“Şüşədəki məktub” adlı növbəti əsərimin təqdimatı keçirilirdi. Müxtəlif yaş kateqoriyalarından olan oxucularımın imzalı kitab arzularını ürəklərdə qoymamağa çalışırdım. Kiçik masa arxasında əyləşərək oxucuların adlarını soruşub qeyd edirdim. Sıra mədəniyyəti gözlənilən idi. Əllərində kitab öz növbələri çatanadək dost-tanışlarla söhbət edənlərlə yanaşı, tək-təhnalığı ilə seçilənlər də az deyildi.
Uzaqdan bir nəfər özünəməxsusluğu ilə seçilirdi. Kapüşonlu və saqqallı adam idi. Əllərini boz cins şalvarının ciblərində gizlətmişdi. Çiynini söykədərək izləyici rolunu oynamaqdan başqa heç nə etmirdi. Hər kitabı imzaladıqdan sonra qısamüddətlik onun olduğu istiqamətə baxırdım. Bu adam məni izləyir, yoxsa mənə elə gəlir? İçimdəki sakitlik getdikcə pozulmağa başlandı. Artıq əlim gərginlikdə az qala titrəyirdi. Özümü ələ alıb gözlərimi bir anlığa qapatdım, dərindən nəfəs alıb özümü sakitləşdirməyə çalışdım.
-Şəhla xanım, nə oldu sizə?-cavan qız narahat olub yavaş səslə soruşdu.
-Hər şey qaydasındadır,-söyləyib özümü sakitləşdirdim və onun gözlərinə baxaraq gülümsədim.-Adınız, xanım qız.
-Leyla- deyə cavabladı.
Adını qeyd edərək imzaladıqdan sonra hər nə qədər baxmaq istəməsəm də, qeyri-ixtiyari həmin adamın dayandığı istiqamətə yönəldim. Sol əlini qaldırıb kapüşonu geri itələdi.
Nəfəsim tutuldu. Gözlərim təəccübdən böyüməyə başladı. İlahi! Bu-o idi. Bir zamanların məşhur musiqiçisi Oqtay Fərman.Dəniz mavisinə çalan gözləri ilə məftunedici aurasının gücü vardı.
O və bacısı Nərmin-öz dövrlərinin ən tələbkar musiqiçilər idilər, amma bir-birləri ilə rəqabət aparırdılar. Bəli, bəli. Rəqabət!!! Əgər ögey olsaydılar, başa düşülərdi. Amma belə deyildi. Dosdoğma, eyni qanı daşıyan bacı-qardaş idilər. Hələ uşaqkən it-pişik münasibəti getdikcə azalmaq əvəzinə artıma doğru gedirdi. Ata-ana hər nə qədər onları cəzalandırıb ağıl öyrətmək istəsələr də, bütün səyləri nəticəsiz qalırdı. Nərminin ondan bir sinif üstün oxumasına baxmayaraq bacısı ilə qiymət “sazişi imzalamışdılar” öz aralarında. Əslində onlar düşmən münasibət bəsləmirdilər bir-birlərinə, sadəcə bir-birlərindən üstün olmağa çalışırdılar. Hətta Oqtayın və ya Nərminin qulağına bir-birləri haqqında hansısa mənfi hadisə çatan kimi o dəqiqə bir-birlərinə olan it-pişikliyi unudaraq dayaq olardılar bir-birlərinə. Nərmin piano, Oqtay isə skripka üzrə özəl dərs alırdılar. Tələbəlik dövründə də vəziyyət dəyişilməz olaraq qaldı. Müxtəlif zaman və məkan çərçivələrində təşkil olunan konsertlərlə rəqabət möhkəmlənirdi. Əsl istedad və əsl rəqabət. Hətta vəziyyət o yerə gəlib çatmışdı ki, tanınmış şirkətlər onlarla müqavilə də imzalamışdılar. Hər axşam evə qayıdıb isti qəhvə içə-içə bir-birlərini kinayəli təbəssümlə izləyirdilər bir-birlərini. Nərminin universiteti bitirib əlinə diplom alması ilə bərabər faciənin başlanğıcı qoyuldu. Nərmini qarşılıqsız sevən biri vardı-Həsən. 4 illik sevginin sonu onu tamam başqa adama çevirdi. Qatil oldu. Qarşılıqsız sevdiyinin qatili. Əlində bıçaqla şəhər mərkəzində hər kəsin gözü qarşısında ilk və son qətlini törətdi.
Mən o zaman birinci kurs idim. Tərcümədə oxuyurdum. Hər bir mədəniyyətşünas kimi mən də onları izləyirdim. Düzünə qalsa, Oqtay idi mənim favoritim. Bilmirəm niyə, bəlkə də qız olduğum üçün. Hətta bir dəfə ondan avtoqraf da almışdım, sevincimin həddi-hüdudu yox idi, uşaq kimi sevinirdim. Onun dəniz mavisinə çalan gözlərinə baxıb təbəssüm edərkən burnuma çırtma vurub uzaqlaşdı məndən. Qətl hadisəsi mənə pis təsir etmişdi, axı mən onun qardaşına “aşiq” idim. Göz yaşlarım qurumaq bilmirdi. Oqtayın qeybə çəkilməsini qəbul edə bilmirdim. O, nə günah sahibidir axı? Niyə bacısının qatilini özü sayır? Aradan keçən müddətdən sonra yavaş-yavaş unudulmağa başlandı. Oqtaya qarşı belə laqeydlik məni az qala dəli etmişdi. Bir-iki dəfə qapını döyüb valideynlərindən yerini soruşurdumsa, çarəsiz ata-ana göz yaşları içində boğula-boğula onun yerini tapana bir sərvət verəcəklərini deyirdilər. O, mənim beynimi əsir etmişdi. Hər yerdə Oqtayı düşünürdüm. Bunun da mənfi nəticələri özünü göstərməyə başlayırdı: dərslərimdə axsayırdım, gecikirdim, rəfiqələrimlə münasibətim pozulurdu, ailəmlə münaqişə yaşayırdım. Elə düşünürdüm ki, heç kim məni görmür, eşitmir, anlamır. Soyuq qış günlərinin birində onu anidən qarşımda tapdım. Gözlərimə inanmadım düzü. Laqeydliklə mənə baxıb yanımdan ötüb keçdi. Anidən özümə qayıdıb qarşısını kəsdim.
-Nə var?-kobudcasına soruşdu.
-Sən…sən…-dilim söz tutmurdu.
-Nə mən, hə, nə?-az qala çığırdı.-Mən yoxam, yox! Əclafam, alçağam, murdaram! İndi isə uzaq dur məndən!-deyib məni itələdi.
-Amma…-şok yaşayırdım.
-Bax! Yaxşı bax!-qəzəblə deyib çənəmdən yapışdı.-Hə, baxdın? Yoxsa yenə baxmaq istəyirsən? Nə deyirəm ki?! Etirazım yoxdur.-söyləyib dodaqlarımı öpdü.
Mən o anı sözlə ifadə bilmirəm. O, əvvəlcə sərt şəkildə məni öpürdüsə, getdikcə yumşaqlaşma prosesi baş verirdi. Gözlərim yumulmuş halda təcrübəsizliyimlə nə edəcəyimi bilmirdi. Məni divara söykədib alnını alnıma dayandı.Xırıltılı səslə pıçıldadı:
-Bağışla…Etməməli idim…
Onun isti nəfəsini üzümdə hiss edirdim və bu, məni titrədirdi. Üzümü əlləri arasına alıb alnımı öpdü. Sonra toz oldu. Mən uzun müddət yaşananların təsirindən çıxa bilmədim. Özümə qayıdanda artıq axşam düşmüşdü…
3 il keçmişdi artıq və mən onu kitabımın təqdimatında uzaqdan seyr edirdim. Mənə bir xeyli baxdıqdan sonra kapüşonunu başına keçirdib getməyə başladı.
Səhəri onun intihar xəbəri ilə açdım. Gecə gicgahına dayadığı silahdan özünə qəsd etmişdi.