Ən azından bir-iki günlüyə
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 12:26 23 fevral 2015 tarixində əlavə olunmuşdur

Biz iki qardaşıq. Mən-Əli, o-Kamil. İkimiz də tələbəyik. Mən psixologiyanı oxuyuram, o-polisliyi. Mən ikinci kursam, o-dördücü. Mənim hobbim fotoqrafçılıqdır, onun-qılıncoynatma.

Həvəskar fotoqraf kimi çəkdiklərimi müxtəlif sosial şəbəkələrə yerləşdirmişdim. Mənə çoxlu iş təklifləri gəlirdi. Yaxşıca düşünərək bir qərara gəldim. Ən öndə gedən xəbər portalların biri ilə əməkdaşlıq etməyə başladım. Müvəqqəti işim olduğuma görə sevincim həddi-hüdudu yox idi.

Günlərin birində məni Lalə adlı müxbirlə birgə Ruhi-Əsəb Dispanserinə göndərdilər. Lalə həkimlərdən müsahibə alırdı, mən isə xəstələri çəkirdim. Və birdən gözümə bir “ağıl xəstəsi” sataşdı. Gənc və gözəl qız idi. Skamyada əyləşərək gözlərini bir nöqtəyə zilləmişdi. Ehtiyatla yaxınlaşıb çəkdim. Amma ondan ayrıla bilmədim. Səbəbi özümə də anlaşılmaz qaldı. Yanında əyləşib ona baxmağa başladım. Çox gözəl idi. Hərdən barmaqlarını tərpədirdi. Nə qədər beləcə oturduğumu bilmədim düzü. Yavaş –yavaş başını qaldırıb səmaya baxdı. Sonra mənə kilidləndi. Mavi gözlərinə vuruldum. Amma o, deyəsən, məni özü kimi “xəstə” sayırdı. Mənim gülümsəməmə heç bir reaksiya vermədi. Ayağa qalxaraq skamyadan uzaqlaşdı.

Axşam şam yeməyindən sonra yatağımda uzanaraq onun fotosuna baxırdım. Kimsə mənim dalğınlığımdan istifadə edərək fotunu əlimdən qopartdı. Diksinərək çarpayıdan qalxdım. Qardaşım idi.

-Hey!-az qala özümü itirdim.

-Bu qız kimdir?-fotoya maraqla baxaraq soruşdu.

Fotonu ondan alıb əyləşdim. Kamil də yanımda əyləşərək dizlərinə dirsəkləndi.

-Söz soruşdum, qardaşım mənim.

-Bilmirəm,-səfehcəsinə cavabladım.

-Sən hələ bir danış mənə, deyərəm kimliyini,-xəfifcə gülümsündü.

Kamilə baxdım. Məndən yaraşıqlı idi.

Fotonu tumbaya qoyub ayağa qalxdım. Divara söykənib əllərimi şalvarın ciblərində həbs elədim.

-Ruhi-Əsəb Dispanseri...-deyə sözə başladım.

-Bu qız oradandır, hə?-tələsik sözümü kəsərək soruşdu.

-Hə...Çox gözəldir, elə deyilmi?-axmaq təbəssümlə gözlərimi qapatdım.-Hələ gözləri...

-Niyə oradadır?

-Ögey atasına görə...

-Davamını gətirmə, anladım...

-Nəsə etməliyəm, Kamil, nəsə,-pıçıltı ilə söyləyib gəzməyə başladım.

-Hər halda onu qaçırtmayacaqsan oradan?!

-Amma olsaydı, əla olardı. Şəhəri gəzdirərdim ona. Şirin pambıq, popkorn alıb yedizdirərdim. Nə bilim, bir komediya filmi izlətdirərdim, ya da...Ən azından bir-iki günlüyə...

-Bəs sonra?-Kamil qarşımı kəsərək gözlərimin içinə nüfuz elədi.

-Sonra? Ehm, sonrası yoxdur.

-Yəni?

-Hər halda polislər bizi tapacaq. Özümü bilmirəm, amma onu təzədən oraya yollayacaqlar.

-Sən dəlisən. Sadəcə və sadəcə-dəli, vəssəlam!-ucadan deyib otaqdan çıxdı.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0331 saniye