Eşidə, danışa bilən, amma danışmayan uşaq
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 19:22 06 yanvar 2015 tarixində əlavə olunmuşdur

Aytən iki yaşı tamam olmuş oğlu Fuadı izləyirdi. Xalçada oturub qatarla oynayan oğlu bu oyuncaqdan bezmirdi. Halbuki kiçik yaşlı uşaqlar bir oyuncaqla bu qədər uzun müddətli oynamazlar. Aytən bunu azdan-çoxdan bilirdisə, oğlunun bu analoji vəziyyətini o qədər də faciələşdirmirdi. Gülümsəyib divana söykəndi, abunə olduğu jurnalı açdı. 5 dəqiqə keçdi. Aytən gözlərini jurnaldan ayırıb oğluna yönəltdi. Fuadın durumunda dəyişiklik yox idi. Gənc ananı bürüməyə başlayan təlaş beynini qarışdırmağa başladı. Jurnalı kənara qoyub dizlərinə dirsəkləndi.

-Fuad...

Oğlu sanki eşitmədi. Qatarı o tərəf-bu tərəf sürdü.

-Fuad...

Vəziyyət dəyişilmədi.

-Fuad,- deyə bir az ucadan səslənib jurnal masasını döyəclədi.

Ayağa qalxıb oğluna yaxınlaşdı. Yanında əyləşib saçlarını qarışdırmağa başladı ki, Fuad qorxurmuş kimi başını yana çəkdi. Gənc ana anlaya bilmirdi, amma özünü itirməyib təbəssüm etdi. Oğlunun üzünü əlləri arasına alıb gözlərinə baxdı. Fuadın baxışları bu qadını tanımadığını işarə edirdi.

-Oğlum, mənəm, anan...

***

Axşam düşdü. Ata işdən gəlib əyin-başını dəyişdirdi, əl-üzünü yuydu, şam etdi və divana yayxandı. Jurnal masasını kənara çəkmişdi ki, ayaqlarına toxunmasın. Televizorda analitik xəbərləri izləyirdi. Birdən oğlunun qışqırıq səsini eşidib yerindən dik atıldı. Fuad gözlərini jurnal masasının boşalmış yerindən çəkmirdi. Özünü itirmişə bənzəyirdi. Nə edəcəyini bilmirdi.

Səsə mətbəxdən ana qaçaraq gəldi. Ata Fuadın qarşısında diz çöküb onu sakitləşdirməyə çalışırdı, amma Fuad ondan qorxuduğunu gizlətmirdi. Atasının qolları arasından çıxıb “yoxa çıxmış” jurnal masasından bir az aralıda dayanıb ayaqlarını yerə döyürdü...

***

Gecə şəhərin böyük qismi yuxuya qərq olarkən ata-ana qaranlıq zalda yanan şam işığında Fuad haqqında narahatlıqla danışdılar.

-Emin, nəyi ola bilər axı?-deyə soruşaraq əlini alnına qoydu.

-Bilmirəm, Aytən, bilmirəm,-ümidsizcə deyib ayağa qalxdı...

***

Növbəti 2-3 gün ərzində Fuadı həkimlərə göstərdilər. Hamı eyni sözü təkrarlayıb deməkdən əl çəkmədi ki, uşaq normaldır. Amma gənc valideynlər öz ürəklərini rahat edə bilmədilər...

-Bəlkə xaricə aparaq?-Emin sükanı idarə edə-edə soruşdu.

-Deyəsən, haqlısan,-Aytən arxa oturacaqda yatan oğluna kədərli nəzər salıb dərin kədərlə qeyd etdi..

***

İstanbul, Türkiyə.

-Xanım əfəndi, oğlunuzda autizm sindromu var.

Davamını eşitməyə gücü çatmadı. Onun üçün həyat öz fəaliyyətini dayandırdı. Beynində dəfələrlə əks-sədası verilən “oğlunuz autizm sindromludur” kəlməsi onun bütün varlığını titrədirdi. Nəfəsi çatışmırdı.

Saçlarının böyük qismi ağarmış Doktor Harun gənc ananın vəziyyətini görüb tələsik su dolu stəkanı əlinə aldı. Ayağa qalxaraq Aytənin qarşısında əyləşdi. Stəkanı ona uzadaraq sakit tonda dedi:

-Bu, Allahın sizə göndərdiyi sınaqdır. Valideynlər övladları ilə imtahan olunur. Autizm xəstəlik deyil, daun kimi fərqlilikdir. Mən o qədər ruhi cəhətdən qüsurlu adamlar görmüşəm ki, əqli, nitqi və fiziki məhdudiyyətli şəxslər onların yanında min kərə şükürlüdür. Bir də, hər şey sizin beyninizdədir. Oğlunuza xəstə kimi yanaşmayın, ayıb saymayın. Tanıdığım ailə var, uşaq anadangəlmə xəstədir, nə xəstəsidir, heç özləri də bilmirlər, uşaqla elə rəftar edirlər ki, Allah göstərməsin. Bunun bədəli gec-tez ödəniləcək. Karma qanunu onlara çox ağır başa gələcək. Autik uşaqların daxilində belə çağırış mövcuddur: “Mən autizmli biriyəm. Gündəlik həyatınızda sizin hiss etmədiyiniz səslər, qoxular mənim üçün çox narahatedici ola bilər. Kənardan baxanda sizi dinləməyən biri kimi görünə bilərəm. Amma bəzən dediklərinizi anlamıram. Ona görə mənimlə danışarkən sadə sözlərdən istifadə edin. Bəzən yaşıdlarımla oynamaq istəməyən kimi görünə bilərəm, ancaq necə oynayacağımı bilmədiyimdən belə davranıram. Edə bilmədiklərim yerinə, etdiklərimi görün və xüsusi bacarıqlarımı kəşf edin. Məni sevin, mənə kömək edin”.

Aytən doktoru dinlədikcə beyni açılırdı.Yanaqlarını isladan damlaları silib sudan qurtumunu aldı.

***

“Autizm” sözünü eşidəndə, yəqin ki çoxunuz “o nədir?” deyib təəccüblə çiyninizi çəkirsiniz. Bəlkə, bu, elə cəmiyyətdən gələn reaksiyadır. Çünki Azərbaycanda bu sözün mənası və bu durumda olanların yeri, hələ ki, qeyri- müəyyəndir.

Autizm - erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik bir pozuntudur.

Tanınmış "Yağış adamı" filmində əsas qəhrəmanlardan biri autizmdən əziyyət çəkən insandır. Bu filmdə autizm, onun simptomları və təzahürü çox dəqiqliklə əks etdirilib.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+15=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0282 saniye