Əziz və sevgili həyatım
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 10:44 08 noyabr 2015 tarixində əlavə olunmuşdur

Tanışlıq verim: İşsizin biriyəm. Bütün günü avaralanıram, özümə normal qazanclı iş tapmağa çalışıram. Amma lənətəgəlmiş şəhərin lənətəgəlmiş insanlarına mənim kimi ali təhsilsiz, yetimin biri heç lazım da deyil. Odur ki, 5 gün orada, 10 gün burada qan-tər tökürəm, qarşılığında isə tüpürüləsi gülünc məbləğ alıram. Darısqal evim var, içində olan var-yoxların heç biri nəinki köhnədir, hətta işlək vəziyyətində deyil. Məsələn, televizor 2 ilə yaxındır ki, işləmir. Çox da vecimədir sanki. Kiçik radiom var, qardaşımın hədiyyəsidir, hər səhər və axşam dinləyirəm, dünyada və ölkədə nələr baş verir öyrənirəm. Mobil telefonumda internet yoxdur, güc-bəla ilə danışığa pul yükləyə bilirəm ancaq, iş yoldaşlarım və müdirlərim olmasaydılar, heç bunu da etməzdim. Soyuducuda 2-3 yeyinti məmulatı var, çox vaxt evdə yemirəm. Rəhmətlik qardaşımın çarpayısından istifadə edirəm. Geyimlərimi isə heç sadalamayım, əsl biabırçılıq!

Ata-ana nədir bilməmişəm. Məni böyüdən, oxudan, yemək-içməyimi verən, yatızdıran, sağaldan, danlayan qardaşım olub. Həyətdə, məktəbdə uşaqlar mənə ilişmirdilərsə, qardaşımın sayəsində idi. Yuxusuna haram qataraq, sağlamlığındakı pozuntulara əhəmiyyət vermədən səhər-axşam müxtəlif iş yerlərində canla-başla çalışmışdı. İstirahət nədir, bilməmişdi. Sırf qardaşıma görə anamla atamı heç vaxt bağışlamayacağam. Əgər onlar avtobus qəzasının qurbanı olmasaydılar, qardaşım bu qədər əzab-əziyyətə düçar olmazdı və həyatdan bu qədər tez köçüb getməzdi. Yadımdadır, bir qızı platonik sevirdi, rəisinin qızı idi deyəsən. Həmin qızın fotosu təsadüfən əlimə keçmişdi. Qardaşım vərəmdən dünyasını dəyişəndən qısa müddət sonra həmin qızı tapıb nifrətimi ona qusmuşdum. Qonşularımız, qardaşımın tanış-bilişləri 3-nü və 7-ni verdilər. Əgər qardaşım sağ olsaydı, universitet oxuyacaqdım, bakalavr, magistr olacaqdım. Əgər qardaşım sağ olsaydı, bu yaşımda özümə normal qazanclı iş axtarışının dərdində olmazdım. Əgər qardaşım sağ olsaydı, lənət (!), əgər sən, qardaşım, sağ olsaydın, mən bu zibil günlərə düşməzdim. Başa düşürsən?! Və ən əsası, mən əsgərliyə gedib gəldikdən sonra evimi o vəziyyətdə tapmazdım. Hamısı, hamısı, hamısı sənin günahındır. Canın çıxmalı idi, amma məni ata-ana kimi buraxıb getməməli idin.

Deyəsən, mən də qardaşımın taleyini yaşamaq üzrəyəm. Bir qızı sevirəm. Yox, yox, rəisimin-müdirimin qızı deyil. Sadə qızdır. Restoranda aşpaz işləyir. Onunla dayanacaqda dəfələrlə qarşılaşmışam. Beləcə tanışlığımız başlayıb. Ata-anası yoxdur, bacı-qardaşını təkbaşına dolandırır. Çox ilıq təbəssümü var. Tanışlığımız gücləndikcə onun evinə ayaq açmağa başladım. Bacı-qardaşı məktəbli idlər. Məni xoş qarşılamadılar. Sanki mən bacılarını əllərindən alacaq bədheybətin biriyəm. Yavaş-yavaş mən onlara, onlar da mənə öyrəşdilər. Hər axşam onlarla nahar edirdim, bəzən isə gecəni o evdə, divanda keçirdirdim. Bütün məhəllə bizi ağ yuyub qara sərmişdilər artıq. Qulağıma söz gəlib çatdı ki, sevdiyim qız əvvəllər “kimlərinsə artığı” olub. Deyilənlər də haqlı imiş. Özü mənim gözzlərimə baxa-baxa etiraf etdi. Əsəbimə hakim ola bilməyib onun üzünə şillə çəkdim, səsimi başıma atdım, ağır təhqirlər işlətdim. Günlərlə evə yoluxmadım, öz evimə qapandım, işə zorla gedib gəlirdim, böyüyümə qarşı əfv edilməz ifadə işlətdim, təkrar işsiz qaldım, əvvəlki işlərimin birinə qayıdış etdim, siqareti siqaretə caladım, gülünc qazancımı içkilərə xərclədim, küçə qadınlarından istifadə etmək kimi hüququm da çatmırdı.

Mən sadəcə qurbanam. Atamla-anamın, qardaşımın, sevdiyim qadının qurbanı. Ey həyat, sən nə qəribəsən! Mənim günahım olmaya-olmaya nələrə düçar etmisən məni, amma ümman günahları, səhvləri, cinayətləri olanları isə əla yaşayışla təmin edirsən. Tüpürüm sənin riyazi məntiqinə, bədii düşüncənə! Məni bu qədər məhrumiyyətlərə məhkum etməməli idin. Söyləsənə, ruhum bədənimə qovuşmazdan öncə keçmişdə nə kimi faciələrə yol açmışdı? Bu karmanın səbəbi nədir? Arzu edirəm ki, orqan mafiyasının qurbanı olum. Ən böyük arzumla səndən qisasımı almaq niyyətindəyəm, əziz və sevgili həyat!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+15=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0242 saniye