Artıq 2-3 gün idi ki, özünə rahatlıq tapa bilmirdi. Öldürülən snayperçinin hekayəsini süpürgəçi anadan dinləyərkən qadının göz yaşları ona material hazırlamaqda maneçilik törədirdi. Ondan başqa heç kəsin vecinə də deyildi deyəsən. Necə deyərlər, həyatdır bu. Yumruğunu sıxsa da, masaya vurmadı. Amma qəzəb yağan gözləri ilə ətrafındakıları seyr edirdi. “Axı bu qədər daşürəkli olmaz!” deyə zəif pıçıltı ilə söylədi. “O əsgər sizin qardaşınız, oğlunuz, yaxınınız da ola bilərdi.”
Və ani kəskinliklə masadan aralanarkən hər kəsin diqqəti bir anlıq ona yönəldi. “Nə halınız varsa, görün” pıçıltısını səsləndirib redaksiya binasını tərk etməyə başladı. Qoluna arxadan əl toxundu. Başını çevrib laqeydliklə baxdı.
-Nə var, Jalə?
-Yaxşısan, Nurlan?
-İlahi!-söyləyib gözlərini qapatdı. Dərindən nəfəsini dərib qolunu Jalənin əlindən qopartdı.-Nə istəyirsən?
-Mən? Heç nə.
-Çox gözəl. Sevindim. İndi isə getməliyəm.
-Axı...
Qızı dinləmədən sürətlə irəlilədi. Çıxışa təzəcə addımını atmışdı ki, qapının şüşəsindən Jalənin uzaqdan tələsik ona yaxınlaşdığı gördü. Başını bulayaraq çıxıb skamyada əyləşdi. Göz oxşayan yaşıllığı seyr edib dərindən köks ötürdü. Jalə yanında əyləşib boğazını arıtladı.
-Buyur, Jalə. Yenə nə?
-Bugünlərdə bir az qəribə olmusan.
-Əsgər öldürülür, bir anadan başqa heç kimin vecinə deyilsə, necə olmalıyam?
Jalədən səs çıxmadı. Nurlan kinayəli təbəssümlə gözlərini yaşıllıqdan çəkərək qıza istiqamətləndidi Jaləni dərin fikir bürümüşdü.
-Xeyirdir, Jalə?
-Əslində mən...
-Nə?
-Şey...Bir ailəvi tanışımız var. Hərbiçidir...
-Və?
-Üç gün əvvəl axşam bizə qonaq gəlmişdi. Eyvana keçib söhbət etdilər. Evimizi tərk edərkən atama dediyi söz eşitdim. “Fikrət, o əsgərin ölümünü digərləri ilə bərabər tutmaq nə qədər doğrudur?”
Nurlan dizlərinə dirsəklənib barmaqlarını bir-birinə keçirtdi.
-Bu, nə deməkdir?-səs tonu əvvəlkidən də soyuq oldu.
-Bilmirəm. Amma istəsən, yanına gedib öyrənə bilərik.
Nurlan Jaləyə nəzər saldı.
-Aydındır. Gedək.
“N” saylı marşruta minərək lazımi ünvana yollandılar.
-Bir dəqiqə, bir dəqiqə! Mənim jurnalistlərə veriləcək açıqlamam yoxdur. Lütfən, tərk edin buranı.
-Məni bir jurnalist kimi deyil, vətəndaş kimi görün.
Polkovnik tələbkar gənc jurnalistə və dostunun qızına bir baxış atıb kreslosuna yayxandı. Barmaqlarını masada taqqıldadaraq götür-qoy etməyə başladı. O, Nurlanı yaxşı tanıyırdı. Dəfələrlə sutkalıq həbslərdə olmuş, amma araşdırmalarından bircə addım da geriləməmişdi. Qardaşı Yusifin bir oliqarxın şirkətində çalışması ilə “toxunulmazlıq” statusu vardı. Jaləyə gəlincə isə, cəmiyyətin sosial problemlərini işıqlandıran dostunun jurnalist qızı kimi deyil, bir öncül kimi tanıyırdı. Amma ən önəmlisi bu iki gəncin nə iqtidarçı, nə də müxalifətçi olmamalarında idi.
-Əyləşin,-deyib özü kreslodan ayrıldı.
Gənclər əyləşdilər. Polkovnik pəncərə önünə gəlib əllərini arxada birləşdirdi.
-O qurum...yəni adını çəkməyimə ehtiyac yoxdur, bilirsiniz onsuz da...Deməli belə: O qurum gizlidir. O əsgər də oranın üzvüdür. Və...Bax burasına əmin deyiləm, amma...Deyəsən, gənc əsgər ancaq qurum idarəçilərinin bilməli olduğu bir sirri öyrənib...İdarəçilər ona 2 təklif irəli sürüblər...
-Və əsgər qəbul etməyib, eləmi?
-Deyəsən, hə...Yuxarıda söz-söhbətlər gəzir, mən sadəcə oradan-burada eşitdiklərimə və dərin analizimə əsaslanıb deyirəm bunları. Yəni, yanılmış da ola bilərəm. Həm mən kiməm ki?! Şahmat taxtasında piyadalardan biri...Eləcə də o əsgər də...
Polkovnik üzünü pəncərədən çəkib gənclərə çevrildi.
-Amma sizlərdən xahişim var: Eşitdiklərinizi ictimailəşdirməyin. Sadəcə öz mülahizələrini yazsanız, kifayət edər. Yoxsa ölkəni qarışıqlıq bürüyəcək...Əslində özüm də bilmirəm ki, niyə öz şübhələrimi sizinlə bölüşdüm...Atan məni sadəcə əsgərliyə gedəcək oğlundan, yəni sənin qardaşından ötrü çağırmışdı, Jalə, son olay onu elə bərk sarsıtmışdı ki, hətta xəstəlik, ya da dəlilik kağızı yazdırmaqla qardaşını əsgərlikdən saxlatdırmaq istəyirdi...
Hər kəs süpürgəçi qadının ətrafına yığılmışdı. Ana skamya əyləşərək əlində bərk tutduğu süpürgəsi ilə gözlərini nöqtədən çəkmədən ağlayırdı. Bircə övladının adı artıq növbəti "Əsgər ölümlərinə son!" aksiyasında portretlə birgə çəkiləcək...