ƏDİBİN ƏBƏDİYYƏT YOLÇULUĞU
Ülfət Cavad tərəfindən "Ədəbi tənqid" bolməsinə 19:48 11 oktyabr 2014 tarixində əlavə olunmuşdur

                                            ƏDİBİN  ƏBƏDİYYƏT  YOLÇULUĞU

“Dünyanın   gerçəkliklərinə dair fikirlər”

Yaradanın hikmətindən sual olunmaz. Hər yaratdığında böyük məna var. Rəhm və Mərhəmətin ən böyüyü məhz Ona məxsusdur. Yerlərin və göylərin sahibi olan O-dur! Bəli, yerilərin, o yerlərin ki, bizlərə məlum deyil, o göylərin ki, hələ də, Adəm övladı oralardan agah deyil...

Dünya sözünün bir - neçə mənası var. Bunlardan, doğruya ən yaxın olanı isə, bu sözün müvəqqəti sığınacaq yeri mənasını verməsidir. Fanilik dünyaya, əbədiyyət Allaha məxsusdur. Ehtimallara görə   biz, bəşəriyyətdə mövcud olan altıncı qövmük. Bəzi bilim sahibləri isə, bizlərin yeddinci, sonuncu qövmə aid olduğumuzu iddia edir. Bu isə, demək olur ki, bundan sonra digər bir qövm olmayacaq və sonumuz üzü qiyamətə doğru gedir. Əlbəttə ki, bütün bunlar sadəcə ehtimallardır. Doğru olanları bilən isə, təbii ki, yenə də - O-dur.

Ədiblərin ağır zamanlarda yaşaması bəlkə də, Allahın bir fürsətidir. Onların axirətə gedən əbədi yolunu açmaq üçün verilən bir fürsət. Adətən ağır dövrlərdə yazarların, şairlərin, alimlərin yükü daha ağır olur. Cəmiyyətin bəlalarını sətirlərə düzmək, məzlumların acılarını ortaya qoymaq, ədalətsiz rəhbərlərin zülmünə etiraz səsini qaldırmaq məhz ədiblərin üzərinə düşür. Gerçək bir ədib, irfan sahibi olaraq dünyada keçici bir sürə üçün olduğunu daha yaxşı dərk edir və qalıcı olan şərəfli əbədiyyət üçün ləyaqətlə mübarizə aparır. Həyatın acılarını görməzdən gəlmək, günahsızların çəkdiyi əzablara laqeyid olmaq ədibin ruhuna yaddır. Önəmli olan ədibin çox yazması deyil, nə yazmasıdır. Ədib cəmiyyətin agrı – acısını elə qələmə almalıdır ki, hər şey yerində olsun.

“Ünlülərin İztirabları”

Böyük sənətkarımız, Azərbaycan kino tarixinə qəhraman obrazlarla imzasını atmış, xalq artisti Rasim Balayevin son müsahibələrini oxudum. Olduqca təsirli fikirləri yer almışdı yazıda. Haqlı giley – güzar, çağdaş dövrə etiraz, işsizlik qayğıları və zamanın ən böyük bəlası olan şəkər xəstəliyindən çəkdiyi əziyyət sənətkarın dilindən   sətirlərə  ülvi duyğularla sıralanmışdı. Uşaqlığı   ötən   əsrin səksənlərinə tuş gələnlərin gerçək qəhramanı idi, Rasim Balayev. Cəsur Babəki öz ruhu ilə daşımışdı mavi ekranlara. Nəsimini kamil bir irfan sahibi kimi təqdim etmişdi bizlərə. Bamsı Beyrəyi   sevdirmişdi  milyonlarla tamaşaçısına. Onun, Babək filmində əlində qanlı kətan parçasını başı üzərinə qaldıraraq etdiyi çıxışın isə bənzəri yox idi. O, tamaşaçıya təbii, dolğun, mənalı obraz təqdim edən sənətkarlarımızdandır. Təssüf ki, bu cür sənətkarlarımızın yoxluğunda boşluğu daha çox hiss olunur. Özü də, müsahibəsində bu məsələyə toxunub. Köçüb gedərəm həyatdan, sonra yazarsız, deyərsiz ki, belə bir sənətkarımız vardı. Xeyr  Rasim müəllim, siz gerçək tamaşaçılarınızın qəlbində bu gün də taxt qurmusuz. Bizim üçün siz,   dünənimizin qəhraman obrazlar yaradan usta oyunçusu, bu günümüzün ünlü şəxsiyyəti, sabahımızın ölməz sənətkarısız. Hər birimiz zamanı gəldiyində əbədiyyətə  yolçuluq edəcəyik. Xoşbəxt yolçular, o kəslər olacaq ki, onlar hər iki dünyada ölməzliyə qovuşacaq.

“Küsmüş könüllər”

Küsgünlüklər daha çox diqqətdən kənarda qaldığımız zaman baş qaldırar. Ətrafdakılarımızın imkansızlığımızı əsas gətirib, bizə laqeyid yanaşması, bizi vaxtından əvvəl həyata küsdürər. Bəzilərimiz dərdini içində çəkər, bəzilərimiz isə iztirablarını qələmə alıb sətirlərə köçürər. Əbədiyyət küsgün könüllərin son təsəlli yeri olar. Hərdən şəxsiyyətlərin, dühaların, müdriklərin həyatlarına nəzər salın. Necə də bənzər, oxşar həyat tərzləri olub. Hemenqueyin dünyanın iztirablarından küsüb canına qıymasından tutmuş Tolstoyun sazaqlı qış günü qatar stansiyasında qalan cansız, soyuq bədəninə kimi, hər sətiri vərəqlədikcə, dünyanın necə bir amansız yer olmasını aydın   görmək olur. Küsgün könüllər cəmiyyətin lütvünü duymadıqca cismindən usanır. Elə hey, ruhunun rahatlıq tapmasını arzulayır. Dünya ədiblərin gözündə bəzən qıfılı pas atmış qapiya bənzər. Ədibi çox zaman bu, bağlı qapının içində nə və ya nələrin olduğu düşündürər. Bəşər övladı üçün hər zaman görünənlər deyil, görünməyənlər daha çox maraqlı olub. Görünməyənləri görən isə, yenə də, O-dur.    


... dəfə oxunub
Qiymət: 10/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
8+17=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0225 saniye