Əsgər məktubu
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 21:15 16 yanvar 2016 tarixində əlavə olunmuşdur

 Salam, əsgər! Bu məktubu sənə sevgi, həsrət, qürurla yazıram. İlk dəfədir ki, bu qədər uzun müddətə səndən ayrılıram. Bir ay mənə bir il kimi gəlir.

 Bu günə qədər, gözümün nuru, səni Vətəndən başqa kimsəyə etibar etmədim. Çox arzulamışdım səni. Heyranlıqla baxardım əsgər analarına. Oğlum oldun, dünyanın ən xoşbəxt qadını oldum! Böyüdün məktəbə getdin, məktəbli oldun! Böyüdün universitetə getdin, tələbə oldun! Böyüdün, igid oldun, əsgər getdin, əsgər anası oldum!

Səninlə qürur duyuram, oğlum! Andiçmənə gəldiyim gün səni əsgər formasında görəndə gözümdən yaş axdı. Babanı həmin formada dəfn etmişdik. O şəhid olanda nənəm atamın qanlı əsgər papağını başına qoyub, hərbi salam vermişdi. O gün nənəmi anlamamışdım. Yazıq qadın havalanıb sanmışdım. Bu gün anladım, oğlum! Nənəm oğluyla qürur duyurdu. Mənim səninlə qürurlandığım kimi!

Əziz balam, sənin üçün çox darıxsam da, ürəyim rahatdır. Gözümün ağı-qarasını Vətənə əsgər yola salmışam. Silahdaşlarınla birgə Vətənimizin keşiyindəsən. Sizin sayənizdə biz gecələr rahat yatır, gündüzlər işləyirik. Sizin sayənizdə uşaqlar məktəbə gedir, kəndlilər torpaq becərir. Mərd ol, mənim balam! Qoy soyuq səngər səni üşütməsin, çətinliklər əsla səni qorxutmasın. Əsgər gərək dözümlü ola, oğlum! Arxanda mənim kimi minlərlə ana-bacıların duası var. Vətən uğrunda ölməyə dəyər. Amma sən çalış yaşa, əsgər balam! Yaşa ki, düşmənin cavabını layiqincə verəsən. Yaşa ki, Qarabağda vəhşicəsinə öldürülmüş babalarının, dul qalmış qız-gəlinlərin, qardaşsız qalmış bacıların, oğulsuz qalmış anaların qisasını alasan! Yaşa ki, anaların, dul qadınların başından qara şalı açasan. Yaşa ki, şəhid ruhları şad edəsən!

 Unutma, sən şəhid nəvəsisən! Baban 92-ci ildə o torpaqlarda can qoydu. Onda mən çox balacaydım. Ataya ən çox ehtiyacım olduğu vaxtda onu itirmişdim. Müharibəyə getdiyi üçün onu qınayırdım. Bu gün onunla fəxr edirəm! Şəhid qızı, əsgər anasıyam!

 Ordumuz günü-gündən böyüyür və güclənir. Xalqımızın sizə inamı, güvəni sonsuzdur. Qarabağı azad etmək sənin və sənin kimi igid əsgər balaların boynuna düşür. Vətənə inam, xalqa sədaqət sizə qələbəyə sövq edəcək. İnanıram ki, torpaqlarımızın müdafiəsi naminə qələbəyə qədər döyüşəcək, əzəli torpaqlarımız olan Ağdam, Xankəndi, Şuşa, Laçın, Füzuli və işğal altında olan digər torpaqlarımızı da erməni işğalçılarından azad edəcəksiniz! İnşallah, 2016-cı qələbə ili kimi tarixə düşər!

 Sənin timsalında cəbhə boyunca, döyüş növbəsində, qarovul xidmətində müsəlləh dayanan bütün əsgər balaları öpür, bağrıma basıram! Allah sizi qorusun, Azərbaycan əsgəri!

 Sevgiylə: Anan

 Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı müsabiqəsinə təqdim olunur.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+22=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0296 saniye