Əsl müəllif
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 00:05 03 yanvar 2016 tarixində əlavə olunmuşdur

“Ən çox satılan”

“Ən yaxşı əsər”

“Ən yaxşı yazıçı”

Bu mükafatların əsl sahibi mənəm. MƏN! Amma and içmişəm. “Müəllif”ə söz vermişəm: Heç kimsə bu sirri öyrənməyəcəkdir.

Görəsən səhv etmişəm?

Yeniyetməlik illərimdən onun fanatıyam. Həvəskar olaraq hekayələr yazırdım. Onun təsiri aşıq-aşkar görünürdü. Evdəkilər mənim cızma-qaralarımı xoşlamırdılar, əllərinə keçən kimi dərhal zibilliyin qurbanı olurdular. Dəfələrlə mübahisələrimiz olmuşdu. Ailəm mənim ya bank, ya da hüquq işçisi olmağımı istəyirdilər. Mən isə ədəbiyyata maraq göstərirdim. Tətbiq edilən qadağalarım mənə yalnız bir xeyri dəyirdi, mən mübarizə əzmimi artırırdım, təslim olmurdum.

Onun sosial şəbəkə hesablarını hər an təqib edirdim. Həm gözəl idi, həm məşhur, həm bacarıqlı. On olan heyranlığım gün keçdikcə artırdı. O-mənim idealım idi. Onunla realda görüşmək, imzasını almaq, foto çəkdirmək-ən gözəl arzularımdan biri idi. Onun kimi yazmaq, onun kimi sevilmək-bu, sadəcə xoş xülyalar kimi görünürdü mənə.

Ailəmlə mübarizədə mən qələbə çaldım. Onlar mənim arzularımla hesablaşaraq bundan etibarən mənə dəyib toxunmayacaqlarına söz verdilər. Tələbə adını qazanar-qazanmaz onunla görüşmək üçün səbrsizlənirdim. Və o möhtəşəm gün gəlib çatdı. Universitet onu tədbirə dəvət etmişdi. Çox həyəcanlı idim. Əlimin altında təzə cızma-qaralarım hazıra nazir dururdular. Onları idealıma təhvil verərək rəyini soruşmaq fikrində idim.

Xəfif təbəssümlə hekayələrimə göz atdı. Üz cizgilərində dəyişiklik müşahidə olunmağa başlayanda narahatçılıq məni bürüdü. Tələsik növbəti hekayələrə keçdi. Nəfəsini tutub saxlaması məni gərginləşdirdi. Söz soruşub-soruşmamaq hüququmu itirmişdim sanki. Əgər gərgin vəziyyət davam edərsə, ayaqlarımda taqət qalmayacaqdı.

O gündən etibarən onun bütün yazılarının “müəllif”i mən oldum. Bir ilə yaxın olardı ki, yaradıcılıq böhranı keçirirdi. Heç nə yaza bilməməsi onun nüfuzuna ciddi zərbə endirə bilərdi. O isə bunu heç düşməninə də arzulamırdı. Ondan yazı gözləyən portala da, nəşriyyata da, yazar dostlarına da eyni yalanı söyləyib durmuşdu: Mövzu yoxdur! Həyatında yolunda getməyən heç nə yox idi. Həyat yoldaşı sağ, övladları salamat! Amma onlar da bilmirdilər, çünki bu barədə kiməsə ağız açmağı qüruruna sığışdırmırdı. İllərin şöhrəti başını gicəlləndirmiş, məst etmişdi. Uğurlarından qanad açıb uçmağa da hazır idi. Amma bir səhər yuxudan oyanarkən sanki nəyinsə əskik olduğunu hiss etdi. Bunu gec anladı.

Artıq ölümündən 5 il ötür. Həyatımın son 10 illik dönəmi məni çox məmnunluqlardan məhrum etdi. Hər kəsdən gizlin yazıb ona yollayırdım. Getdikcə ona təkcə  yazar gözü ilə deyil, eyni zamanda qadın kimi də baxmağa başladım. Cavan oğlan və yaşlı qadın münasibəti nin cəmiyyətdə necə reaksiya doğuracağını bilməmiş deyildim. Üzərimdə güclü təsiri vardı. O, mənim üçün yarı-tanrı idi. “Öl” desəydi, ölərdim. “Qal” desəydi, qalardım. Onun yolunda hər şeyimi fəda etdim, amma səhv etdim. Bunu ölümündən sonra anladım. Amma artıq çox gec idi. Mənə inanmayacaqlar. Ən əsası isə daha yazmamağımdır, çünki yaza bilmirəm. Ölümü ilə bu istedadımı yoxa çıxartdı.

Artıq yazmıram. Atamın yanında satıcı işləyirəm. Peşmanam, çox peşmanam. Kaş ki, onun qurbanı olmasaydım. Filoloq ixtisasına yiyələnsəm də, hələ də müvafiq işə düzəlməmişəm. Günahkar isə o qadındır. Məni işlə təmin etməli idi. Söz vermişdi. Gözlənilmədən dünyasını dəyişdi...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0277 saniye