Əxlaq kodeksi
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 13:58 04 sentyabr 2016 tarixində əlavə olunmuşdur

Morez özünə görə pis oğlan deyildi. Düzdür, münasibətimiz o qədər yaxşı olmasa da, amma aramızdakı sərhəd az da olsa etikanın əlamətiydi. Ancaq biz tamamilə zidd adamlardıq. Dost yox, tanış idik. Yəni yaxın dost olmayacaq qədər bir-birimizdən uzaq adamlardıq. Mən Merkuri, o Pluton – o dərəcədə. Düşüncələrimiz, dünyagörüşümüz, temperamentlərimiz, arzularımız, maraqlarımız, qızlara yanaşma tərzimiz tamamilə fərqli idi. Əgər bizdə nəsə oxşarlıq tapsaydınız, mən də sizi Marilyn Manson-a oxşadardım.
Bayaq dediyim kimi mən bu Morez adlı oğlanla antaqonist idik. O, mentalitet düşüncəsiylə beynini qurutmuşdu. Gözlərində də hörümçək toruna bənzəyən din toru vardı. Hər şeyə bir istiqamətdən baxırdı. Beyni elə doluydu, nəsə yeni bir şey qəbul etmək iqtidarında deyildi. Əxlaq, din, mentalitet haqqında söhbətlərimiz mübahisəyə çevrilirdi, o dəqiqə qızışırdı. Dəlidi nədi bu!
Əlbəttə, Morez onun əsl adı deyildi. Bunu əvvəldən deməliydim. Bu adı ona ləqəb kimi qoymuşam. Mənası cəm formasında “əxlaq” deməkdir. Morez çox moralist, əxlaqçı adamdır. Xeyir, mənəviyyatçı deyildi, səhv salmayaq. Sadəcə, Morez adı mənim çox əxlaqdan, namusdan, qeyrətdən, ana-bacıdan danışan butulka başlara qoyduğum ironik-yumorik təxəllüsdür deyək.
Adətən sinifdə hansısa qızın zorlanması xəbərlərindən danışılır, cəmiyyətin buna reaksiyası və bir də bizim bu Morezin buna konvervativ münasibəti var. Daha doğrusu, konservativ yox, konserva. Çünki konserva qabında olduğu kimi onun da düşüncələri ölü balıqlardan ibarət idi. Və sinifdə heç kim olmadığından bu adam vəhşicəsinə zorlanmış qızın artıq əxlaqsız olduğunu, ondan-bundan gəzən qızın yaxud evlənmədən biriylə yatan qıza əxlaqsız, fahişə kimi baxırdı. Bu adam əxlaq nədir bilmirdi. Çox aqressiv adam idi. Hər şeyə bir istiqamətdən baxırdı. “Mən düzəm, sən səhvsən”prinsipi ilə. Yəqin özünüz başa düşürsüz ki, kiminlə qarşı –qarşıyam. Artıq neçəci dəfə idi bu Morezlə zəif, sadəlövh bir qızın aldadılması və yatağa çəkilib istifadə edilməsi və namus üstündə cinayətlər haqqında çoxlu fikir ayrılığımız və mübahisələrimiz olub. Buna görə məndən zəhləsi gedirdi ona qarşı çıxdığıma görə, mənim də ona yazığım gəlirdi ki, ətrafındakı insanların axmaq düşüncələrinin əsiri olub. Və bunu bilə-bilə və bir də dünən baş verən zorlanma xəbərinin yenə sinifdə müzakirə olacağını nəzərə alaraq, 1 günə əxlaq haqqında araşdırma apardım və sabahkı gün günə hazırlaşdım.
Sinifdə dözmədim bu Morezin pafoslu danışığına ondan soruşdum:
-Əxlaq nə deməkdir?
-Aaaa..-bir az susdu və fikirli-fikirli birtəhər dedi: -Özünü ədəbli aparmaq, qapalı geyinmək, oğlanlarla çox danışmamaq, abırlı olmaq da.. belə..
Bir anlıq düşündüm ki, bu adam Allahın cəzasıdır mənim oxuduğum sinifə göndərilib. İçimdə təəssüfləndim və ona dedim:
-Sənin bu dediklərinin sualıma cavab deyil. Sənin dediklərini Azərbaycanda milyon adam tanıyıram desin. Bu cavab ümumən əxlaq anlayışının tərifi deyil.
-Yaxşı de görək, əxlaq nədir? –özündən razı şəkildə soruşdu. Hiss etdim çətin olacaq bu adama nəsə başa salmaq. Amma artıq başlamışdıq, geriyə döndü yoxdur.
-Əvvəlcə müəyyənləşdirək “əxlaq nədir”. “Əxlaq” sözünə izahlı lüğətdə bu cür tərif verilir:
-İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar, mənəviyyat.
-İnsanın yaşadığı cəmiyyət və onu təşkil edən üzvləri ilə rəftarı və özüü aparma qaydası.
Deməli, 1-ciyə görə, əxlaq mənəviyyat deməkdir. Kiminsə daxili dünyasını bilmədən, mənəvi xüsisyyətlərini bilmədən ona əxlaq dərsi keçə bilməzsən. 2-cidə isə, başa düşdük ki, cəmiyyətin müəyyən əxlaq kodeksi var və sən onlarla yaşayırsan və ona görə davranmalısan. Gəl, söhbəti bir az da çürüdək və “əxlaqsız” kimə deyirlər ona baxaq: Əxlaqsız (sif.) –Əxlaqi pis, mənəvi cəhətdən pozğun. İzahlı lüğət belə deyir. Yəni fiziki cəhətdən yox, mənəvi cəhətdən pozğun.Məsələn, bir qız evlənmədən bir oğlanla yatırsa, ona əxlaqsız kimi baxılır. Niyə ki? Axı dedik ki, əxlaqsız mənəvi cəhətdən pozğun adamdır. Burda isə qız öz bakirəliyini itirib, fizioloji pozğunluq var. Bədənə aid olan bir şeydir. Bakirəliyin itirilməsinin əxlaqa nə aidiyyatı var?! Əxlaq mənəviyyatdır. Bunun bizim bədənimizlə heç bir əlaqəsi yoxdur. Nikah şəhadətnamən var və cinsi qanuni olaraq cinsi əlaqədə olub tələbatını ödəmisənsə əxlaqlısan, amma əlində peçatlı kağızın yoxdursa, deməli əxlaqsızsan, qanuni sevişməmisən? Bu yanaşma dini yanaşmadır. Sən dinin əxlaq anlayışıyla yanaşırsan hər şeyə. Bu obyektiv deyil və mənəviyyatla əlaqəsi yoxdur. Din deyir ki, bu savabdı, o günah. Qadın azad seksi seçdi zinakar oldu, əxlaqsız oldu. İnsanı cinsi tələbatına, seçiminə, zövqünə görə mühakimə etməyin özü qeyri-etik bir davranışdır. Əxlaqda yaxşı və pis anlayışları var. Azərbaycanlının əxlaq anlayışı müsəlmanın çürük əxlaq anlayışıdır.Çünki bu əxlaqın özü əxlaqsızlığa gətirir insanı. Zibil qutusuna tullanmalıdır. Bir qızın bakirə olub-olmadığına görə ona əxlaqlı ya əxlaqsız demək gülüncdür. Neçənci əsrdə yaşayırıq biz! Hətta bizim əxlaq anlayışımız belə seksuallıqla bağılıdır. İnsanın cinsi orqanına görə əxlaqlı ya əxlaqsıza ayıran “əxlaq” məhv olmalıdır, istifadədən qalxmalıdır. Bu ölü əxlaqı layiq olduğu zibilli torpaqda basdırın ki, soxulcanlar yeyib yox etsinlər ki, azad ola bilək!
Din və əxlaq mühakimələri bir-birindən fərqlidir. Din doqmaları (ehkamları) doğruluğu təcrübəylə yoxlanılmadan inanılan bir qrup düşüncələrə əsaslanır. Əxlaq mühakimələri zaman və şərtlərə bağlı olaraq dəyişmələrinə rəğmən, din mühakimələri bir cəmiyyətdə zaman və şərtlərə görə dəyişməz qalır. Dini mühakimələr sorğulanmaz. Əxlaq mühakimələri sorğulana bilər. Belə bir cümlə var – “Din –doğru olan nə olursa olsun, deyiləni eləməkdir. Əxlaq –deyilən nə olursa olsun, doğru olanı etməkdir”. 

Bir azdan əxlaq məsələsinə qayıdacam. Amma bu namus məsələsini aydınlaşdırmaq lazımdır.
Morez dözmədi:
-Bəs Aydın deyir ki, işıqlandırmaq lazımdır. –və öz səviyyəsində yersiz zaraft elədi. Sinif güldü. Müəllimin isə diqqəti məndə idi. Mən sözümə davam elədim səsimi bir az ucaldaraq.
-Namus deyəndə ağlınıza ilk nə gəlir? –soruşdum sinifdən. Biri dedi, arvadın ərinə xəyanəti. O biri “kiminsə ana-bacına sataşmaq” dedi. Digəri “qızı zorlamaq”, başqa birisi “ailə, vətən, əxlaq” dedi.
-Bəli, bu cavablar sizin üçün düzdür və qaneedicidir. Amma mənim üçün yox. Mən “namus” sözünün etimologiyasını araşdırdım və burda yazılıb –kağızı verirəm ki, özləri baxsın. Kağızda bu sözlər yazılıb:
“Ərəbcə nāmūs ناموس "qanun, adət-ənənə, qürur" deməkdir. (QEYD: Ərəbcə bu söz Aramicə/Süryanicə nmūs vəya nūmūsā נמוס/נומוסא "qanun" sözündən götürülüb.) Bu söz Qədim Yunanca nomós νόμος "qayda-qanun, ənənə" sözündən yaranıb”.
-Gördünüzmü ki, sizin düşündüyünüz kimi deyil. Hamının öz namusu var, yəni qayda-qanunu. Sizin dediklərinizdə namusda nəsə intim, cinsi maraq gizlənib. Buna görə də mənası “qanun” olan namus sözünə görə biz adam öldürürük. Mənasını bilmədiyimiz bir şeyə görə adam öldürürük. İzahlı lüğətdə də namus “ insanın öz şəxsi və ictimai davranışını təyin edən mənəvi və əxlaqi prinsiplərin məcmusudur” kimi bildirilir. Qısacası bizim kişilərimizin öz namusu yoxdur, onların namusu qadındır. Anası-bacısı-arvadı. Bu üçlüyə əsaslanır bizim namus anlayışımız. Bir də ucuz əxlaq anlayışımızla çox yaxın qohumluğu var. Əvvəllər deyəndə ki, filankəs çox namuslu, qeyrətli kişidir, təkcə bizim başa düşdüyümüz mənada yox, həmçinin həmin adamın düzgün, mərd, çalışqan, təmiz, vicdanlı adam olması nəzərdə tutulurdu. Başqasının haqqını yeməyən, daim ədalətli və zəhmətkeş adamlara deyirdilər bu sözü. İndisə heç kim demir ki, filankəs namuslu kişidir. Bunu artıq demirik. Deyirik ki, kişidir, kişi adamdır. “Kişi” sözünün arxasındakı namus sözünü atdıq qadının üstünə ( çünki artıq vicdanlı, düzgün, ədalətli, çalışqan deyilik) və qadın ikiqat namuslu oldu. Bizim namusumuz artıq qadındır və onu mütləq qorumalıyıq. Çünki namusumuz ondadır.
Yaddan çıxmamış bunu da deyim ki, əxlaqla və korrupsiyanın da incə və məntiqi əlaqəsi var. Korrupsiya sözünə ingilis və alman tərcümə lüğətlərində baxın, maraqlı sözlə qarşılaşacaqsız: “ƏXLAQSIZLIQ”. İngiliscə “Corruption” sözü “corrupt” sözünün isimləşmiş variantıdır, “bayağı, əxlaqsız, rüşvətçi, qoxmuş, pozulmuş” deməkdir. Korruption (alm.) – “əxlaqsızlıq” deməkdir. Sonrakı mənalarında rüşvətxorluq kimi də işlədilir. Deməli, belə çıxır ki, korrupsioner əxlaqsız adamdır. Əxlaqsız nə deməkdir? MƏNƏVİ CƏHƏTDƏN POZĞUN ADAM. Deməli, rüşvətxor adamın mənəvi dəyəri pozulub, yoxdur, vicdansızdır, hələ plus əxlaqsızdır. Elə ən əsası əxlaqsız. Amma biz kimə əxlaqsız deyirik Morez kimi? Açıq-saçıq geyinən qıza, gecələri evə gec gələn və oğlanla çox gəzən-danışan, sevdiyi oğlanla nikahsız yatağa girən qıza biz əxlaqsız deyirik. Biz fahişəyə də əxlaqsız deyirik. Halbuki “fahişə” ərəb sözüdür, mənası “bədənini sataraq pul qazanan” deməkdir. Yəni əxlaqsız demək deyil. Biz əxlaqsız deyirik ona cəmiyyətimizdə bu qədər rüşvətxor ola-ola. Biz gərək əxlaq haqqında düşüncə trayektoriyamızı qızın cinsi orqanından rüşvətxorun cibinə yönəldərək dəyişək. Bunu edə bilsək, artıq əxlaqsızlar rüşvətxorlar olacaq, cəmiyyət onlara pis baxacaq. Və beləcə bu cür düşünən insanlar dövlət aparatında yer tutacaqlar və korrupsiyaya qarşı müharibə elan edəcəklər. İkinci mərhələ kimi isə, maaşlar artacaq və nazirlərin, varlı adamlarının gəlir-xərclərini nəzarət edən bəyannamə qəbul ediləcək. Korrupsiya adlı əxlaqsızlığı bu cür məhv etməli olacağıq. Əxlaqsız “pərdəsi” cırılan deyil, dövlətin cibinə girib xalqı soyan rüşvətxordur!
Bu sözlərdən sonra sinifdə hay –küy başladı.Elə bu vaxt zəng vuruldu, dərs bitdi. Bir az açıq-saçıq danışmışdım onlar üçün. Əxlaq haqqında fikirlərim onların “əxlaq” haqqında düşüncələrini necə deyərlər, fucklaşmışdı.Morez də bilmədi nə desin, amma nəsə deməliydi və dedi də: “Beynini belə şeylərlə yorma”. Və getdi. Sinif isə nəyi baş düşməsə də, bu bakirəlik, azad seks məsələlərini yaxşı anlamışdı. İnanmıram ki, bu sinifdə kiminsə əxlaq haqqındakı düşüncəsi dəyişdi bu sözlərdən sonra. Amma gənc qadın müəlliməm mənə diqqətlə baxıb susurdu. O başa düşmüşdü mən nə demək istədim.

 

 

1 aprel 2015


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+33=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0234 saniye