Evlilik ildönümü dueti
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 20:05 28 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bizim evlilik ildönümüz musiqi dueti ilə müşahidə olunmaqdadır hal-hazırda. Mən-piano, o-skripka. Tanış olarkən bilmirdik, çünki evliliyimiz saxta, kağız parçası üzərində idi. Bir-birimiz haqqında araşdırma apardıq, amma qarşı tərəfi haqsız çıxarda biləcək silah tapılmadı.

Ailələrimiz illərə söykənən tanışlıqları kimi bizlər üçün ən yaxşısını layiq gördüklərini dəfələrlə bildirmişdilər. Biz etiraz etdik-etmədik, onlar hər şeyi çoxdan planlaşdırmış kimi idilər. Artıq KİV-lər bizdən ağızdolusu danışır, sosial şəbəkələrdə müzakirə olunur, cəmiyyətə nümayiş olunurduq. İkimiz də uzun illər xaricdə oxumuş, işləmiş, yaşamış gənclər idik. Amma olayların bu həddə çatmasında o məni, mən də onu günahlandırırdıq. Bəzən yüksək səslə, bəzən səssiz baxışla, bəzən isə sındırıb-dağıtmaqla. Deyirlər ki, ən böyük sevgilər ən böyük nifrətdən doğar. Yalanmış, yalan! Aramızda nəinki sevgidən, hətta hörmətdən, dostluqdan söhbət belə gedə bilməzdi. Heç vaxt bir-birimizə toxunmadıq, bir-birimizə gülümsəmədik, bir-birimizin gözünün içinə baxmadıq. 7/24 sanki bir-birimizin varlığından xəbərsiz idik. Amma aramızda “kağız parçası” vardı. Cəmiyyət içində özümüzü xoşbəxt cütlük kimi göstərməli idik. Ailələrimizə, cəmiyyətimizə, özümüzə nifrət edirdik.

Hər səhər işə-şirkətə bir gedib bir gəlirdik. Heç nə olmamış kimi davranmaqdan, saxtakarlıq nümayiş etdirmək, ailələrimizin çiyinlərimizə atdığı yükü daşımaqdan bezmişdik. Hər axşam masa başında bir-birimizi soyuq, bivec baxışlarla süzürdük. Çünki bədbəxtliyimizdə özümüzdən daha çox, qarşı tərəfi görürdük. “Əgər o istəməsəydi...” Baxmayaraq ki, ikimiz də yaxşı-yaman bilirdik ki, heç birimizin günahı yoxdur.

Başımızı yastığa qoyarkən birimiz çarpayıda, digərimiz divanda olurduq. Bəzən ikimizdən biri anidən oyanıb su içmək, hava almaq, ayaqyoluna getmək kimi istəklərimiz olurdu, gözucu yatmaqda olan “həyat yoldaşı”na bir azacıq acınası nəzər salırdıq.

Evlilik ildönümüz davam etməkdədir. Ölkənin tanınmış ailələri əllərində qədəhlər, dodaqlarında təbəssümlər bizim duetimizi dinləyirlər. Artıq bizdən övlad gözləyirlər. İmkanımız olsaydı, bu insanları da, bu cəmiyyəti də, bu adətləri də yandırardıq. Gec-tez hesablaşma olacaq, amma o vaxta qədər biz “BİZ” olacağıqmı?

Duetimiz də həqiqətən möhtəşəmdir. Notlar sanki bizi, bizim çəkdiklərimiz, günahsız günahımızı hər kəsə ötürməkdədir. Bitdikdən sonra dərin boşluğa düşdük. Özümüzü tapa bilmirdik. Nə oldu birdən axı? Bir-birimizə baxmaqdan çəkinirdik sanki.

Hər kəs çıxıb getdikdən sonra gecənin tamaşasına çıxdıq. Ay hilal formasında idi. Ətrafda ruhu əbədiliyə məhkum edən gözəllikdən doğan sükut hökm sürürdü. İlk dəfə bir-birimizə gülümsədik. İlk dəfə bir-birimizin gözlərinə baxdıq. İlk dəfə bir-birimizi günahlandırmadıq. İlk dəfə özümüzü rahat hiss etdik. Bizim həyatımız bu gecədən başlanır. Qisasımızı bir alacağıq, məqsədimizə bir nail olacağıq...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+32=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0277 saniye