Arvadımla qonaq otağına daxil olduq. Otaqdan mamır və rütubət qoxusu gəlirdi. Az qala bir əsr işıq üzü görməyən otağı işıqlandıran kimi saysız-hesabsız siçovullar yan-yörəyə dağılışdılar. Qapını arxamızca bağlayanda külək künclərdə qalaqlanmış kağız-kuğuzu tərpətdi. İşığı bu kağızların üstünə tutub köhnə məktublara, orta əsrlərə dair təsvirlərə göz gəzdirirdik. Zamanla rəngini dəyişmiş divarlarda ulu nənə-babalarımın portretləri asılmışdı. Sanki əcdadlarım şəkillərdən soyuq, qəddar baxışlarla baxır, bizi narazı halda burunlayırdılar.
Otağın sukutunda ayaq səslərimiz ətrafa yayılır, öskürəyimin səsi əks-səda verirdi. Bayırda külək vıyıldayır, sanki fəryad edirdi. Daş boruda elə bil kimsə ağlayırdı. Bu iniltidə bir ümidsizlik sezilirdi. İri yağış damcıları tutqun, çirkli pəncərələri döyəcləyirdi.
– Eh, əcdadlarım! – mənalı-mənalı ah çəkdim. – Əgər mən yazıçı olsaydım, sizin portertlərinizdən ilhamlanıb uzun bir roman yazardım. Axı bu qocaların hər biri nə vaxtsa cavan olub və onların hərəsinin özünəməxsus həyat hekayələri var. Bax elə götürək bu ulu nənəmi! Bu eybəcər qadının çox maraqlı bir hekayəti olub. O küncdən asılmış güzgünü görürsən? – deyə ulu nənəmin portretinin əks olunduğu qara, bürünc çərçivəli güzgünü göstərib arvadımdan soruşdum. – Bu güzgü sehrlidir: nənəmi də məhv edən elə o oldu. Nənəm bu güzgüyə dünyanın pulunu veribmiş və ölənədək ondan ayrılmayıbmış. O, bu güzgüyə səhər-axşam durmadan baxır, hətta yemək yeyəndə belə ondan əl çəkmirmiş. Yatanda belə güzgünü yanına qoyurmuş. Öləndə isə vəsiyyət etmişdi ki, güzgünü onun qəbrinə qoysunlar. Amma güzgü qəbrə yerləşmədiyindən qadının son arzusunu yerinə yetirə bilmədilər.
– O, yəni belə nazlı qadın idi?
– Deyək ki, hə. Ancaq məgər onun başqa güzgüləri yox idi ki? Niyə məhz digərlərini deyil, məhz bu güzgünü sevmişdi?! Çünki, əzizim, bunda nəsə sehrli bir qüvvə var. Başqa cür ola da bilməz! Deyilənə görə bu güzgüdə iblis oturub, mənim də nənəmin belə müəmmalı şeylərə həvəsi varmış. Əlbəttə, bu cəfəngiyatdır, amma şübhəsiz ki, bürünc çərçivəli güzgü sirli qüvvəyə malikdir.
Güzgünün tozunu silib ona baxanda özümü gülməkdən saxlaya bilmədim. Mənim gülüşüm əks-səda verdi. Güzgü əyri idi və mənim bədənimi əcaib formalara salırdı: burnum sol yanağıma tərəf əyilmiş, çənəm isə elə bil iki yerə bölünmüşdü.
– Nənəmin də qəribə zövqü varmış! – dedim.
Arvadım urkək addımlarla güzgüyə yaxınlaşıb baxdı – elə o anda dəhşətli bir şey baş verdi. Qadın kağız kimi ağardı, bütün əzaları titrədi və qışqırmağa başladı. Əlindəki şamdan yerə düşüb dığırlandı, şamı söndü. Bizi qaranlıq əhatələdi. Elə o dəqiqə ağır bir şeyin düşdüyünü eşitdim: arvadım huşunu itirmişdi.
Küləyin kədərli uğultusu daha da artmışdı. Siçovullar sağa-sola qaçışır, kağızları xışıldadırdılar. Pəncərənin dəmir süngüsü qırılıb düşəndə qorxudan ətim ürpəşdi. Bədirlənmiş ay sanki bizə baxırdı...
Dərhal arvadımı qucağıma alıb əcdadların sirli evindən çıxardım. O, yalnız növbəti günün axşamı özünə gələ bildi.
– Güzgü! Məmin güzgümü verin! – ayılan kimi ilk dediyi söz bu oldu. – Hanı mənim güzgüm?
Sonra o, bütöv həftəni yemədən, içmədən, yatmadan yalvarırdı ki, güzgünü ona gətirim. Ah-zar edir, saçlarını yolur, özünü yerə sürtürdü. Nəhayət həkim dedi ki, belə getsə o, üzüntüdən ölə bilər. Məcbur qalıb birtəhər qorxularımı yenərək həmin köhnə evə gedib nənəmin güzgüsünü gətirdim. Arvadım güzgünü görən kimi sevincdən qəhqəhə çəkdi, sonra onu qucaqlayıb öpüşlərə qərq etdi. Gözünü heç cür güzgüdən çəkə bilmirdi.
Beləliklə, həmin hadisədən on ildən artıq vaxt keçib, amma hələ də arvadım güzgüsündən bir an belə ayrılmır.
– Doğrudanmı bu mənəm?! – deyə hər dəfə öz-özünə pıçıldayanda sifəti qürur və sevinc ifadəsi ilə allanırdı. – Əlbəttə, mənəm! Hər kəs yalan deyir, bu güzgüdən başqa! İnsanlar, hətta ərim məni aldadır! Ah, İlahi! Əgər mən özümü daha əvvəllər bu güzgüdə görsəydim... Əgər belə gözəl olduğumu bilsəydim bu adama ərə gedərdimmi?... O, mənə layiq deyil! Mənim ayağımın altında ən yaraşıqlı, ən nəcib cəngavərlər sürünməlidirlər!
Bir dəfə arvadımın arxasında dayanmışdım. Təsadüfən onunla bərabər mən də güzgüyə baxdım və bu sirri gözlərimlə gördüm; güzgüdə həyatım boyu heç vaxt rast gəlmədiyim, gözqamaşdırıcı gözəlliyi ilə ağlı başdan alan bir qadın dayanmışdı. Bu, təbiətin möcüzəsi, gözəlliyin harmoniyası, zərafət və məhəbbət idi! Axı nə baş verirdi? Bu nə deməkdi? Axı mənim çirkin, baxımsız arvadım güzgüdə necə belə gözəl görünə bilərdi? Bu mümkünmüydü?...
Demə, əyri güzgü arvadımın eybəcərliklərini hərtərəfli ört-basdır edirmiş. Güzgü elə cilalanmışdı ki, öz əyriliyi ilə sanki çirkinliyi düzəldib gözəlləşdirirdi. Necə deyərlər, iki mənfi bir müsbət yaradırdı!
İndi biz ikimiz də güzgünün qarşısında oturub bir dəqiqə belə ayrılmadan ona baxırıq: mənim burnum yenə də əyri güzgüdə sol tərəfə meyillənib, çənəm ikiyə bölünmüş kimi yanlara əyilib. Amma arvadımın üzü elə cazibəli, əsrarəngizdi ki, bir dəli ehtiras mənə hakim kəsilir.
– Ha-ha-ha! – vəhşicəsinə qəhqəhə çəkirəm.
Arvadımsa güclə eşidiləcək səslə pıçıldayır:
– Mən necə də gözələm!