Əlimizdə qədim medalyon var. Bu medalyonun adı EQOizmdir. Və bu medalyonun iki üzü var. Bir üzündə "özünü düşün" sözləri yazılıb, digərində "özün haqqında düşün".
Bəs fərq nədədir? Fərq ondadır ki, "özünü düşün" eqoizmin neqativ tərəfidir. Adətən insanların çoxu eqoizmin bu tərəfini görür və sözü bu mənada işlədirlər. Pozitiv tərəfi "özün haqqında düşün"dür.
Eqoizmin neqativliyi. Burda yalnız özünü düşünürsən, öz mənfəətini, marağını güdürsən. Eqon özündən o qədər böyükdür ki, insanlar səni yox, eqonu görür. Bu da onları narahat edir. Çünki özündən başqasını görmürsən. Uğur qazanmağın çətinləşir, amma bir növ insan övladı dərinlikdə eqoistdir. Amma bu eqonun sosium tərəfindən azca da olsa əridilməməsi təcridə gətirib çıxardır. Çox vaxt eqo əridilir müəyyən qədər yaxud məharətlə gizlədilir, məhv edilmir. Onu doyuzdurmalı olursan başqa üsullarla. Eqonu nə qədər söysək də, bu fərdin yaşama instinktidir. Qısacası, Eqonunun həddindən çox şişməsi ətrafdakıları sıxır, narahat edir, sənin "mən"liyinə qarşı neqativ bir fikir və münasibət yaradır.
Eqoizmin pozitivliyi. Burada "mən"dən başqaları da var. Birinci "özün haqqında düşünmək" sonradan "başqaları haqqında düşünməy"ə gətirib çıxardır. Öz enerjini, fikirini, vaxtını daha çox özünə yönəltməklə özünü tanıma imkanı yaranır. Bu özünə sevgi yaradır. Bizə isə illərdir öyrədiblər ki, özündən başqa hamını sev. Ailəni sev, ata-ananı sev, allahı sev, dini sev, dövləti sev, vətəni sev, müəllimi sev, cəmiyyəti sev. Özündən başqa hamını sevmək -budur eqonu yaradan. Həqiqətdə isə heç kim sevmək istəmir, sevilmək istəyir. Və sən sevgiyə acsan. Çünki özündən başqa hamını sevmisən və hər kəs haqqında düşünmüsən. Sən hamını sevdin, bəs səni kim sevsin? "Özün haqqında düşünməmək" sonradan "özünü düşünməy"ə gətirib çıxardır. Pozitivdən neqativə keçir. Fikir versəz görərsiz ki, vaxtını özünə ayıran, başqalarına az vaxt ayıran adam daha çox uğur qazanır. Burda başqalarına göz yumma yoxdur, sadəcə özünü daha yaxşı və pozitiv insana çevirmə var. İnsanlar istəyirlər ki, sən vaxtını, enerjini, düşüncələrini ailəyə, dövlətə, onların özlərinə yönəldəsən ki, içində aclıq -EQO yaransın. Onda səni idarə etmək asanlaşır, çünki sənin "mən"liyinə toxunmaq və hərəkətə keçirmək asan olur. Bir qadını sevmək də elə o cürdür. İçindəki qadını öldürəndən sonra başqa qadına ehtiyacın yaranır. Daxilində özünə qarşı sevgi yoxdur deyə başqasının "səni sevirəm" sözünə möhtacsan. Bu söz içindəki sevgi aclığını doyuzdurur, eqonu sığallayır. Bu, sənin xoşuna gəlir.
Xülasə, Eqo aclığın nəticəsində yaranır. Sevgi və diqqət aclığının. Heç kim sənin yerinə sevə bilməz, sən də heç kimin yerinə sevə bilməzsən. Heç kim sənin həyatını yaşaya bilməz, sən də başqalarının. Ac adam vəhşidir, acından ölməmək üçün özündən başqa heç kimi düşünməz və başqalarını fəda edər bu aclığa görə. Amma tox olanda bunu etməyə ehtiyac yoxdur. Çünki sevirsən, özünə dəyər verirsən, nəhayət toxsan. Deməli, səninlə birlikdə başqaları da var...
9 iyun 2015