ELÇİ (roman) - PROLOQ
Elşən İsmayıl tərəfindən "Digər yazılar" bolməsinə 13:06 10 yanvar 2017 tarixində əlavə olunmuşdur

    Mete Aydın iş otağında oturmuş, azərbaycanlı türkoloq, alim Aydın Muradzadənin yeni çapdan çıxan “Türklər” adlı kitabını oxumaqdaydı. Kitab marağına necə səbəb olmuşdusa, bayaqdan üç saat durmadan oxuduğunu, masasının üstündəki qəhvəsinin çoxdan soyuduğunu və bu günkü sirli görüşünü az qala unudacaqdı. Öncə soyumuş qəhvəsindən bir qurtum içdi. Sonra dadının xeyli dəyişdiyinin və oturmaqdan ayaqlarının keyidiyinin fərqinə varıb kitabın oxuduğu səhifəsini qatlayıb ayağa qalxdı. Cəld qolundakı saata nəzər yetirdi. Artıq saat 17:10 idi. Deməli, görüşə düz bir saat vaxtı qalmışdı. Duş qəbul etmək, üzünü qırxıb paltarını dəyişmək üçünsə bu yetərli idi. Yubanmadan hamam keçib yuyunmağa başladı. Bir qədər sonra üzünü qırxdı, daha sonra yataq otağına gəlib şifonerdən keçən il aldığı və adətən rəsmi görüşlərə geydiyi tünd göy kostyumunu geyindi.

    Yaşadığı mənzildən çıxanda saat 17:30 idi. Binanın qarajına yaxınlaşıb qara rəngli “PORŞE”-sinə oturdu və maşını işə saldı.

    17:45-də o, artıq “Koroğlu” metrosu istiqamətində yol gedirdi. Metronun qarşısındakı körpünün altından keçib bir qədər gedəndən sonra yolun kənarında onu gözləyən orta yaşlı, başının ortası nisbətən dazlaşmış, əyninə qara kostyum geyinmiş, gözünə qara gözlük taxmış sirli qonağını qəbul elədi. Və beləcə onlar yarım saatdan çox yol getdilər.

     Yol boyu heç nə danışmayan ikili iki mərtəbəli bir həyət evinin qarşısında avtomobildən endi. Öncəliyi qonağına verən Mete onun ardınca həyətə daxil oldu. Həyətdə dərin bir sükut hökm sürürdü.

     Evə keçib sadə görünüşlü bir otaqda masa ətrafında oturdular. Bir qədər susub nəyisə gözlədilər, sonra Mete:

-          Digərləri nə zaman gələcək, çoxmu gözləyəcəyik? – deyə öz nigarançılığını tərəf müqavilinə bildirdi.

     Qonağı isə təmkinlə ona baxdı, gülümsədi və:

-          Darıxma, harada olsalar, indi gələrlər. – izah etməyə çalışdı.

     Bir qədər sonra həyətdə xarici markalı bir avtomobil səsi eşidildi. Daha sonra isə bir neçə insan ayağının səsi...

     İyirmi dəqiqə sonra masa ətrafında 26 yaşlı, hündür boy, şux qamətli, dodaqları boyunca bığı olan, ala gözlü, ciddi üz ifadəli Mete Aydınla birlikdə, bayaq onunla gələn sirli qonaq - orta yaşlı alim Aydın Muradzadə, millət vəkili Tələt Əhmədov, yaşı qırxı adlamış, görünüşündən dərhal hüquq işçisi olduğu bilinən Altay Qacar və gizli xüsusi təhlükəsizlik qurumunun rəhbər köməkçisi, sərt baxışlı, hərbçi görkəmli, sabiq kəşfiyyatçı Kürşad Ercan əyləşmişdi.

    Hər kəs ciddi və düşüncəli baxışlarla bir-birini süzür, sanki kimin öncə söhbətə başlayacağına qərar verə bilmirdilər. Bir neçə dəqiqəlik dərin sükutusa qrup rəhbəri Kürşad Ercan pozdu:

-          Bizdə olan məlumata görə, dünən rəqiblərimiz Moskvada gizli bir toplantı təşkil ediblər. Toplantıda gedən söhbətin nədən ibarət olduğunu tam bilməsək də, təxmin edirik ki, mövzu yenə bizim layihəmiz olmuşdur.

 

-          Sizcə bu səfər qəti addım atacaqlar? – deyə Mete soruşmağı vacib saydı.

 

-          Bilmirəm. Ola bilər. Amma hər halda biz qabaqlayıcı tədbirləri artıq almışıq. – izah etməyə çalışdı.

 

-          Bəs sizcə, bu səfər bizim və təşkilatımız üçün hansı təhlükə gözlənilir? – millət vəkili Tələt Əhmədov narahatlıqla sordu.

 

-          Hələlik heç bir. Onların qurumun varlığından hələ ki xəbərdar deyillər. Sadəcə bizim bir qrup milli fəal olduğumuzu düşünürlər, o qədər... – deyə Kürşad bəy onu rahatlatmaq istədi.

 

-          Mən şəxsən belə düşünmürəm. Məncə, onlar artıq bizim izimizə düşüblər. – türkoloq, alim Aydın Muradzadə narahat üz ifadəsiylə bildirdi.

 

-          Xeyir. Dedim axı, siz narahat olmayın, onlar hələ ki heç nəyi çözə bilməyiblər. – gülümsəyərək Aydın müəllimi başa salmağa çalışdı Kürşad bəy.

 

    Otaqda yenə bir neçə saniyəlik sükut yarandı və bu səfər təşkilatın bölgə sorumlusu Altay Qacar Kürşad bəyə ciddi tərzdə baxaraq soruşdu:

-          Onlar bizi deyil, fəaliyyətimizi bilirlər, deməyinizdən belə çıxır, eləmi?

 

-          Bəli. Qazaxıstandakı son tədbirimizdən xəbərləri var. Amma mən əminəm ki, onlar sadəcə süjeti anlayıblar, detallar haqqında heç nə bilmirlər. – Kürşad bəy təmkinlə cavab verdi.

 

    Bir müddət düşüncəli şəkildə barmaqlarını oynadan gənc Mete:

-          Bəs onlara qarşı hansı müdafiə tədbirləri görüləcək və ya artıq görülüb? – dəqiqləşdirmək istədi.

    Kürşad bəy artıq toplantının rəsmi hissəsinin başlanması gərəkdiyini duyub özüylə gətirdiyi qovluqları bir-bir masadakıların qarşısında düzdü. Sonra sözə başladı:

-          Xahiş edirəm, hər kəs qarşısındakı qovluqdakı məlumatları, şəkilləri və xəritələri hafizəsində saxlasın. Sonra adəti üzrə qovluqları yandıracaqsınız. - əmr verərcəsinə bildirdi.

    Qovluqda olan kağızlarda isə təxminən bunlar yazılmışdı:

“VLADİMİR  KLEÇKOV  “ÇAR” – Rusiyalı maqnat, iş adamı, Rusiya Federal Təhlükəsizlik agenti. 50 yaşı var. Ailəlidir. Bir qızı, iki oğlu var... Sovetin son dönəmində KQB-də (DTK) işləyib. Müstəqillik dövründə öncə hərbi kəşfiyyatda, sonra polisdə, daha sonra Federal Təhlükəsizlik orqanında müəyyən vəzifələr tutub. Hal hazırda ictimaiyyət tərəfindən təqaüdə çıxmış olduğu bilinsə də, tədqiqatımız nəticəsində qeyri-rəsmi olaraq orqana işlədiyi aşkar edilmişdir... Araşdırmamıza əsasən, qanundan kənar silah və narkotik ticarəti, neft və neft məhsulları ixracatı və s. qeyri-hökumət kapitalının mübadiləsiylə məşğuldur... Son bir ildə layihəmiz ətrafında geniş araşdırma əməliyyatlarında iştirakı müəyyən olunmuşdur...

BƏXTİYAR  ŞİRİNOV  “ÇOPUR” – Moskvada yaşayan azərbaycanlı iş adamı, mafioz. 45 yaşı var. Ailəlidir. Bir qızı və bir oğlu var. Oğlu Soltan Şirinov Moskvadakı Azərbaycan Səfirliyində tərcüməçi olaraq çalışır. Təxminimizə görə atasının qeyri-qanuni işlərindən tamamən xəbərsizdir və dövlətimizə sadiq bir insandır... Bəxtiyar Şirinov 90-cı illərdə Rusiyaya ticarət məqsədiylə köçmüş, orada bir tatar qızıyla evlənib özünə düzən qurmuşdur. 2000-lərin əvvəllərində Vladimirlə tanış olmuş, illərdir onunla ortaq çalışmaqdadır... Zənn edirik ki, bizə qarşı xüsusi yaradılmış komandada Vladimirin təkidiylə iştirak edir...

SERGEY  TARASOV  “MALIŞ” – Rus iş adamı, qaçaqmalçı. 37 yaşı var. Subaydır. Ordudan dələduzluq üstündə qovulub... 10 ildir Vladimirlə sərasər çalışır...

SARKİS  TİQRANYAN – erməni hərbçi, silah taciri. 43 yaşı var... İrəvanda yaşasa da, tez-tez Moskvaya gedib-gəlir... Qarabağ müharibəsindən sonra Rusiyada fəaliyyət göstərən bir sıra erməni iş adamlarıyla əlaqə qurub... Hal hazırda Vladimirin bir neçə əmlak şirkətinin idarəsinə və xüsusi ticarət dəhlizinə rəhbərlik edir...

İSAAK  MİRİŞOV – əslən azərbaycanlı olan keçmiş rus polisi, qaçaqmalçı. 44 yaşı var. Ailəlidir... Atası Saleh Mirişov 80-ci illərdə Rusiyaya köçmüşdür. İlk həyat yoldaşı öldüyü üçün orada bir rus xanımla yenidən ailə həyatı qurmuşdur. İsaak Salehin birinci arvadından olan oğludur. Hazırda onun atadan bir-anadan ayrı iki qardaşı var. Onlar da Moskvada ticarətlə məşğuldur... İsaak polisdən təqaüdə çıxdıqdan sonra qeyri-qanuni işlərə baş vurmuş, o zamanlar Vladimirlə tanış olmuşdur...

MEHDİ  TEYMOURYAN – sabiq İran polisi. 45 yaşı var... Hazırda qaçaqmalçılıq və qeyri-qanuni gömrük ticarətiylə məşğul olduğu bilinir... Vladimirin İrandakı bir sıra obyektlərinə rəhbərlik edir....

ZEYD  ƏL MUXTARİ - ərəb tacir. 50 yaşı var. Dubaydakı bir rus şirkətində çalışır... Vladimirlə 15 il öncə elə Dubayda tanış olmuşdur...

FİRUZ  SİSTANİ – din xadimi. 55 yaşı var. Vaxtilə İran kəşfiyyatında müəyyən vəzifələr tutub... Hal hazırda İraqda yaşayır... Vladimirin İraqdakı neft bazalarına rəhbərlik edir...”

 

    Hər kəs qovluqdakı məlumatları qısa zamanda mənimsəyib qovluğu qapadı. Kürşadın əmriylə, xüsusi bir mərasimlə qovluqlar yandırıldı. Sonra yarım saat təkrar toplantı davam etdi.

    Evə qayıdanda artıq saat 20-ni keçirdi. Mete Aydın bir il öncə kirayələdiyi, “Elmlər Metrosu” yaxınlığındakı mənzilində yatağına uzanmış, səssizcə düşünürdü. Rəhbərliyi onu əməliyyatın əsas gedişilə tanış etsə də, bu saat fikirləri nədənsə qarışıq idi. Deyəsən, bunun səbəbini gənc təhlükəsizlik əməkdaşı yaxşı bilirdi. Elə ona görə idi ki, bayaqdan – toplantıdakı ciddi, sərt üz ifadəsi yox olmuş, içdən-içə gülümsəyirdi.

    Dünən adəti üzrə bir elmi konfransa qatılmışdı və orada çıxış edən gənc türkoloq xanım Aynur Məmmədova onun yaman xoşuna gəlmişdi. Həm milli tariximiz, ana dilimiz haqqındakı geniş çıxışı, həm də xüsusi ciddi geyimi, şux duruşu və qətiyyətli danışıq tərziylə türkoloq xanım, gənc orqan işçisi Meteni ovsunlamışdı. Uzun müddət çıxışa həvəslə qulaq asan Mete on dəqiqəlik fasilədə fürsət tapıb Aynur xanımla tanış ola bilmiş, özünü ona Türkiyədən gələn milliyyətçi jurnalist kimi təqdim etmişdi. Öncə milli məsələlərdən danışsalar da, sonra macal tapıb bir-iki şəxsi sual da vermişdi Mete gənc və gözəl araşdırmaçıya. Hər kəslə səmimi münasibətə öyrəşmiş olduqca sadə insan olan Aynur xanımsa özü də fərqinə varmadan Meteyə işlədiyi yeri, yaşadığı ünvanı belə vermişdi. Bir tək mobil telefonunu ala bilməmişdi gözəl türkoloq xanımdan Mete. Bunun səbəbini isə hey düşünsə də tapa bilmirdi.

    Bir qədər yatağında uzanan Mete iyirmi-iyirmi beş dəqiqə sonra qalxıb əynini dəyişdi. Rahat ev paltarını geyinib mətbəxə keçdi və özünə təzə türk qəhvəsi hazırlayıb iş otağına qayıtdı. Masasının qarşısında oturub notbukunu açdı. Qəhvəsini tədricən qurtumlayaraq bir müddət sosial şəbəkələrdə gəzişdi. Və bu an çox gözəl sürprizlə qarşılaşdı. Adını şəbəkənin axtarışında təsadüfən yazdığı Aynur xanımın rəsmi profilini tapmışdı artıq. Odur ki, bir müddət sevincinin həddi-hüdudu olmadı. Oğrun-oğrun qızın profilinə nəzər yetirib paylaşdığı şəkillərə baxdı. Bu zaman hətta könlündən onunla birlikdə, canlı qəhvə içmək də keçdi. Yenə mobil nömrəsini almadığı üçün heyfsiləndi. Elə qəfil qərar verib ona bir mesaj yazmaq istəyirdi ki, anidən çalınan qapının zəngi onu qurduğu xoş xəyallardan ayırdı. Qapıya doğru gəlib gözlükdən baxdı. Və bir an duruxdu. Çünki qapının qarşısında olan insanı o çox yaxşı tanıyırdı...

 

Ardı var...

 

Elşən İsmayıl

3 yanvar 2017-ci il


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+9=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0262 saniye