Əziz dostum!
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 11:43 25 noyabr 2014 tarixində əlavə olunmuşdur

Əziz dostum, salam!
Mən adım "Heç kim"dir. Bəli, bəli. Adım məhz belədir. Qəribə gəlir, eləmi?! O zaman diqqətlə məni dinlə, əziz dostum!
Sənə tam səmimi şəkildə "Əziz, dostum" deyə xitab edirəm və sən təəccüblənirsən. Şəxsiyyəti naməlum olan bir adamın ya yaddaşsız, ya da dəli olduğunu düşünürsən. İncimirəm, əziz dostum. Düz sözümdü...
Mən indi qaranlığa qərq olmuş kabinetimdə əyləşirəm. Barmaqlarım arasında tüstülənən siqaretə baxıb külqabına basıram. Söykənib gözlərimi qapadıram.
Aradan qısa müddət keçdikdən sonra ayağa qalxıb pəncərəyə yaxınlaşıram. Əgər sən, əziz dostum, mənim hansısa bir meqapolisdə yaşadığımı düşünürsənsə, yanıldın. Mənim yaşadığım məkan gözlərdən çox uzaqlarda yerləşir. Burada gecə möhtəşəmliyi yoxdur, hətta sıfır dərəcəsindən də betərdir. Əhalinin çox az və kasıb qismi öz həyatlarını burada davam etdirir. Burada nə qadına qadın kimi, nə kişiyə kişi kimi, nə uşağa uşaq kimi, nə yaşlıya yaşlı kimi, nə də xəstəyə xəstə kimi baxırlar. Ümumiyyətlə, "insan" sözü yerli-dibli yoxdur burada. Gənc qızların fahişəlik etmələrinə, uşaqların dilənmələrinə, cavanların narkotik aludəçisi olmalarına, qadınların hər gecə döyülmələrinə,  kişilərin fəhləlik etmələrinə, xəstələrin ölmələrinə, yaşlıların gözyaşlarına laqeyd yanaşırlar. Bəli, bəli, əziz dostum. Siyahını davam etdirə bilərəm, amma lazım deyil zənnimcə...
Əziz dostum, mənim millətim, dinim yoxdur. Mən afrikalıyam, hindliyəm, çinliyəm, ingilisəm, türkəm, rusam, yəhudiyəm, ərəbəm, farsam, musəviyəm, xristianam, buddistəm, müsəlmanam,ateistəm, deistəm, panteistəm və digərlərindənəm. Mən sənin ən etibarlı dostun və ən qəddar düşməninəm...
Saç-saqqalım ağarmağa başlayıb artıq. Yaşımla maraqlanırsansa, 40-ı keçmişəm, əziz dostum. Bir ailəm vardı. Gözəl və sevimli həyat yoldaşım, 3 yaşlı qızım vardı. Mən İraqa, sonra Əfqanıstana sülhməramlı kimi göndərildim. "Sülhməramlı" sözünə aldanma. Mənim gördüklərim dəhşətli mənzərələrə, eşitdiklərim silinməz səslərə "SÜLH" adı qətiyyən yaraşmır. O lənətəgəlmiş silah səsləri hələ də qulaqlarımdadır. Mən qəddarlaşmışdım. Özümdən asılı deyildi. Nifrət edirdim silahlara. 3-4 "sülhməramlı" yoldaşımın ölümlərinə bais olmuşdum. Ay-hay! Nə məhkəməsi, əziz dostum?! Ört-basdır etdilər və cinayəti terrorçu-kamikadzelərin üstünə atdılar. Bax belə!
Din hansı məqsədlə yaranıb?! İnsanları bir-bir qırdırmaq məqsədilə? Deyəsən, hə. Çünki dünyada din qədər insanlara hökm edəcək ikinci qüvvə yoxdur. Hər nə qədər "Din-insanın xilasıdır" sözləri xoşməramlı olsa da, bu reallıq öz qanuni gücünü qoruyub saxlamaqdadır.
Əgər din elmi özünə hər zaman tərəfdaş bilsəydi, bəlkə də bütün bunlar olmazdı...
Missiyam bitdiyində evimə qayıtdım. Qadınımı, qızımı öpüb qucaqladım. Amma hər gecə yuxumu zəbt edən kabuslarım peyda olmağa başladı. Gördüklərim və eşitdiklərimdən aldığım travma məni əsəb xəstəsinə çevirirdi. Boş yerə sevdiklərimin üstünə qışqırıb onları incidirdim. Özümə qayıdanda xatırladıqlarımdan utanırdım, dönə-dönə üzr istəyirdim.
Ailəmi özüm məhv etdim. Lənət olsun! Günahkar özüm ola-ola, arvadımı, qızımı günahlandırırdım.
Uzaqlaşdım. Yaşadığım şəhərdə tamamilə uzaqlaşdım. Və indi buradayam. Heç buranın sakinləri bilmirlər kiməm, nəçiyəm. Maraqlarında deyiləm. Öz dərdləri özlərinə bəsdir.
Televizoru açıb divanda əyləşirəm. Marsda həyat axtarışı haqqında geniş reportaj verilir. Acı-acı gülümsəyirəm, əziz dostum.Axı bu axtarış nəyə lazımdır, hə?! Yer kürəsinin problemləri bir deyil, iki deyil, üç deyil. Söhbət təkcə müharibələrdən getmir. Məhv olan yaşıllıqlar, ovlanan delfinlər, nəsli kəsilən heyvanlar, daha nələr-nələr. İnsan ticarəti var, "ağ ölüm" var. Afrikada aclıq çəkənlər var, minlərlə xəstəlikdən dünyasını dəyişənlər var. İrq ayrıseçkiliyi var-hələ də "qaradərili" sözünü nifrətlə qeyd edənlər var, dini məhv edənlər var-uşaqları zorlayan din xadimləri, öz fətvaları ilə ürək bulandıran din adamları var. Gələcəyimiz olan uşaqların naməlum taleləri var-biri bomj həyatı yaşayır, biri maşın şüşələrini silir, biri oğurluq edir...
Əziz dostum, bir gün gələcək-bütün müharibələrə son qoyulacaq. Bir gün gələcək-silah, narkotik, insan biznesi iflasa uğrayacaq. Amma o gün bəşəri hisslərin məhvi olacaq.İnsanların robotlaşmalarına az qalıb, çox az... 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+6=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0291 saniye