Ən ali hiss sevgidir
Ülkər Dadaşova tərəfindən "Digər yazılar" bolməsinə 10:35 31 yanvar 2018 tarixində əlavə olunmuşdur

     Ən ali hiss sevgidir...

     Əsrlərdir yaza – yaza nöqtəsini qoya bilmədiyimiz mövzulardan biridir sevgi. Ədəbiyyatımızdan bizə məlum olan Məcnunun Leylisi, Fərhadın Şirini, Kərəmin Əslisi və ya gözlərimizin önündə yaşanan daha bir sevgi hekayəsi – İlhamın Fərizəsi və başqaları...

    Fərhad dağları dəldi, Məcnun çöllərə düşdü, Kərəm Əslinin həsrətindən alışıb yandı. Hamımız bilirik deyilmi? Bəs dərk edə bilirikmi bütün bu fədakarlıqların səbəbini, niyə Məcnunu “dəli” adlandırdıqlarını?

    Sevgi fəda etməkdir, qarşılıqlı anlaşa bilmə, ən əsası da sonsuz hörmət bəsləməkdir. Günlərini, aylarını, illərini, lazım gəlsə özünü belə fəda etməyi bacarmaqdır... Və sevgi Vətən uğrunda canını fəda edən sevgilini yanlız buraxmamaqdır.

    Sevmək dedikdə çoxumuzun ağlına iki fərqli cinsin bir – birinə qarşı olan hisləri göz önündə canlanır. Elə mənim də. Lakin sevgi hər şeydən öncə bizi xəlq edənədir, valideynlərə, bir sözlə, cana yaxın bildiyimiz hər kəsədir.

    İnsanın yaşaması üçün su və yeməyin əsas faktor olduğu məlumdur. Amma yaşamımızda təkcə maddi deyil, mənəvi faktorlar da əsasdır. Hörmət, mədəniyyət, mərhəmət kimi gözəlliklər... Sevgi sözdə deyil, əməldə gözəldir. Bunun bariz nümunəsi isə ailədir. Bu gözəlliklər üzərində qurulan ailələrin ömrü də əksərən uzun və xoşbəxt olur. Ailə həyatı sanki bir gəmi, kişi də onun kapitanıdır. Qadın isə bu gəminin yolçusu və dəyərli əmanətidir. Ailənin təməlinin güclü qurulmasında hər ikisinin rolu əvəzsizdir. İki nəfərlə qurulan bu yuvanın xoşbəxtliyi illər keçdikcə artır. Bununla bərabər onların məsuliyyət və problemləri də bir o qədər çoxalır.

   Ailədaxili problemlərin əksəriyyəti qadın və kişi arasında hakim olmaq mübarizəsindən qaynaqlanır. Halbuki Yaradan qadın və kişi arasındakı bu cür mübarizənin qarşısını almaq üçün qadınlara gizli, kişilərə isə açıq güc verib və bununla da onlar bir – birilərini tamamlayırlar. Qadın isə özünə verilən bu iradəni, qabiliyyəti düzgün istifadə edə bilməyərək, kişi kimi davranmağa cəhd göstərir. Özünə bir zərər gəlməsin, özünü qorusun deyə təkəbbür maskası altında gizlənir.

   Kişilər daxilən güclü qadınlara qarşı zəifdirlər. Bu məsələ ilə bağlı Mövlanə çox maraqli bir misal çəkir:

   “Kişi Zaloğlu Rüstəmdən belə qoçaq olsa, Həmzədən də güclü olsa yenə də öz qadınının əsiridir. Belə baxanda, su alovdan üstündür. Ancaq onlar arasında qazan (sevgi) olsa, o zaman od suyu qaynadar, buxarlandırar və yox edər. Kənardan baxıldıqda necə ki, su alovdan üstündür, sən də qadından üstünsən, ancaq həqiqətdə isə onu sevərək ona məğlubsan”.

   “Hökmdar belə məhəbbətin quludur, əsiridir”.  Qadının tək arzusu sevilməkdir. Ancaq kişi ilə mübarizəyə girərək sevgini əldə edə bilməz. Qadının güclü görünmək arzusu nəinki onu xoşbəxt etməz, həmçinin məyus da edər.

   Ailə daxilində hər kəs öz hüquq və öhdəliklərini bilməlidir. Qadın “kişi”, kişi isə “qadın” olmağa çalışmamalıdır. Təbii ki, xanım da savadlı, düşüncəli olmalı, pul qazanmağı bacarmalıdır. Lakin yoldaşını xoşbəxt etmək istəyirsə ondan hər zaman bir addım geridə olmalıdır. Qazancı çox olsa belə yoldaşını üstün tutmalı, ailəni onun idarə etdiyini və ona “sən olmasan, biz “biz” olmarıq” kəliməsini hərəkətlərində göstərməyə çalışmalıdır. Bir sözlə, öz həyat yoldaşınızı xoşbəxt etmək istəyirsinizsə, onun qəlbini fəth edəcək hər bir pik nöqtəni də öyrənməlisiniz. Kişilərin ən mühüm sevgi ehtiyacları altıdır:

Etibar;

   Qeyd etdiyimiz kimi, hər bir işinizdə ona inanıb etibar etməli, bu və ya digər işi bacaracağına onu inandırmalısınız.

Olduğu kimi qəbul edilmə;

   Olduğu kimi qəbul edib öz istəklərimizə uyğun onu dəyişdirməyə cəhd göstərməməliyik.

Minnətdarlıq;

   Etdiyi hər işə görə yoldaşınıza minnətdar olun. İşi görmək onun borcu olsa da yenə də təşəkkür edin.

 

Bəyənilmə;

    Məsələn, hər hansı bir geyiminin gözəl olduğundan əlavə məhz onu yaraşıqlı göstərdiyini söyləyin.  

Heyranlıq;

   Bu da bəyənilmənin bir növüdür deyə bilərik. Onun mərdliyinə, xasiyyətinə, sevgisinə və s.  heyran olduğunuzu hiss etdirin.

Həvəsləndirmə;  

    Hər hansı bir uğursuzluqla üzləşsə belə onu həvəsləndirin. Məsələn, sən ağıllı, bacarıqlısan. Bütün işlərini layiqincə edəcəyinə inanıram.

    Bütün bunlar psixologiya elmində öz təsdiqini tapmışdır. Bir insana mənfi və ya müsbət nə cür təsir etsəniz o, həmin yönə doğru dəyişər.

    Əziz oxucular, məhəbbət cənnətin dilindən bizə qalan tək andır. Buna görə də var olduğunuz yaşam boyu məhəbbətinizi kimsədən əsirgəməyin. Filantrop, altruist (insanları sevən) olun! 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+27=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0216 saniye