Eyni günu və taleni bölüşən iki məşhur aktrisa
Şəfiqə Şəfa tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 20:25 03 iyun 2016 tarixində əlavə olunmuşdur

İyunun 1-i iki dünya şöhrətliaktrisanın doğum günüdür:Merilin Monro və Nərgiz. Biri qərbin, digəri şərqin simvolik qadını... İnanclardan yan ötməsək, eyni gündə, ayda, ildə doğulanlar arasında mütləq tale, həyat tərzi bağlılığı olmalıdır və bu mənada da haqqında bəhs edəcəyim bu iki məşhur qadın arasındakı qəribə bağlar bir daha çoxlarımızın görməzdən gəlməyə cəhd etdiyimiz müəmmaları yenidən göz önünə gətirəcək. Sueverlikdə qınamayın, mistifikasiya həmişə dibi görünməz, içində nələrin saxlandığı bulanıq dərya kimi məni özünə çəkib. Odur ki, ara-sıra o dəryanın dibinə baş vururam, amma gördüklərimə başqalarının da şahidlik etməsinə tələsirəm.

Keçək mətləbə... Hər iki aktrisa zamanının bir nömrəli məşhuru olub, onları səhnəyə gətirənlərin gözləntisini qat-qat aşacaq qədər irəliyə gediblər. Yaşadığı zamanın tələblərindən kənara çıxaraq, atdığı cəsarətli addımlar, pozduğu mental dəyərlərlə barələrində ikifikirlilik yaratsalar da, nəinki sevənlərinin, hətta sevməyənlərinin də marağında olublar.

Merilin Monro – ölümündən 50 ildən artıq keçməsinə baxmayaraq, hələ də dünya filminin ikonu, ilahəsi hesab olunur. Bəlkə də heç bir aktrisa onun qədər belə əbədi şöhrət görməyib və görməyəcək. Günümüzdə ən nüfuzlu dizayn işləri, reklam, tekstil sahələrində onun müxtəlif rəsmlərindən yararlanırlar. Onun saç düzümündən tutmuş, geyimləri, hərəkətləri, makiyajı, mahnıları, hətta intihar üslübu belə sıravi ölümlülər arasında populyardır. Təsəvvür edin: məhz Monronun külli miqdarda dərman qəbulu ilə baş vermiş ölümü ondan sonra həm filmlərin, əsərlərin, həm də sıradan insanların "sevimli” ölüm səhnəsinə çevrilib.

Nərgiz – Dünyanı fəth etmiş ilk hind aktrisası. Məhz, onun çəkildiyi film "Oskar”a layiq görülüb. Onun rol aldığı hind filmləri bütün dünyanı dolaşıb. Onu böyük səhnəyə Rac Kapur gətirsə də, əslində Avropa və Amerikada Rac Kapuru ona görə tanıyıblar. Elə Merilin Monro Nərgizlə "Oskar” təqdimatında tanış olduqdan sonra, "Şərqin mavi gözlü kralı”nın filmlərinin daimi izləyicisinə çevrilib və həmin filmlərdən Rac Kapuru tanıyaraq, dünyanın ən yaraşıqlı kişilərindən biri hesab edib.

İndi digər bənzərlikləri möhtərəm diqqətinizə təqdim edək:

Hər iki aktrisa öz adını səhnədə dəyişib – Merilin Monro (Norma Cin Mortenson), Nərgiz (Fatimə Rəşid Abdul). İkisi də "Bəyazlar içində qadın” olaraq tanınıb. Merlin Monro məşhur uçuşan və ətəklərini tutmağa çalışdığı ağ paltardan sonra bütün dünyanın xəyallarına bu cür həkk olunub. Nərgiz isə məhz sevdiyi kişi – Rac Kapurun ağ qadın libasını sevdiyi üçün daim təqdimatlara, ictimaiyyətə ağ paltarda çıxıb.

Rac Kapur demişkən, uzun illər əfsanəvi məhəbbət yaşamalarına baxmayaraq, Nərgizlə evlənməyib. Çünki onlar tanış olanda Kapur evli idi və aid olduğu dini təriqətdə boşanma günah sayıldığı üçün həyat yoldaşını tərk etməyib, uzun illər Nərgizin evlilik tələblərinə baxmayaraq, boşanmayıb. Nəhayət 28 yaşlı Nərgiz "daimi məşuqə” obrazından bezdiyi, utandığı üçün Rac Kapurdan həmişəlik ayrılaraq Sunil Datla ailə qurub. Nərgizin özünün dediyinə görə, ən çox ata-anasından utanarmış, çünki onun atası zəngin, buddist ailədən olmasına baxmayaraq, bütün nəsil-nəcabətindən, mirasdan imtina edərək, dinində günah sayılmasına rəğmən, Nərgizin anası ilə evlənmək üçün İslam dinini qəbul edib. Demək, əsl sevgi üçün bütün dünyəvi səbəblər bəhanədir, bəlkə də Rac Kapurun sevgisi yetərli səviyyədə olmayıb. Amma o da yaxın tarixdən bəllidir ki, Nərgizlə ayrılıq Racı bir kişi olaraq, həm də yavaş-yavaş məhv edib. Ya Nərgizi qısqandırmaq üçün, ya da qadınlara qəlbində nifrət yarandığı üçün tez-tez (evli olmasına baxmayaraq... Boşanmanı günah hesab eləsə də, xəyanəti "savab” sayıb) qadınları dəyişib, içkiyə qurşanıb və nəhayət... QİÇS xəstəliyindən dünyasını dəyişib. Amma bu fakt uzun müddət gizli saxlanılıb, onun məhz astmadan öldüyü irəli sürülür. 

Günah olmasa da, qınaq qorxusundan daha bir məşuq evlilikdən boyun qaçırıb – Con Kennedi! Merilin Monro da sevdiyi evli kişini arvadından ayıra bilməyib, çoxsaylı səyləri isə yalnız öz ziyanına işləyib. Getdikcə psixoloji durumu zəifləyib və intihara təşəbbüs edib. Bu dəfə Monro özü çox bəyəndiyi Rac Kapurun "çoxsaylılıq” üsulundan yararlanıb. Yeri gəlmişkən, psoxoloqlar deyir ki, insanı sevgidən, münasibətlərdən soyudan, bədbinliyə sürükləyən də məhz partnyorların tez-tez dəyişdirilməsidir.

Yuxarıda qeyd etdiyim kimi, hər iki qadın dövrünə görə cəsarətli seçimlərə əl atıb. Nərgiz – Hindistanda ilk dəfə saçını kəsdirən, filmdə çimərlik paltarında görüntülənən, şərq dünyasında qəbuledilməz sayılsa da, məşuqunun olduğunu, onunla birgə yaşadığını etiraf edən aktrisa olub. Təbii ki XX əsrin 40-50-ci illəri üçün bu Hindistan kimi milli-mənəvi dəyərlərə üstünlük verən ölkədə xoş qarşılanmırdı. (Maraqlıdır ki, Hindistanda belə cəsarətli "ilk”lərin çoxu müsəlman aktrisalarına aiddir. İlk dəfə Vahidə Rəhman açıq libaslarda səhnədə rəqs etmişdi. İlk dəfə gözəllik müsabiqəsinə yarımçılpaq çıxan da məşhur müsəlman aktrisa Zinət Aman olmuşdu. Yenə də Aman ilk dəfə sinəsini açıq şəkildə filmdə göstərmişdi. İlk dəfə filmdə fransızsayağı öpüşü də müsəlman aktrisa Fəridə Cəlal etmişdi). Bununla belə Nərgizə olan sevgi onu ümumxalq qınaqlarının məngənəsinə sala bilmədi.     

ABŞ mənəvi-əxlaqi məsələlərdə Hindistan qədər olmasa da, həmin dövrlərdə bu ölkədə də qəbuledilməz məqamlar çox idi. İlk dəfə plastik cərrahiyyəyə "hücum” edən Monro maya qoyduğu hissələrini də paltar altında gizlətmək istəmədi. Və ən açıq-saçıq paltarları geyinmə cəsarəti, hətta geyinməmə cəsarəti də bu xanıma aid idi. İlk dəfə o, tam çılpaqlığı ilə fotokameralar önünə keçmişdi. Dövrünə görə ən erotik filmlərə də Monro çəkilir, kişi jurnallarını "ana bülbül” şəkilləri ilə bəzəyirdi.

Gördüyünüz kimi, bu iki aktrisaların həyatı arasında təsadüfi bənzərliklər çoxdur. İndi məhz bir ayda, bir gündə doğulub fələyin "eyni talelilər” siyahısına düşdüyünə görəmi, təsadüfmü, hər halda faktlar öz sözünü deyir. Cəsarətləri ilə, gözəllikləri, fərqlilikləri, istedadları ilə həm Merilin Monro, həm də Nərgiz dünya tarixinin ən nüfuzlu qadın aktrisaları arasında yer alıb. Bəlkə də elə hər qadının edə bilmədiklərinə əl atdıqları, dözə bilmədiklərinə sinə gərdikləri üçün?..


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+36=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0285 saniye