Ən son nə zaman arvadınız üçün sevgili olmusunuz?
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 16:15 28 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Ən son arvadınız üçün nə zaman sevgili olmusunuz?

"Yemək gətir, bütün gün canım çıxıb işdə..." - bu cümlə ilə başlayan axşamlar var ailələrdə.

Bizim toplumda qadın-kişi və ailə mövzusunda çatışmayan, olması gərəkən, amma bir dürlü ola bilməyən situasiyalar mövcuddur. Ümumiyyətlə, ailə çəmbərimiz çox darısqaldır, ora istəklərimizi qısıtlı şəkildə sıxışdırmışıq.

Bir qadın olaraq, bu mövzuya qadınların tərəfindən münasibət bidirəcəyəm. Əks cinsdən olan bir həmkarım da kişilərin nöqteyi-nəzərindən bu mövzunu bir az təhlil edib.

Ailə münasibətlərində ilk öncə dostluq, sonrasında hörmət, daha sonra isə sevgi ardıcıllığı olması prinsipinə əsaslanıram. Ən üzünömürlü və sayğılı ailələrin təməlində bu prinsip dayanır.

Günümüzdə kişilərlə yanaşı qadınlar da çalışır. Yəni hardasa, ikisinin də günlük yükü eynidir. Hər ikisi işdən evə gəlir. Yaxud da çalışmayan qadın evdə övladları ilə məşğul olur. Fərq etməz, mövzu hər iki situasiya üçün keçərlidir.

Axşam işdən gələn kişi ailəsi və qadını tərəfindən xoşhallıqla qarşılanır, gün ərzində qadının yükünün kişinin çalışma yükünə bərabər (bəzən isə daha ağır) olduğunu saymadan, yeməyi, səhər üçün geyimi, uşaqlarının hazırlığı və qulluğu normal şəkildə yerinə yetirilmiş olsa belə, kişi bundan razı qalmır. Evə gəlir, "yemək gətir, çay gətir" kimi əmrlərlə davranıb, istirahətini televizor qarşısında davam etdirən kişi, qadınının gününü belə sormağı ağlına gətirmirsə, bu ailə, birlikdə yaşamaq əzabına çevrilmiş bir məcburiyyətə dönür.

Qadının verdiyi suallara qısa və lakonik cavablarla, başından edərcəsinə televizorun ekranına köklənmiş fikirlərlə baxan kişi, qadından daha hansı qayğı və şəfqətin, lap elə, hörmətin hesabını soruşa bilər ki? Adama deyərlər, nə vermisən ki, nə də istəyirsən?

Və gecə yarısıdır, yatmaq zamanı gəlincə "yorğunam, mən yatıram" deyərək yatağına girib yuxuya gedən kişinin qadını nəvazişi kimdən görməlidir? Bütün gününü işinə və ya övladlarına həsr edən, gecəni də yanında odun kimi yatan bir kişi ilə keçirən qadın necə xoş aura ilə günə başlasın? Qadın ehtiyaclarının başında nəvaziş, şəfqət dayanır, siz beş min manat pul gətirsəniz belə, qayğısını, nazını çəkə bilmədiyiniz, qadınlığını ona hiss etdirmədiyiniz təqdirdə bunun önəmi olmayacaq.

Gözü başqa yerdə olan, daim axtarışda olan kişilərə sual verəndə ki, nə üçün axtardıqlarını qadınında tapmırsan, əksər hallarda, cavab bu olur: "Ailə başqadır, bu işlər başqa".

Sən ailə qavramını nə olaraq alqılayırsan? Ailə, uşaq dünyaya gətirmə mexanizmasıdır, yoxsa arvadının tozunu alıb otağın bir guşəsinə yerləşdirəcəyin vitrindir? Sən istəklərini qısıtlayıb, qadınından istəmədikcə, əlbəttə, bu cür düşünəcəksən. Sən qadınına nə zaman "ər" tabusundan çıxıb, sevgili ola bilmisən?
Onunla dərləşməyi, dost olmağı, yataqda istəklərini izah etməyi, bütün gözəllikləri yaşamağı arzuladığını dilə gətirmisən? Seksdən ancaq uşaq yapmaq üçün istifadədən vazkeçmisən, hisslərin gözəlliyini qadınında cəmləşdirmisən?

Bir də bu var... Ailə ortamında qadının kişidən istəkləri olanda, intim oyunlar düşünüb onu ərinə sərgiləmək istəyini söylədiyində kişinin verdiyi reaksiya dəhşətdir. Qadın dediyinə və düşündüyünə peşiman olur bu təpkidən. "Onu hardan bilirsən ki?, Sənə kim deyib ki? Niyə bu şeyi belə çox istəyirsən ki?, Bu haqda hardan eşitmisən?" kimi suallarla adamı hisslərindən soyudan "ər"lər var.

Bəyəm, hər şeyi kişi bilməlidir? Qadının gözü kor, qulağı kardır? Qadın televizor, film, kitab, internet istifadəçisi deyil? Bu suallar "sən bunu etmisən ki, bilirsən?" nəzərlərilə qadına qarşı yönəlirsə, əlbəttə, kişi istəklərini kənarda reallaşdıracaq.

Nə qədər ki, ailə qavramını çəmbərləmişik və oradan dışarıya çıxa bilmirik, bu, belə də davam edəcək. "Ər və arvad" tabularını sındıra bilmiriksə, elə, kişilər kənarda arzularını gerçəkləşdirsin, evdə qadını ilə, ancaq, uşaq yapmaq üçün sekslə məşğul olsun, qadınlar da orqazm yaşaya bilməməkdən əsəbləri tarıma çəkilib, bütün stressini sizə töksün. Bu da sizə AİLƏ!

İndi mən sual verirəm, bəylər...

Ən son nə zaman qadınınıza: "sabah gözəllik mərkəzinə get, mən tez gələcəm, uşaqlarla vaxt keçirərəm, sən get, bir az əhvalın dəyişsin, dəyişiklik et" demisiniz?

Ən son nə zaman: "evə gəlirəm, hazırlaş, yeməyə gedək, bir az əhvalımız açılsın, sənə də xoş olar" demisiniz?

Nə zaman: "Bu gün uşaqları nənəsigilə aparaq, axşam baş-başa bir gecə keçirək" deyib bunu istəmisiniz.

Ən son nə vaxt: "əlinizdə bir gül ilə qapını döyüb, qapını açan qadınınıza sarılıb öpmüsünüz?"

Nə zaman: "bir film gətirirəm (və ya kəşf etmişəm), axşam birlikdə izləyək" demisiniz?

Ən son nə vaxt: "sabah alış-verişə gedək (və ya get), sonra da bir məkanda kofe içək" demisiniz?

Nə zaman: atəşli bir gecənin sonunda qadınınıza sarılıb qoxusu ilə yuxuya getmisiniz?

İllərin ər-arvadı olaraq, nə zaman qadınınızın vücudunu tamamilə tanımısınız?

Və bəylər, ən son nə zaman ər olmaqdan çıxıb, qadınınız üçün sevgili olmusunuz?


Müəllif: Aysel Abdullazadə

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+8=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0272 saniye