosmik gəmidə təcəlla edər.Ah,of,uf kimi kəlmələrlə nalə çəkməklə,deyingən qarılar kimi gecə-gündüz gileylənməklə yüksəliş olmaz...
“Sizə gen-bol ədalət sözü verirəm”deyənlərin,bu sözün mahiyyətindən xəbərsiz olduğu bir zamanda udulan hava belə ağır gəlir...
Bir sözlə,arzulanan ədalətin həyatımızda təcəllası üçün Allaha təvəkküldən,Onun ətəyində bərqərar olan yüksəlişdən qeyri yerdə qalanı mücərrəd və xəyali bir nəsnədir...