Etiraf
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 23:42 09 dekabr 2015 tarixində əlavə olunmuşdur

Gözlərini açan andaca özünü hava şarında tapdı. Birdən ildırım görüntüləndi.

Anlamırdı. Nə baş verir? Burada nə işi var?

Çaşqınlıq və qorxu hissi işıq sürəti ilə hüceyrələrini əsir almışdı. Böyümüş gözləri qapanmaq bilmirdi. Əyilib aşağıya baxdı. Qaranlıqdan yüksələn səsdən səndələyib arxası üstə yıxıldı.

Dişlərini bir-birinə dəyərək səs çıxardırdı. Gözlənilmədən isidilmiş hava yüksəldi. Hava şarı uçmağa başladı. Gah sağa, gah sola istiqamətlənirdi.

O tərəf-bu tərəf dəyib çırpınırdı. Başı gicəllənir, mədəsi bulanırdı. Ayağa qalxmaq istəyirdi, amma hər cəhdində zərbəyə tuş gələrək təkrar sərilirdi. Üzü ağappaq ağarmışdı. Başı hər dəfəsində dəyərkən cızıqlar artırdı.

Anidən hava şarında vəziyyət stabilləşdi. Gözlərini isidilmiş havaya dikərək sinəsini ağır-ağır qalxıb endirdi. Əlini alnına qoyub özünə gəlmək üçün güc toplamağa başladı. Kürəyini qaldırıb əllərini ayaqlarının üzərinə qoydu.

-Qalx! Ayağa qalx!-deyə qaranlığın köksündən səs yüksəldi.

Adam iliyinə işləyən qorxusuna tabe olaraq ağrılara rəğmən ayağa qalxdı. Gözlərinə inana bilmədi. Atəş böçəkləri uçuşurdu. Getdikcə sayları artırdı. Gülümsəmək istədisə, qorxduğundan edə bilmədi. Birdən hava şarı kəskin sürətlə aşağı enməyə başladı. Adamdan tükürpədici səs yüksəldi, yenə də tarazlğını qoruya bilmədi. Və daş qayaya rast gəlibmiş kimi hava şarı sürətlənməsini dayandırdı.

-Qalx! Ayağa qalx!-həmin səs yenə peyda oldu.

Ona əmr ediləni yerinə yetirdi. Beyni yerindən oynanmış, gözləri dumanlanmışdı. Gicgahlarından qanlı maye süzülürdü.

-Kimsən?-güclə eşidiləcək səslə yalvardı.-Nə istəyirsən?

-Etiraf!!!

Adam əllərini “səbət”ə dayayıb özünə gəlməyə başladı.

-Nə danışır bu? Nə etirafı?-asta səslə pıçıldadı.

-Etiraf!!!

Hava şarı sağa-sola silkələnərək adamı “yaralamağa” davam etdi. Ona verilmiş səlahiyyətdən barbarcasına istifadə edirdi. Sanki buna haqqı vardı. Bu adamdan qisas alırmış kimi görüntü sərgiləyirdi. Hər zaman olduğu kimi “stop” düyməsini basaraq sakitləşdi.

-Günahını, cinayətini etiraf et!

Adamın əli “səbət”in kənarında göründü. Çoxlu sayda cızıqlar toplanmışdı. Üzü, boynu tər içində “üzürdü.” Nəfəs alıb-verişindən, səbəti sıxmasından, göz qapaqlarının qapanmasından nəsə olacaqmış kimi idi

-Kimsən?!-bağırdı.-Lənətəgələsən! Nə istəyirsən? Bura haradır? Nə işim burada?

Səs tonunu yüksəltdikcə əlinin altındakı “səbət” barmaqları ilə sıxma-boğmaya salınırdı. Dodaqların gəmirərək tər vasitəsilə alnına yapışan saçları gözlərini örtmüşdü.

-Etiraf et! Hər şeyi...

Qaranlığın tələbli səsindən daha da hiddətləndi. “Səbət”in 4 tərəfinə təpiklər endirməyə başladı. Özündən çıxmışdı.

-Səndən söz soruşdum: Kimsən?!-vəhşi bağırtı qopdu.

-Etiraf et!-qaranlıq səs “təmkinini pozmadı.”

Sonuncu damla ilə qədəh daşdıqca adam da “səbət”də təpikləri sayəsində deşik aça bilmişdi. Amma hesaba qatmadığı olay oldu. Hava şarı sürətlə yüksəlməyə, sağ-sol istiqamət boyunca silkələnməyə, aşağı-yuxarı hoppanmağa başladı.

Adam təkrarən yıxıldı, çırpıldı. Ayağının biri səbətdə açdırdığı deşiyə düşdü. Qan-tər içində əllərini işə salıb ayağını güc-bəla ilə “xilas edə bildi.” Sinəsində tutub saxladığı ağır nəfəsi azadlığa buraxaraq gözlərini yumdu. Ayağa qalxmağa cəhd etdi. Amma hər dəfəsində sürət hesabına tab gətirə bilmədiyindən səyi nəticə vermirdi. Axırda əllərini “səbət”in divarlarına dayayaraq qalxmağı bacardı.

Qaranlıq elə bunu gözləyirdi sanki. Hava şarını dayandırıb soruşdu:

-Etiraf etmək istəmirsən, eləmi?

Adam ağzındakı qanı səbətə tüpürüb əlinin tərsi ilə alnını sildi.

-Nə etirafı, lənətəgələsən?! Məndən nəyi eşitmək istəyirsən?

-Dostunu aldatmısan, ona yalan söyləmisən.

-Bir halda ki, bilirsən, nəyinə lazımdır?!-səbətə yumruq endirdi.

-Əgər etiraf etməsən yuxudan heç vaxt oyanmayacaqsan!

Adam əsəbi qəhqəhə çəkərək başını buladı. Hiyləgərcəsinə qıymış olduğu gözlərini qaranlığa dikərək əllərini rahat şəkildə səbətə dirədi.

-Yəni, mən yuxudayam?! Aydındır. Qorxulu heç nə yoxdur. Oyanaram, bitər.

-Sənə elə gəlir. Bu kabus bildiyin kabuslarda deyil. Əgər etirafdan qaçsan, əbədi yuxuya qərq olacaqsan.

Qaranlıq səsin ciddi tonu adamı udqunmağa məcbur etdi. Gicgahlarından süzülən qanı hiss etmirdi. Bu səsin söylədikləri real ola bilərmi? “Təbii ki, yox” düşüncəsi ilə özünə təsəlli vermək istədi. Birdən gözlərinin önündə özünü gördü. Yatağında yatırdı. Görüntünün yanında qum saatı peyda oldu. Zamanın yarısından çoxu getmişdi. Gözləri qorxdu. Vücudunu titrəmə bürüdü. Udquna bilmədiyindən gözləri dolmağa başladı. Başını dəlicəsinə buladı. İnanmaq istəmirdi. İndicə oyanacaq və hər şey sadəcə qorxulu yuxu olacaqdı. Gözlərini yumdu, amma açdığında heç nəyin dəyişilmədiyini gördü. Arxa-arxaya gedərək əlini dişlədi.

-Bu...bu...nə deməkdir?-titrək zəif səslə soruşdu.

Zamanın bitməsinə az qalırdı. Söz ehtiyatı bitib tükənmişdi. Nə edəcəyini, necə edəcəyini bilmirdi. Dili lal olmuş kimi idi.

Qaranlıqda ildırım guruldayaraq hava şarını hərəkətə gətirdi. Amma bu dəfə çırpılmırdı, sakitcə yüksəlirdi. Adam aşağıda qalan “özü” ilə saatına baxaraq gözlərindəki ümman boşluqla düşünürdü. Və bu düşüncələr ərəfəsində dilləndi:

-Dostumu aldatdım...Onun sevdiyi qızdan ötrü gecəç-gündüzüm yox idi...Qıza da etiraf etmişdim, amma rədd cavabı almışdım...Qüruruma sığışdıra bilmirdim...Mən ondan qat-qat yaraşıqlı, varlı idim...İçirdim, çəkirdim, dalaşırdım...Dostum isə məni özümə gətirməyə çalışırdı...Bilmirdi ki, mən onun sevdiyi qıza görə bu haldayam...Axırda qızı oğurlayıb zorladım...Sonra dostuma dedim ki, onu başqası ilə görmüşəm...

Birdən hava şarı dayandı. Başını qaldırıb baxdı. Gözlərinə inanmaqda çətinlik çəkdi. Qaranlığın əvəzinə göy qurşağı vardı...

Adam gözlərini açdı və bu kabus da bitdi...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+20=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0236 saniye