Zaman, həyat və əlbəttə ki, ona tərəf gələn iki xanım irəliləməyə davam edirdi. Saçlarının sarısı günəşin şəfəqlərinə toxunduqca diqqətini cəlb edən sarışın gözəlin iyirmi, iyirmi beş metr irəlidə olmasını addımladıqca təyin edə bilirdi. Onu demək olar ki, heç vaxt aldatmayan intuitsiyası sirrli xanım xasiyyətdə birinin qaçılmaz bir mütləqiyyətlə bu incə yerişli, kövrək qadın olduğunu əminliklə təsdiqləyirdi. Naməlum yerdən içinə dolan bu əminliklə yanaşı qəlbi bu sarışın gözəl ilə qura biləcəyi gələcək hər anın eşqi ilə döyünürdü. Demək olar ki, sirrli xanımın daxili özünəməxsusluqları ilə bağlı bütün səhnələri unudaraq sadəcə bu sarışın gözəlin xarici görünüşünə görə bütün mövcudluqların üzərindən qalın bir xətt çəkməyə hazır idi. Bu ecaskarlıq ilə yaşayacağı romantikanı xəyalında canlandırdıqca bağlılıq adı verdiyi anlaşılmaz məhvum lorvinə xoşbəxtlik hissini bir daha bəxş edirdi. Beləcə gələcəklə bağlı qarmaqarışıq idealar arasında sarışın gözəlin ona kifayət qədər yaxınlaşdığını gördü. Digər görə bildikləri arasında gözlərini zillədiyi baxışları ilə Lorvini üç, dörd saniyəlik süzməsi, heç də hır qadında rast gəlinməyən axrici idallığa sahib olması və anladığı qədərilə sirrli xanımın da ona diqqət yetirməsi vardı. Beş saat öncə xəyalında canlandırdığı ilk təmas anını tələsik xatırlayaraq verəcəyi salamdan deyəcəyi ilk cümləyə qədər bütün xırdalıqları bir daha nəzərdən keçirdi. Dörd- beş metr eni olan yolun tam məzkəzində öz ədalı addımları ilə hərəkət edən sirrli xanım ona üç addım qalmış Lorvin yarımçıq bir addım irəli gedərək tam hazırlıqlı bir şəkildə sirrli xanımın ona deyəcəyi ilk sözün nə olacağını təxmin etməyə başladı. Ayaqları həyacandan əsir, barmaqları titrəyir, günəşin şüaları bədənini üşüdür və nədənsə sarışın gözəl onu baxışları ilə seyr edərək yoluna davam edirdi. Iki saniyə sonra isə Lorvinin üzündə anlaşılmaz bir mimika ilə ancaq özünə verə biləcəyi bir saulı ortaya çıxır: “O niyə dayanmadı?”. Uğursuzluğdan yaranan həyacanın təsiri altında beyni dayanmadan ən qeyri- adi cavabları ehtimal etməyə başlamışdı. Bəlkə bu zarafatdır, ya da yoxlanış xarakterli bir addım. Ən doğru cavabı sarışın gözəlin yad biri kimi tam uzaqlaşmasından sonra tapa bilir. Sirrli xanım olma ehtimalı birə yaxın olan qadın bir andaca arzuolunmaz boş çoxluğa çevrilir. Fikirləri arasında bata- bata sarışın gözəlin uzaqlaşmasını seyr edərkən geriyə çevrilib digər namizədi seyr etməyi demək olar ki, unutmuşdu. Yaddaşının qəflətən geri dönməsi ilə geri çevrilməli olduğunu xatırlayır və gözlərinin qırpılması anında cəld geri çevrilərək digər xanımın artıq xarici görünüşü ilə bağlı bütün xırdalıqlarının seçilə biləcəyi məsafəyə qədər yaxınlaşdığının şahidi olur. Sarı saçlı ideal model tipindən fərqli olaraq digər xanım nisbətən ucaboy, ilk baxışdan ifrat incəlik tərənnüm etdirməyən yerişə sahib, tünd şabalıdı saçlı, qarabuğdayı, bir az da dolu bədən quruluşlu biri idi. Addımladıqca baxışları ilə müşahidə edilən davranışlarından olduqca sadə biri təsəvvürü yaradırdı. Sanki bir az utancaqlıq hiss edilirdi qəhvəyi gözlərindən. Düşünəndə ki, bu sirrli xanımdır və o, sarışın gözəlin ardınca boylanan gəncin davranışlarını seyr edib Lorvin də hadisələrin bu cür alınmasından yana bir az utanc hissi keçirirdi. Bu vaxta qədər sirrli xanımı sırf daxili özünəməxsusluqları ilə qəbul etsə də ən sonda xarici görünüş bütün münasibətlərdə olduğu kimi bu dəfə də öz damğasını vurmuş olurdu. Beləcə utanclıq, həyacan, məyusluq və yüzlərlə bu tip mənfi duyğularla əlbəyaxa olduğu bir anda sirrli xanım iki addımlıq məsafədə dayandı. Qarşısındakı qadının ona diqqətlə baxaraq gülümsədiyi bir vəziyyətdə zaman heç vaxt olmadığı kimi yavaşıyırdı. O, diqqətlə sirrli xanımın simasının hər qarışını, ətrafdakıların davranışlarını izləyə bilir, qulağında səslənən musiqini hardansa xatırladığını aydın bir şəkildə başa düşür və hətta bu ana qədər düşüncələrinə hakim olan sarışın gözəlin sirrli xanım olmaması məyusluğunu belə məyus olmadan unudurdu.