O vaxtlar Batumda türk ordusuna yardım komitəsi vardı, Əhməd Cavad həmin komitənin rəhbəri idi.
Batumda yaşayan iki mindən artıq azərbaycanlının uşaqları üçün ayrıca məktəb açmaqdan ötrü Bakıya qayıdıb Hacı Zeynalabdin Tağıyevlə görüşmüş, lazımı vəsaiti alıb məktəbin açılmağına nail olmuşdu.
Əhməd Cavad qismətini qanlı-qadalı günlərdə tapır. Batumda xeyriyyə işlərinə kömək edən Süleyman bəylə tanış olur, dostlaşır. Bəy qızı Şükriyyə 16 yaşındadır, gimnaziyada oxuyur. Bizim Cavad əfəndinin kirələdiyi ev Süleyman bəyin evi ilə üzbəüz idi. Elçi düşməyə utanır, dostu Əli Səbridən xahiş edir ki, istəyimi acar bəyi Süleymana çatdırsın. Türk əsilli acar bəyi Süleyman sərt idi, qızı Cavada vermir.
Elçi söz altında qalmır: “verməzsən, qaçırdarıq” deyir. Şükriyyə xanımın xatirələrindən: “Novruz bayramına az qalırdı, səhər-səhər suya getmişdim. Elə təzəcə bulağa çatmışdım ki, hardansa o, yanımda peyda oldu. “Səni aparsam, mənimlə gedərsənmi?” Diksindim, sonra anladım ki, başqa yol yoxdur. Dedim, bir azdan atam yığıncaqda iştirak etmək üçün evdən çıxacaq, gələrəm, gedərik. Günortaya yaxın gəldim. Cavad neçə saatdı durduğu yerdə bitib qalmışdı. Çox həyəcanlı görünürdü... Piyada yolla, ayrı-ayrılıqda gedib şəhərin kənarına çıxdıq, faytona mindik. Onunla ilk dəfə yan-yana oturduq. Birdən məni dəli bir ağlamaq tutdu. Mənə elə gəldi, doğma şəhərimi bir də ömrüm boyu görməyəcəm. Mənim ağlamağım onu da ağlatdı. Gəncədə toyumuz oldu. Biz Cavadın ata yurduna – Seyfəli kəndinin Mehirli tirəsinə gəlmişdik. Burda Cavadın beş hektardan artıq ata torpağı vardı. Biz sonralar bu torpağı əkib-becərənlərin verdiyi pulla dolanırdıq. Cavadın ata mülkünə qədəm basdığım birinci günü, ara sakitləşəndə, qohumlar, dostlar çəkilib gedəndən sonra o mənə dedi ki, Şükrü, bu gördüyün adamlar mənim ən yaxın qohum-əqrəbamdır. Səndən xahiş edirəm, mənə etdiyin qədər onlara hörmətlə, nəzakətlə yanaş. Lap ayaqqabıları palçıqlı palçıqlı evin yuxarı başına keçsələr də, birinin də xətrinə dəymə. Onların ürəyi gül kimidir. Qoy bizim evin qapıları həmişə onların üzünə açıq olsun, öz evləri kimi gəlib getsinlər. Onların uşaqlarını oxudaq, məktəbə, universitetə düzəldək. Onların çarıqları, qaloşları, batavaları səni hürkütməsin... Mən Cavadın sözlərini qulaqlarımdan sırğa edib asdım. Sonralar Cavad və mən həbs olunandan sonra həmin adamlar onlarca uşaq evlərinə gedib bizim uşaqları axtarıb tapdılar, onları ölüb-itməyə qoymadılar. Yaxşılıq yerdə qalmaz. Körpə Yılmaza ata-ana oldular”.
Beş övladları olur: Aydın, Tukay, Niyazi, Yılmaz və bir qız Almaz. O bircə qız - Almaz çox yaşamır, Əhməd Cavadın sağlığında dünyadan köçür.
Azərbaycan Sovet Yazıçılar İttifaqının 1937-ci il mart ayının 21-də keçirilən iclasında mühakimə və ittihamlardan sonra Əhməd Cavadı Süleyman Rüstəmin təklifi ilə Yazıçılar İttifaqının üzvlüyündən düşmən kimi çıxardılar. Bu, həmin Əhməd Cavad idi ki, Birinci Cahan savaşı onu əyə bilməmişdi, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu onu sındırmamışdı, 1923-cü ildə “güllələnənlər”in siyahısına düşəndə qamətini şax tutmuşdu, 1925-ci ildə “Göy göl” şeirinə görə həbs edib ona verilən işgəncələrə kişi kimi dözmüşdü.
Əhməd Cavadın 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi millətçilik fəaliyyətinə görə güllələnməsi ilə ailənin ağrılı-acılı günləri başladı.
İçərişəhər, 6-cı böyük qala döngəsi, 12 nömrəli ev... Qapı döyülür, üç nəfər qara paltarlı adam Şükriyyə xanıma “bizimlə getməlisən” deyir və çox çəkmir ki, Bakının boş küçələrindən keçib pay-piyada Bayıl qalasına sarı gedirlər. Şükriyyə gözünü açanda özünü kiçik, qaranlıq otaqda görür. Sonra müstəntiqin sorğu-sualı...
- Bizə göstəriş var ki, səni Axundzadə familiyasından çıxardıb, təzədən Bejanidze familiyasına qaytaraq. Yəni ərizə yazıb Axundzadədən boşanmalı və azad olub evinə qayıtmalısan. Yoxsa, səni qarlı Sibirə sürgün gözləyir.
Tələbləri qəbul edilmədikdə, Şükriyyə bit-sirkə, siçovullar olan otağa salınır.
Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarını çıxarır. Tualetin yerini silib əyninə geyir və hamı ondan iyrənir, yaxın durmurdu.
Qazaxıstanın o dəhşətli düşərgəsində ömrün səkkiz ilini xərclədi Şükriyyə. Odun doğradı, yük daşıdı, dərzilik, aşpazlıq elədi. Ta 1955-ci ilin 30 iyuluna – bəraət aldığı günə qədər...
Vətənə dönəndən sonra şəhərbəşəhər düşüb balalarını başına yığdı, Şəmkirin Seyfəllisində - Əhməd Cavadın ata yurdunda yaşadı, dünyayla da burda vidalaşdı.