Ekler
Fidan Cəbrayılova tərəfindən "Hekayə" bolməsinə 09:35 06 dekabr 2018 tarixində əlavə olunmuşdur

-Ekler neçəyədi?

-Altında görmürsən qiymətini? Hamıya bir-bir cavab versəm məndə can qalmaz ki, deyə orta yaşlı, bir az sərt görünüşlü adam deyindi.

Balaca oğlan barmaqları ilə cibindəki xırda pulları şıqqıldadaraq, sanki dönə-dönə sayırdı. Amma ehtiyac yox idi. Çünki cibindəki pulun qədərini əzbər bilirdi. Qayıdıb çölə çıxdı. Vitrinə bir də baxdı. Özü də hiss etmədən nəzərləri bir-birindən ləziz şirniyyatlarda donub qaldı. Ətri ilə hər kəsi özünə ram edən vanilin ləziz ətri, üstləri qıpqırmızı qızarmış toppuş bulkalar, kremli, şokoladlı pirojnalar və daha nələr-nələr...

-Al bunu, çəkil mağazanın qabağından.

Bayaqdan heykəl kimi donub qalan balaca bədənə elə bil bir anda külüng vurdular. Sanki çox kiçik hissəciklərə parçalandı. Tez də toparlandı. Amma hələ də qarşısındakına çaşqın-çaşqın baxırdı. Dediklərindən yox, səsindən diksinmişdi balaca. Adam ikinci dəfə - Al keç burdan, səninlə oynayası vaxtım yoxdu,-deyəndə balaca bir addım geri çəkildi. Hə, indi açıqca nə baş verdiyini anladı.

-Mən dilənçi deyiləm, dedi və arxasına belə baxmadan qaçdı.

-Hə, hamınız elə deyirsiz. Deyilsən, bəs nə zillənib qalmısan? Əhh, bu də mənim yaxşılığım. Deyən lazım... donquldanaraq əlində bulka mağazaya girdi. Səsi hələ də eşidilirdi, amma sözlər artıq anlaşılmırdı.

O isə durmadan qaçırdı. Kimsə onu qovalayırmış kimi elə hey qaçırdı. Gözlərindən axan damcılarsa balaca yanaqlarından dənə-dənə süzülüb, bir-bir incilər təki yol boyu tökülürdü. O isə heç kəsin eşitmədiyi bir pıçıltıyla, -mən dilənçi deyiləm, sözlərini durmadan təkrarlayırdı. Elə bil şerin misrasını əzbərləyirdi. Ona elə gəlirdi ki, bu sözləri bütün dünyaya hayqırır. Amma özündən başqa dediklərini heç kəs eşitmirdi. Birdən öskürək tutdu balacanı. Dayandı. İstəməsə də dayandı. Nəfəsi təngişdi. Qabırğasının altından sancı tutdu. İki qatlanıb qaldı. Əlini qarnının üstünə qoyub çömbəlib oturdu. Öz tüpürcəyindən boğularaq ara vermədən öskürdü. Zarafat deyildi, on dəqiqə idi ki, durmadan qaçırdı. Başını qaldırıb ətrafa baxdı. Ətrafda hər kəs öz işində idi. Gedən gedir, söhbət edən edir... Bəlkə də böyük adam olsaydı, ona insanların bu biganəliyi təsir edərdi. Amma o bu haldan razı idi. Çünki, heç kəs ona yaxınlaşıb,-niyə qaçırsan, kimdən qaçırsan, niyə ağlayırsan, deyə artıq suallar verməyəcəkdi. Bir az dikəldi. Gödəkçəsinin qolları ilə gözlərini sildi, burnunun suyunu sildi. Gödəkçənin qollarında qalan nəm ləkələrini görüb ürəyində deyindi” Off, anam açıqlanacaq”. Gödəkçəsinin papağını başına qoymaq istəyəndə birdən cərəyan vurmuş adam kimi dik atıldı.

-Çantaaam, deyə geri qayıtmaq istədi. Yerində kilidlənib qaldı. Ora qayıtmaq?... Yox! Olmaz! Bəs onda çantası necə olsun, anasına nə deyəcək, bütün məktəb ləvazimatları onun içində idi. Qalmışdı düz yolun ortasında. Bir addımlıqda evləri, geridə isə çantası. O mağazanın önündə qoyub gəlmişdi çantasını. Vitrindəkillərə heyranlıqla baxan zaman çiynindən çıxarıb ayağının üstünə qoymuşdu. Amma baxdıqlarına elə alüdə olmuşdu ki, çantanın tutacağının necə sivişib əlindən çıxdığını və yerdə qaldığını hiss etməmişdi. O sözlərdən sonra isə dünya başına necə fırlanmışdısa, oradan necə uzaqlaşdığını heç hiss etməmişdi. İndi isə o yerə əsla qayıda bilməzdi. Hətta çarəsi olsaydı bu qəsəbədən, bu şəhərədən qaçardı. Çünki ona elə gəlirdi ki, oradakı hər bir kəs onu və bu hadisəni beyninə həkk edib. Hətta təsadüfən oradan keçənlər də. Ahh, insan böyüdükcə görəsən balacalıqdakı bu keyfiyyətlər niyə buxarlanır, hara buxarlanır?... Yalan danışmaqda, biganəlikdə, yəni, mənfi olan bir çox xüsusiyyətlərdə ustalaşır. Onun üçün artıq bu hallar adiləşir... Səbəb? Səbəblər çoxdur. İnsan böyüdükcə özünə və etdiklərinə haqq qazandırmaq üçün səbələri çoxalır. Hətta bunda da ustalaşır. Səbəb tapmaqda, etdiyi hər bir şeyə haqq qazandırmaqda da ustalaşır.

Balaca bir xeyli irəli-geri oldu. Amma artıq gec idi. Bu dəfə də çantadan başqa, evə gec çatdığı üçün anasına izahat verməli idi. Həm də anası axı narahat olacaqdı. On dəqiqəlik məsafədə, evə qədər olan yolu verəcəyi izahatı fikirləşirdi. Nə desin? Necə desin ki, həm anası hirslənməsin, həm inciməsin, həm də onun nə hisslər keçirdiyini anlaya bilsin. Yox! Düzünü deyə bilməzdi. Yalan danışmaq da olmaz! Ən yaxşısı heç bir şey deməmək. Bu ki, yalan deyil... İnsanın özünə təskinlik verdiyi hallardan biri... Heç bir şey deməmək, yalan danışmaqdan daha yaxşıdı! Hər kəsin ən azı bir dəfə özlüyündə işlətdiyi ifadə...

Evə çatdıqda qapını döyməyə ehtiyac yox idi. Qapı azacıq aralı qalmışdı. Yəqin kimsə gəlmişdi. İçəri girdikdə otaqdan qonşu qadının səsi gəlirdi. Anasına paltar tikdirmək üçün gəlmişdi. Balaca fürsəti fövtə verməyib tez digər otağa keçdi. Anası səsə dəhlizə çıxdı. –Cəmil, sənsən?, -Mənəm ana, deyə heç nə olmamış kimi otaqdan boylandı.

-Niyə gec gəldin? Ahh, bu analar! Heç bir şey gözlərindən qaçmır. Demək azacıq da olsa izahat verməli olacaq.

-Uşaqlarla futbol oynayırdıq, dedi və dediyi yalandan qulaqlarına qədər qızardı. Onun bu halından xəbəri yox idi və elə düşündü ki, anası dediyilə kifayətləndi. Lakin o, anaların övladının hər halından onun narahatlığını, naxoşluğunu, sevincini, kədərini, yalanını hiss etdiyindən xəbərsiz idi. Ana isə evdə kənar adam olduğu üçün söhbəti başqa vaxta saxlamalı oldu.

-Xörək istidi. Əllərini yu, yeməyini ye, get bacını gətir.

-Yaxşı ana.

Bağçanın qapısından içəri keçdi. Sakitcə birinci mərtəbədə yerləşən otaqlardan birinə yaxınlaşdı. Balacaların içəridən eşidilən ağlayan, gülən, qışqıran cürbəcür səsləri, onları gah sakitləşdirən, gah da acıqlanan böyüklərin səsləri ilə bir-birinə qarışmışdı. O qapının dəstəyinə əlini uzatdı. Qapı cırıltı ilə açılanda bütün balacalar bir anda susub qapıya boylandı. Hər biri gələnin onlar üçün olduğuna ümid edirdi. Cəmilə hər zaman bu vəziyyət gülməli gəlirdi. O elə təsəvvür edirdi ki, bu balacalar qəfəsdəki balaca meymunlardı. O balaca meymunlardan biri də qaça-qaça gəlib, yarı geyinmiş, yarı çılpaq vəziyyətdə onun qarşısında durdu. Bu, saçları dağınıq, ayaqlığının bir hissəsi ayağında, bir hissəsi əlində şipşirin qızcığaz onun bacısı idi. O çatan kimi qardaşına baxdı. Amma bir söz demədi. Sadəcə gülümsündü. Qardaşının köməyi ilə əynini tam geyindi. Birlikdə tərbiyəçiylə vidalaşıb otaqdan çıxdılar. Bağçanın həyətindən çıxar-çıxmaz balaca qız artıq dözə bilmədi.

–Bəs hanı? Cəmil suala təəccüblənmədi. -Ora bağlı idi, deyə udqundu.

-Gedək baxaq, bəlkə açıqdı.

-Yox! Özündən asılı olmayaraq sərt səslə etiraz etdi. Bacısının çaşqın baxışını görüb səsini yumşaldaraq, -Başqa yerdən alacam, oranı təmirə görə bağlayıblar. Hətta yolunu da dəyişdi. Ora gedən yol onun üçün təmamilə bağlanmışdı. Qızcığaz daha heç bir söz demədi. Sakitcə qardaşının əlindən tutub yola davam etdi. Onlar yol boyu səssizcə addımladılar. Cəmili bacısının susqunluğu narahat etdi. Bəlkə ona sərt cavab verdiyindən ondan incimişdi, bəlkə də qardaşına sonsuz güvənindən arxayınca addımlayırdı. Cəmil isə yolun elə hey uzanmasını istəyirdi. Evə gec çatmaq üçün. Çünki verdiyi sözü tuta bilməmişdi. Çünki cibində verdiyi sözü tuta biləcək qədər pulu yox idi. Əslində o pula başqa bir şey də ala bilərdi. Amma o bacısına “ekler” söz vermişdi. Atasından eşitdiyi söz onun üçün bir həyat şüarı idi. “Verilən söz tutulmalıdır!” Bir axşam üstü verilmişdi bu söz. Qızcığaz şirniyyatın şəklini baxdığı şəkilli kitabında görmüşdü. Qardaşına göstərmişdi. Dadını soruşmuş, qardaşı isə doğum gününə onun üçün beş ədəd ekler alacağına söz vermişdi. Çünki beş yaşı tamam olacaqdı. Qızcığazın qardaşına güvəni sonsuz idi. Bu gün isə bu güvən itəcəkdi. Əslində başqa yerdən də ala bilərdi. Lakin hamı bilirdi ki, balaca qəsəbədə bu şirniyyat məhz bu dükanda bişirilirdi. Bu düşüncələrlə evə necə çatdıqlarını heç hiss etmədi. Qapını anası açdı. Qızcığazın yanaqlarından öpüb, gödəkçəsini çıxarmağa kömək etdi. Əlilə Cəmilin yanağını oxşayıb sevgi ilə gözlərinə baxaraq:

-Əllərinizi yuyun keçin otağa. Süfrə hazırdı dedi və mətbəxə keçdi.

Cəmil bir anda dəhlizdə çantasını gördü. Yerindəcə donub qaldı. Çanta öz ayaqları ilə gələ bilməzdi... Demək kim isə gətirib. Kim? Axı bu gün olanları kim bilir? Aman Allah! Dükanın sahibi evlərinə gəlib? Yox. O özünə bu əziyyəti verməzdi? Bütün bu suallar sanki yelləncək kimi onun başını gicəlləndirdi.

-Bir də çantanı futboldan sonra unutma. Atasının amiranə səsi onu elə bil yuxudan ayıltdı. Çaşqın halda ona baxdı. Nə deyəcəyini bilmədi. Elə bu an bacısının otaqdan “Ekler, Ekler!” deyərək qışqırdığını eşitdi. Qızcığaz qaçaraq dəhlizə çıxdı. Qardaşına bərk-bərk sarıldı.

-Mən bilirdim. Axı sən söz vermişdin. Mənə sürpriz etdiyin üçün elə dedin. Çox sağ ol! dedi və otağa qaçdı. Cəmilin isə çaşqınlıqdan sanki dili tutulmuşdu. İçəridə anasının bacısına yeməyini yeməmiş pirojnadan dadmasına izin verməməsi, televizordakı musiqi səsi, hamısı bir-birinə qarışmışdı. Bütün bu səslər ona sadəcə bir uğultu kimi gəlib çatırdı. Onu bu vəziyyətdən atasının onun çiyinlərinə qoyduğu əllərinin istiliyi oyatdı. Bu əllər gördüyü işin çətinliyindən kobudlaşsa da, Cəmil üçün dünyanın ən isti və yumşaq əlləri idi. O Cəmili qucaqlayaraq otağa apardı.

-Ata, mən...udqunaraq sözünü tamamlamamış atası, -Anan dedi ki, futbol oynayanda çantanı unutmusan. Mən də gedib gətirdim. Bir də yanında cığarada bir qutu ekler var di. Yaxşı ki, görünməyən, rəngli cığarada olub, yoxsa dadına baxmaq istəyən olardı, deyə göz vurdu.

Cəmil yenidən nə isə demək istəyəndə atasının gözlərindən sadəcə bu sözləri oxudu“ Hər şey yaxşıdı”...Bu sadə cümlə onun üçün çox böyük məna kəsb edirdi. Bu cümlə onun üçün bir güvən, bir sevgi demək idi!

O gün atasının, onun şirniyyat dükanından qaçaraq uzaqlaşmasının, günlər öncə şəkilli kitabdakı eklerlə bağlı bacısı ilə söhbətinin şahidi olması bəlkə də bir təsadüf idi. Bəlkə ailə büdcəsinə o gün bu şirniyyatın alınması azacıq da olsa ziyan etmişdi. Lakin o gün o otaqda o süfrənin ətrafında bir-birilə sevgi və güvənlə bağlanan insanlar əyləşəcək və bir zaman bu hadisəni sadəcə gülərək xatırlayacaq və ya bütün baş verənlər ata ilə oğul arasında dostcasına bir sirr olaraq qalacaqdı...

Fidan Malik qızı


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0271 saniye