Ən qiymətli çörək
Şəfiqə Şəfa tərəfindən "Hekayə" bolməsinə 10:57 10 may 2017 tarixində əlavə olunmuşdur

Həmişəki kimi qapı açıq ola-ola çəpəri aşıb keçdim. Seyrək ağacların arasından eyvanda qurdalanan qarının qocalıqdan büzüşüb kiçilmiş vücudunun hərəkətlərini izlədim. Üzünün mənə tərəf çevrilməsini gözləyirdim. Qarının başı yaman qarışmışdı, həvəslə elektrik plitəsində günəbaxan tumlarını qovururdu. Ayağımı sıxan ayaqqabını bilərəkdən pilləkənin məhəccərinə zərblə tolazladım. Bilirdim arvadı qıcıqlandırmayınca üzümə baxmayacaq. Neçə gündür məndən inciyib, çəpərdən ağaclarını yolsam da, səsini çıxarmırdı, ayrı vaxt səsini başına atardı.

Qarının heç tükü də tərpənmədi. Qovurduğu tumları qəzetin üstünə töküb, plitəni söndürdü. Süfrəsi bozarmış dəyirmi stolun üstündəki boş stəkanları yığıb içəri apardı. Pilləkənin üstündə sallağı oturub işinin qurtarmasını gözlədim. “Bilərəkdən necə ləng tərpənir!.. Gərək gəlməzdim...”

Handan-hana əlində iki nəlbəki ilə eyvana çıxdı. Soyumuş günəbaxan tumlarını birinə töküb qırağa qoydu. Çörəkqabındakı qara çörək artıqlarını yığıb üstünə su aldı. Küçə itləri üçün yem eləyəcəkdi. İt-pişiyin də qara çörək yeməkdən damağı yağır olub. Bircə bu arvad qara çörəkdən əl çəkmədi... Daha səbrimi basa bilmədim:

- Saşa xala!

– ...

– Küsmüsən məndən?

– ...

– Qapını niyə açıq qoymusan ki?! Çəpərdən keçəcəkdim də...

Qarı dönüb üzümə tərs-tərs baxdı:

– Səndən başqa gələnim yoxdu ki?

Dinmədim. Əslində, məndən başqa gələni olmadığını ikimiz də bilirdik. Əyyaş ərini də nə vaxtdı tutub içəri basmışdılar. Nəinki azərbaycanlı, heç rus qonşuları da ərinə görə zavallı qadının üzünə baxmırdılar. Çünki əri camaatın lap zəhləsini tökmüşdü.

Deyəsən, kimsəsizliyini üzünə vurmadığım üçün yumşaldı. Bəlkə də yaşlı-başlı qadınların hər dəqiqəbaşı dediklərini 7 yaşlı qızcığazın susması onu təsirləndirdi. Səsinə yumşaqlıq verib soruşdu:

– Yenə nolub, dəli qız?

– Bir söz desəm, inciməzsən ki?..

– Eh, bağımdan oğurladığın çiyələklərdən sonra ta inciməkdən keçib.

– Yaxşı da... ürəyim istədi dərdim. Qonşu deyilik? Onsuz da çiyələklərin çoxdu...

– Qız, sən onları kal-kal yolmuşdun. Yemirdin həm də, damın başından pişiklərə tolazlayırdın. Nə isə, de gəlsin...

– Sən niyə həmişə qara çörək yeyirsən, pulun çatmır ağ çörəyə? İstəyirsən nənəm kənddən bizə gələndə bişirdiyi təndir çörəklərindən sənə də gətirim. Özü də əsl təndir çörəyidi e... burda gördüklərindən deyil.

– Sağ ol, payın artıq olsun. Amma mənə qara çörəyim daha dadlı gəlir.

– Bəs...

– Hə, de görüm, sözlü adama oxşayırsan.

– Bilirsən, qonşu arvadlar deyir ki, bütün ruslar qara çörək yeyirlər. Hə, bir də deyirlər ki, ruslar qarınlarına pul xərcləməzlər...

Qarı çımxırıb süfrəni hirslə çırpdı:

– Qonşu arvadlar nə bilirlər axı?.. Elə qoyasan bir-birinin qarınlarını güdsünlər.

Nə fikiləşdisə, süfrəni stolun üstünə salmadan nəlbəkini götürdü:

– Başqa rusları deyəmmərəm, amma qara çörək mənimçün dünyanın ən qiymətli çörəyidi, – deyə uzun ətəyini ayağının arasına yığa-yığa pilləkəndə oturdu. Bir nəlbəki qara tumu da dizlərinin üstünə qoyub sözünə davam elədi:

– Müharibə vaxtı Leninqradın mühasirəsində anam bir boyat qara çörək üçün barmağındakı nişan üzüyünü vermişdi. De görüm, hansı çörəyin qiyməti qızıl üzük, həm də nişan üzüyü qədərdi?

– Nişan üzüyü? Bəs atan niyə razılıq verdi?

– O nişan üzüyünün sahibi olan atamın təzəlikcə qara xəbərini almışdıq. O vaxt anam üçün atamın qızıl yadigarından çox, canlı iki yadigarını – balalarını qorumaq daha vacib idi. O yaşadığımız çətinliklərdən üzü bəri həmişə qara çörək almışam. Elə bilirəm ağ çörək yesəm, uşaqlığıma, əziyyətimizə, anamın göz yaşlarına xəyanət etmiş olaram. Hə, balaca, görürsənmi mən dünyanın ən qiymətli çörəyini yeyirəm...

– Bəs bir çörək üç adama nə vaxta kimi çatardı ki?.. Sonra çörəksiz qalanda neylədiniz?

– Çörəksiz günlərin birində anam bir qazan qaynar suya cəmisi bir ovuc yarma töküb bişirmişdi. Dupduru şorbanı bizə içirdib başımızı aldadırdı ki, əgər gözlərinizi yumub möhkəm yatsanız, bax pəncərədən görünən palıd ağacının qara gövdəsi nəhəng çörəyə çevriləcək. Mən də səhər durub onu sizin üçün dilimləyəcəm. Müharibə qurtarana qədər çörəyimiz olacaq.

– Doğrudan çevrildi? – uşaq marağım gözlərimi işıqlandırdı.

– Ehh... – qarı əlini yelləyib çəpərin küncündəki palıd ağacına gözünü zillədi. Sonra kənarları büzüşmüş gözlərini bir az da qıyıb tumları təmizləyə-təmizləyə sözünə davam elədi. – O zaman bütün canlılar, hətta ağaclar da bizə qənim kəsilmişdi. Hər şey qıt idi. Başqa vaxtlar yazda, payızda bitən yeməli bitkilər də müharibə vaxtı seyrək bitərdi. Yaman ağır sınağa düşmüşdük. O gecə anamın sözündən rahatlanıb gözlərimi yummazdan öncə sonuncu dəfə palıda baxanda onun doluxsunmuş halda ağaca tərəf dua etdiyini gördüm. Deyəsən, özü öz yalanına inanmışdı, ya da Tanrıya yalvarırdı ki, yalanını həqiqət eləsin... Səhər duran kimi pəncərədən bayıra baxdıq. Zalım palıd dümdüz, şax dayanmışdı, heç çörəyə çevrilmək üçün yarpağını da tərpətməmişdi. İncik halda anamdan səbəbini soruşanda demişdi ki, gecə yaman gülləbaran olub, palıd da qorxusundan çörəyə çevrilə bilməyib. O gündən qardaşımla birlikdə gülləbaranın kəsilməsi üçün dua etməyə başladıq. Atışma kəsilsəydi, ağac da qorxmazdı, rahat-rahat çörəyə çevrilərdi. Biz də doyunca yeyərdik... Uşaq ağlımız müharibənin bitməyinə deyil, qarnımızın doymasına ümid edirdi.

Saşa xala təmizlədiyi günəbaxan tumlarını ətəyinə töküb özündən də qoca olan əllərini çırpdı. Axşamın kölgəsindən qaralmış qırış üzünə sığal çəkdi:

– Götür, sənin üçün təmizləmişəm tumları. Nə vaxt özün tum çırtlamağı öyrənəcəksən?

Cavab vermədən iri tumlardan bir tutam qamarlayıb ağzıma atdım. Çoxunu Saşa xalaya saxladım. Elə bilirdim tumların ağ ləpəsindən çox yesə, qara çörəkdən qaralmış üzü ağarar...

– Bilirsən, Şafoçka! Mən hələ də yuxudan ayılanda hər səhər bu palıda baxıram ki, görüm çörəyə çevrilməyib. Bilirəm axmaq düşüncədi. Amma birdən... birdən həqiqətən çevrildi, hə?

Onun bu qəribə inamını eşitcək, ləzzətlə tum ləpələrini üyüdən çənəm elə bil gücdən düşdü. Anam həmişə deyirdi ki, qocalar getdikcə uşaqlaşır. Amma palıdın çörəyə çevrilməyəcəyinə indi uşaq da inanmaz... Nə deyəsən axı? Bu boyda məhəllədə, saysız-hesabsız qonşuların, elə öz ruslarının da arasında tək danışdığı, ürəyini açdığı mən idim. İndi mən də ona inamsızlıq göstərsəm, lap inciyərdi. Həm də kal-kal yolunmuş çiyələklərinə incimədiyi qədər inciyərdi.

Gülümsədim, artıq tamam qaralmış bayırda palıdın tünd gövdəsinə baxdım. Gözlərimi qıyanda qaranlıqda palıd gövdəsi həqiqətən də nəhəng, oval qara çörəyə bənzəyirdi.

– Nə bilmək olar, Saşa xala! Bir də səhər gördün ki, çevrilib. Nə qədər çörəyin olar, daha sən də mağazaya gedib çörək almazsan...

Qarı qısa saçlarımı tumarlayıb kövrək səslə dedi:

– Çox sağ ol, mənim balam. Söz verirəm ağac çörəyə çevriləndə sənin də payını saxlayacam. İndi isə tumlarını götür get, gecdi, anan axtarar.

Bu dəfə açıq qapıdan çıxdım, təkcə mənim üçün açılmış bu qapını özümə həsrət qoymaq istəmədim. Yadımdadı, səhər ayılan kimi ilk olaraq palıda boylanmışdım. Qarşısını çəpər kəsdiyindən palıdın ancaq budaqları görünürdü. O gün Saşa xalaya baş çəkmədim, daha doğrusu hələ də zalım-zalım ağac olaraq qalmış palıd gövdəsini görmək istəmirdim...

Tum çırtlamağı böyüyəndə də heç öyrənə bilmədim. Bəlkə də ailə üzvlərim də Saşa xala kimi tumları mənim üçün çırtlayıb təmizlədiyindən, hazırına öyrəşmişəm. İndi də tum ləpələrini ovuclaya-ovuclaya kinoya baxan atamın üzünə göz gəzdirirəm. Onun üzü niyə qaralıb ki? Hə... o da qara çörək yeməkdən... Qara günlərini bir-birinə calayan xəstəliyinin üzündən illərdir ağ çörək yeyə bilmir. Nənəmin təndirində indi bibimin bişirdiyi ağ çörəklər onun üçün ağ buludlar kimi uzaq olub. Dilimlənən ağ buludlar... lap dilimlənmiş qara palıd kimi... Görəsən atam da hər səhər oyananda dilimlənmiş buludlara baxırmı? Atam həmişə pambıq kimi ağ çörəyin üstünə yağ çəkib ləzzətlə yeməyi sevərdi. İndi həkimin yazdığı pəhrizə görə məsləhət gördüyü qara çörəyin hər dilimini dişinə çəkəndə gözlərində ümidin zəif işartısı közərir. Bəlkə qara çörək xəstəliyini yenməyə kömək oldu... Axı müharibələri yenə bilən ümid, xəstəliyə niyə qalib gəlməsin ki? Qızıl dəyərli, qələbə ətirli, ümidi özündən qiymətli olan qara çörək...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+14=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0327 saniye