Fahişə
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 17:50 10 sentyabr 2016 tarixində əlavə olunmuşdur

O, bu gün nəhayət qərara aldı ki, danışacaq. Cəsarətini toplayıb bu gün axşam hər şeyi ata-anasına danışmalıdır, yoxsa günü-günə satmaqla vaxtı uzatmaq və yola verməklə heç nəyə nail olmayacaq. Deyəcək ki, evlənməyə qərar vermişəm. Amma nə anası, nə atası bu şad xəbərdən sevinməyəcəklər. Çünki Anarın evlənmək istədiyi qız fahişədir!
-Ana, ata bir qızla çoxdan tanış olmuşam və münasibətlərimiz ciddidir. Nəhayət, razılaşdıq, çox götür-qoy elədik, uzun müddət düşündük – gözləməyin mənası yoxdu – və evlənməyə qərar verdik. Ümid edirəm ki, siz də mənə dəstək olarsınız, mənim seçimimə hörmətlə yanaşarsınız.
-Əlbəttə, oğlum. Bu nə sözdü?! Atanla mən sənin xoşbəxtliyindən başqa nə istəyə bilərik? Yaxşı, de görüm, - qəlbi fərəh və sevinc hissiylə dolan ana soruşdu: - o xoşbəxt qız kimdir? Biz tanıyırıq, qohumlardandı? Yoxsa universitetdən?
Anar dərindən nəfəs alıb, bu xoş sözlərlə başlayan xəbərin bəd sonluqla bitəcəyinə özünü hazırlayıb cavab verdi:
-Yox, tanımırsız...
Atası oğlunun tərəddüdünü görüb dedi:
-Bəs qız kimdi? Hardandı? Kimlərdəndi? Hə, arvad?
-Hə də, bilmək bizim haqqımızdır. Danış da oğul. Nəsə problem var?
Anar isə gözlərini yerə zilləyib durmuşdu. Dərin düşüncələrə dalmışdı. Bilmirdi desin-deməsin. Onsuz da cavab reaksiyasının necə olacağını əvvəlcədən bilirdi, amma yenə deməliydi. Onlar bunu əvvəl-axır biləcəklər o deməsə belə. Və nəhayət Anar bombanı partlatdı.
-Evlənəcəyim qızın adı Laladır. Onunla barda tanış olmuşam. Bəli, siz düşündüyünüz kimi yüngül əxlaqlı, gəzəyən qızdı. Sizinçün o, fahişədir, amma mənimçün sevdiyim və evlənəcəyim qadın! Sizin üçün layiq olmasa da, mənə layiq gözəl qadındır. Bakirəlik mənəviyyatla bağlı bir şey deyil, cinsiyyətlə bağlı bir şeydi. Bu da mənim şad xəbərim!
Bu sözləri eşidən valideynlər dəliyə döndülər. Az qala bu qara şok xəbərdən ağıllarını itirsinlər. Anası ağlayıb-ağlayıb huşunu itirdi, atası isə əsəbdən qızmış buğaya dönüb şığıdı oğlunun üstünə. Şilləliyə-şilləliyə oğlunu söydü:
-Ə, köpəkoğlu! Sən bizi ələ salırsan? A, insandan əmələ gəlib it olan! A, oğraş! Sən qohum-qonşu yanında biabır-rüsvay eləmək istiyirsən bizi? Hə, əclaf? Tüpürüm sənin kimi oğula! Utanmadan hələ bir oturub qarşımızda normal bir şey kimi danışır...
Bu cür söyüşlər davam elədi. Səs-küyə Anarın bacısı gəldi. Anasının vəziyyətini belə görüb ayıltmağa çalışdı. Anar isə yumruq, şillə və təpiklərin arasında əzilirdi. Axırda bezib qışqırdı:
-Bəsdi, ata!.. Bəsdi!.. ata.. Bəs... di.. Qurtar!.. Mən uşaq-zad deyiləm – deyib birtəhər aradan çıxıb öz otağına qaçdı.
Dava-dalaş sona çatdı. Əvvəlcədən bunların olacağı şübhəsizdi. Onda görəsən, Anar bu axmaqlığı nə üçün elədi? Bəlkə bu səfehlik deyil, əksinə, o, valideynlərinə nəyisə sübut etmək istəyirdi? Axı burda sübut ediləcək nə var?!
Evdəki davadan saat yarım keçmişdi artıq. Yaranmış sakitliyi hərdən atasının və anasının deyinmələri və ahu-nalələri pozurdu. Anar da öz otağındakı çar-payısında uzanıb fikirləşirdi. Atasının vurduğu zərbələrdən ağrıyırdı, amma oflamaq vaxtı deyildi. Bilirdi ki, işi çətindi və əgər belə demək olarsa, qeyri-mümkündür. Onlar onun istəyini qəbul etməyəcəklər. Ağlı başında olan ata-ana heç zaman bu cür şeyi qəbul etməz. Bu mentalitet məsələsi deyildi. Fahişə hər yerdə fahişədir, ana istər Amerikada, Çində, istərsə də Avstraliya və ya Afrikada yenə anadır. Bu arzulananın və düşüncənin əksinə bir inqilabi addımdır. Anarı isə bu addıma təhrik edən səbəb vardı. Yoxsa o, bu addımı atmazdı. Yaxşı bilirdi ki, bizim cəmiyyətdə cavan oğlanın dul və ya boşanmış qadınla evlənməyinə ana-ata razı olmaz, pis baxarlar həmin oğlana; o ki qaldı, bar fahişəsiylə. Heç bir valideyn icazə verməz ki, oğlu bakirə olmayan bir qadının ikinci əri hesab edilsin. Məhz bu bizim mentalitetə zidd şeydi. Əgər mentalitetə əks getsən, səni pisləyərlər, arxanca danışarlar (onsuz da hamı biri-birinin arxasınca danışır), bir sözlə, rahat yaşamağa qoymazlar. Anar kimilər bilirdi ki, bu mentalitet tabuları onları qırmaq, məhv etmək üçündü, daha da möhkəmləndirmək üçün yox.
Qonaq otağında ağlayıb-zırlayan anası belə oğul ona verdiyi üçün Allaha şikayət eləyirdi. Atası istər güc yolu ilə, istər sözlə bu məsələni həll edəcəyini düşünürdü. Özü vəzifəcə polis idi, nazirlikdə şöbə rəisi. Və əmin idi ki, bu məsələni kökündən həll edəcək nə olursa-olsun. Ramiz bəy əsəbi-əsəbi deyinməyə başladı:
-Bilmirəm, bu oğraş nəsildə kimə oxşadı! Hardan tapdı bu sürtüyü? Yox, sənin o biqeyrət, boynuyoğun qardaşlarına oxşadı, - arvadına üzünü tutub dedi. – Biri avara-avara küçələri gəzir, biri evli ola-ola ikinci arvad alır. Ata tərəfdən biqeyrət çıxıb ki!? Utanmadan, köpəyoğlu, öz Lalaşkasından danışır. Biz də buna inanıb ailəmizin, atasının-anasının gələcəyi deyirik.Deyirik, oğlumuz var. Mən cavan oldum bu qələti eləmədim, bu əclaf nəsildə qanıpozuğ kiməsə oxşamalıydı da!..
Səadət xanım göz yaşlarını salfetlə silib dilləndi:
-Ramiz, qurban səncanı, onu qoyma başımıza bu oyunu açsın. Cavandı, ağılsızdı, bir səhvdi eləyib. Atası olaraq sən onu düz yola gətir. Özünü düşünmür, qoy bizi düşünsün.
-Neyniyim, bu eşşəyi?! Otağına zəncirləyim, yoxsa evladlıqdan çıxardım? Bilmirəm biz harda səhvə yol verdik bu uşağın tərbiyəsində. Siz də heç nəzarət eləmirsiz bu küçüy hara gedir, hardan gəlir, - qızı Aynura və arvadına şikayətləndi. – Mən bütün günü işdəyəm, sizin üçün işdiyirəm. Evdə tapıldığımmı var? Siz bu evdə yaşamırsız, nəzarət edin də!
Aynur dedi:
-Ata, axır vaxtlar çölə çıxmırdı. Əvvəlki avara dostları vardı ha, kafeyə, çayxanaya, pleysteşna, TOPaz-a gedirdilər, artıq onlarla görüşmür. Otağında hey oturub kitab oxuyur, rep musiqisinə qulaq asır. Dedik, ağıllanıb, amma deyəsən, oxuya-oxuya dəli olub.
Onlar beləcə burada söhbət edəndə Anar ona məlum olan kontaktdakı nömrəyə zəng edib telefonu qulağına yaxınlaşdırdı.
-Alo. Lala. Salam.
Qız tanış səsi eşidən kimi sevinərək cavab verdi:
-Salam, Anar, necəsən? Nəsə olub?
-Hə, olub. Dedim hər şeyi.
-Evlənmək istədiyimizi?
-Hə.Qəbul etmədilər. Bir az dava elədik. –Anar qanamış dodağına əlini vurdu.
-Onsuz da bu bilinirdi. Guya necə olmalıydı ki? Anar biz sonu pis yola girmişik. Gəl, bu yoldan çəkilək.
-Nə danışırsan sən?
-Əsəbləşmə,inan səni sevdiyimdən belə deyirəm. Mənə görə başın çox ağrıyacaq. İşdi birdən möcüzə baş verdi evləndik desək də, rahatçılığımız olmayacaq. Sən elə bilirsən hər şeyi gizli edə bilərik? Bu gün atan-anan bildisə, sabah qonşular, dostlar, qohumlar eşidə bilər. Mənim qara köynəyimi qara ləkə kirlətməz, amma sənin ağ köynəyin kirlənəcək,Anar, başa düş.
-İndi deyirsən hər şeydən əl çəkək, təslim olaq? Hər şeyi qorxmadan danışdım. Məgər biz kiminsə fikrinə, hədə-qorxusuna görəmi bir-birimizi sevdik ki, ona görə də ayrılaq?!
-Bilirəm, Anar. Səni əvvəlkindən də daha çox sevirəm. Amma elə maneələr var ki, onu sevgi də keçə bilməz. Mən uduzmaqdan qorxuram!
-Biz uduzmayacağıq! Sən həmişə yanımda ol ki, sənə görə, sevgimizə görə, sənə əxlaqsız deyib özü əxlaqsızlıq edən cəmiyyətlə vuruşa bilim!
Elə bu vaxt Ramiz bəy evin qapısı ağzında telefonda kiminləsə qızğın danışırdı.
-Hə yeri axtarın, bu gün ya sabah onu tapmalıyıq. Bütün barları gəzin!
-..........
-Narahat olma, axtarışın adını mən qoyaram. Siz bircə adını çəkdiyim qızı tapın. Lazım olsa bütün Bakını gəzin, amma o qızı tapın. Tapan kimi mənə xəbər verin.
Atasının danışıq səsini yaxında eşidən Anar sevgilisiylə tez-tələsik sağollaşıb dedi:
-Yaxşı, sağ ol. Görüşənədək. İndi danışa bilmirəm, sonra zəng eləyərəm. Öpürəm.
-Mən də öpürəm.
Otağın qapısı döyülmədən açıldı. İçəri girən Anarın atası idi. Əvvəlkinə nisbətən sakit idi. Elə bil bu nəsə önəmli bir şeyi həll edəcəyinə inanan insanın təmkinliyi idi. Ata-bala sakitcə baxışdılar. Ramiz bəyin oğluna nə qədər acığı tutsa da, qərara almışdı ki, oğluyla dost və iki mədəni insan kimi danışsın. İstəyirdi hərəkətində, səsində, sözlərində bu inamı yaratsın. Anar çarpayısında qollarını dizlərinə söykəyərək atasına baxmadan səssiz oturmuşdu, atası isə oğlunun kağız, qələm və kitablarla dolu yazı masasının arxasındakı stulda ehtiyatla əyləşdi ki, oturacağın cırıltısı səssizliyə səs qatmasın.
-Hə, danış görək – deyə birinci ata başladı söhbətə.
-.....
-Hə, danış da. Evdə heç kim yoxdu: ananla bacını sürücüylə göndərmişəm getsinlər bir az gəzsinlər, alış-veriş eləsinlər özləriyçün. Gəl, ata-oğul kimi, iki kişi kimi danışaq!
-Nə danışaq? – Anar nəhayət həvəssiz dilləndi.
-Niyə Lala adlı fahişəylə evlənmək istəyirsən?
-Dedim axı sevirəm.
-Sən axı nə bilirsən sevgi haqqında?! Sən hələ uşaqsan, - özündən razı, çox bilən kimi deyindi Ramiz bəy.
Anar ironiyayla dilləndi:
-Hmmm... Niyə bala, fahişəylə evlənmək istəyirsən? Sevgi haqda nə bilirsən?.. Ata, icazə ver sənə bir sual verim: Əgər anam pis qadın olsaydı, onu yenə sevərdin və onunla evlənərdin?
Ramiz bəy hirsləndi:
-Bu nə axmaq sualdı!? Həddini aşırsan ha!..
-Cavab: yox. Görürsən, evlənməzdin. Təkcə sən yox, ata, bütün kişilər belə əxlaq keşikçiləridi, çoxüzlüdülər. Ümumiyyətlə, gerçəkdən əsas məsələdən danışaq: bilmək itəyirsən hə, niyə mən onun-bunun altında yatan, bədənini cındır pul kağızlarına satan qadınla evlənmək istəyirəm? O, əxlaqsız kişilərlə yatdığı kimi, mən də pozğun qadınlarla yatmışam. Çünki mən də onun kimi fahişəyəm!
Atası təəccübləndi, sifəti dəyişdi, gözləri bərəldi. Bu yaranan anlaşılmazlığı aradan qaldırmaq üçün sözünə davam etdi.
-... Üzündən oxuyuram ki, bu anlaşılmazlığı anlaşılan hala gətirməliyəm. Və sən fikirləşdiyin deyil. Mən kişi fahişəliyi ilə məşğul olmuram. Fahişəylə yatdığım üçün fahişəyəm. Gənc yaşımda çox böyük qələtlər, günahlar elədim. Səhv yoldaydım, və öz cılız və heyvani seksuallığımı idarə edə bləcək güclü, divar kimi möhkəm, sarsılmaz düşüncələrim, fikirlərim yox idi. Oxuduqca anlayıram ki, insanın əxlaqına, dininə, rənginə, vəzifəsinə görə deyil, özünə görə, ən əsası ürəyinə görə, mənəviyyatına görə hörmət etmək, münasibət qurmaq lazımdı. Necə ki, bir qız bir oğlanla yatan kimi, qadın-kişi olsun, hamısı onu qəhbə adlandıra bilir, eləcə də kişi üçün. Əgər mən subay vaxtı əxlaqsız qadınlarla yatırdımsa, necə sizdən, ya başqalarından tələb edə bilərəm ki, mənə təmiz, bakirə, oğlanlarla görüşməyən qız tapın. Mən buna layiqəm?Guya bu kişilikdimi? Hansı oğul istəyər ki, atası anasına xəyanət etsin. Amma ata bunu eləyir. Və elə axmaqca və səviyyəsizcə eləyir ki, bundan hətta uşaqlar da xəbər tutur. Bu da ailənin başında dayanan “biqeyrət” kişinin idarəsi altında əzilən tərbiyəli, məsum ailə!
-İndi nədən şikayətçisən? Artıq sənin təbirincə desək, pis-pis işlərlə məşğul deyilsən, düz yola qayıtmısan, kitablar oxuyursan, - o, əliylə stolun üstündə bir neçə kitabın adına baxıb sözünə davam edir: - “Quran”, “İncil” oxuyursan. Oşo və Nitsşe var aralarında. Stefan Çvayq, Dostoyevski, Lev Tolstoy,Balzak, Kafka, Şekspir və b. İndi nə istəyirsən? İndi düz yola qayıtmısan, istədiyin yaxşı həyat yaşayırsan. Niyə təmiz,tanıdığımız ailədən əxlaqlı qız almırsan?
-Sevmirəmsə, mənə belə bir qız lazım deyil.Ata, məni başqalarının əxlaqsız, nakişi adlandıracağı qorxutmur. Onlar belə deməyəcəklər də. Fahişəylə yatmaq bizdə kişilikdi. Amma mən bu kişiliyin üzərindən qara çarpaz xətt çəkirəm. İndi özüm-özümü günahlandırmaq zamanıdır.
Arada sakitlik yarandı.
Sükutu Ramiz bəy pozdu:
-Sən bilirsən ki, dəlisən? Sənin bu dediklərinin hamısı dəlilikdir!
Anar gülüb dedi:
-Dəli dəli olduğunu bilmir. Ən yaxşısı mənim dəliliyimi rəsmiləşdirmək üçün həkimdən dəli kağızı çıxartdırın rüşvətlə. (Anar yenə gülür)
-Neynəyək, onu da edərik. Day oğlumuz ağlını itirib bir soxulmuşla evlənmək istəyəndə ata-ana nə etməlidir?! Uşaqlarının xoşbəxtliyindən başqa nə istəyə bilər valideyn?
-Bəlkə mən sizin kimi xoşbəxt olmaq istəmirəm? Bəlkə mən evlənmək istəmirəm? – Anar sakit tonda dedi.
-Bəs onda niyə o qızla evlənmək istəyirsən?
-Siz deyirsiz evlənin.
-Başın xarab olub?! Biz sənə dedik, get fahişəylə evlən?
-Yox. Amma dediniz, oğul, evlənməlisən. Guya məni bunun üçün böyütməmişdiniz? Məqsədiniz məni evləndirmək və nənə-baba olmaq, nəvələrinizi qucağınızda oynatmaq deyildi? Vəssalam. Mən də dedim evlənirəm, amma sizin istədiyiniz qızla yox. Yoxsa mən heç evlənməzdim.
Ata razılaşdı:
-Yaxşı, evlənmə. Biz istəmirik sən evlənəsən. Səni heç nəyə məcbur eləmirik.
-Artıq gecdi, ata. Gecdi. Siz məni çox şeyə məcbur etdiniz, həmçinin buna. Ömrü boyu məni hər şeyə məcbur edin, yönləndirin, qoyun kimi böyüdün, sonra “biz səni heç nəyə məcbur etmirik, nə istəyirsən elə” deyirsiz. Yox...Mən artıq sizin oyununuzun qaydaları ilə oynamayacam. Siz valideynlər mənə plastinin kimi forma vermək, məni qılafa salmaq istəyirsiz. Mənsə sizin istədiyiniz şeyləri istəmirəm – lap mənim xeyrimə olmuş olsa da! İstəyirəm mənim öz qərarım, öz seçimim, öz səhvlərim – bir sözlə, öz həyatım olsun. İstəmirəm sizdən ömrümün sonuna kimi asılı kölə olmaq? Hamı məni zəncirləmək istəyir! Birinci də siz – ailəm. Ata-anam əl-qolumu zəncirləyir ki, sən bizim oğlumuzsan, bizim dediyimizdən oturub duracaqsan. Evlənirsən, həyat yoldaşın və uşaqların olur, onlar da səni boğazlarından zəncirləyirlər. Deyirlər ki, bizimlə nəfəs al, ömrünü bizə ver çürüt. Bir qısa ömrüm var onu da siz əlimdən almaq, zibilə çevirmək istəyirsiz. Çünki sizin valideynləriniz də eyni şeyi sizlər üçün edib. Beyinlərdə ancaq evlənmək! Evlənmək, arvadını hamilə eləmək və uşaq doğmaq üçün doğulmuş inqubator qadınlar. Yazığım gəlir hamısına. Ən başda isə özümə.
Anarın ürəyi sıxıldı və ayağa durdu. Pəncərəni açıb otaqda yüngülvari, yavaş-yavaş gəzməyə başladı. Bir az əsəbi və narahat idi.
Atası soruşdu:
-Nə üçün yaşayırsan indi? Qocalana kimi gic-gic bu kitabları oxumaq, ancaq öyrənmək, öyrənmək? Onda belə də hər şeyi öyrənəcəksənsə, universitet üçün təhsil haqqını boş-boşuna ödəməyək də! Belə-belə oxu görək, axırımız hara gedib çıxır! - deyib getməyə hazırlaşdı ki, Anar əsəbi şəkildə dedi:
-Mənə nə öyrətdin, ata? Mənə nə öyrətdin ki, onunçün yaşaya bilim? Sənin 20 ildə öyrədə bilmədiklərini, daha doğrusu, öyrətmədiklərini mən 20 həftədə bu kitablardan öyrəndim. Bunları heç kim öyrətməyəcəkdi –nə sən, nə də başqası. –Anar şəhadət barmağını atasına doğru yönəltdi : - Sən məni marionet kimi idarə etmək, öz arzu və istəklərinizlə mənim arzularımı, xəyallarımı boğub öldürdünüz! Düşüncəmi və hərəkətlərimi öz bildiyiniz səhv istiqamətə yönəltmək istəyirsiz. Mən bunlara mütləq qarşı çıxmalıyam! Yoxsa öz azadlığımı, öz xoşbəxtliyimi itirəcəm və düşdüyüm qaranlıq quyuda başqalarının qulağıma pıçıldadığı mənim olmayan azadlığı və xoşbəxtliyi axtaracam. Ədalətin və həqiqətin tabuta qoyulub gömüldüyü yerdə özümü yalanlarla xoşbəxt edəcəm. Mən belə yaşamaq istəmirəm.
Ata oflayıb, sonra səsini ucladıb qışqırdı:
-Nə istəyirsən? İstəyirsən sənin bir bar fahişəsiylə evlənməyinə icazə verək?-atası nədənsə “o qızla” sözündən çox, oğlu üçün qıcıqlandırıcı olan “fahişə” sözünü tez-tez işlədirdi. Yəqin bu onun xoşuna gəlirdi.
-Yox, onu istəmirəm. İstəyirəm məni başa düşəsiz.
-Bunun nəyini başa düşək?
-Elə başa düşülməyən yerini.
-Biz başa düşsək, başqaları başa düşmək istəməyəcək.
-Elə “başqaları, başqaları”. Cəhənnəm olsunlar! Onlardan mənə nə! Bu onların problemidi.
-Onlar çoxdu, sən təksən. Bacarmayacaqsan!
-Çoxluq önəmli deyil. Təkliklər də hərdən çoxluğa qalib gəlir.
-Onlar səni məhv eləyəcəklər, yaşamağa qoymayacaq!
-Atamsan, polissən. Sən məni qoruyarsan.
-Mən səni qorumayacam!
-Onda neyləyək, ölərik! Amma biləcəm ki, mənim fikirlərim, sözlərim məni öldürənlərin özlərindən çox yaşayacaq. Elə mənim özümdən də.
-Biz sənin yaşamağını istəyirik, fikirlərinin yox.
-Məni mən edən düşüncələrimdi. Onlar yoxdusa, mən də yoxam!
-Elə sən də bizim üçün yoxsan!! Sənə verdiyimiz tərbiyəyə, sevgiyə, göstərdiyimiz hörmətə heyif!
-Saydıqlarının yalnız quru adı var, ata!
-Səni övladlıqdan çıxardıram, mirasımdan, mal-mülkümdən məhrum edəcəm!
Anar bir az susub, düşüncəli-düşüncəli dedi:
-Hmmm... Ömründə ilk dəfə olaraq düz qərar verdin. Onsuz da Ramiz bəylə Anarı bir-birinə bağlayan ata-oğul münasibəti deyil, qan bağlılığıdır. Miras məsələsinə gəldikdə isə, ata, səni təbrik etməyə dəyər. Çalışacam, Allaha ürəkdən dua edim ki, mal-mülkünüzü, pulunuzu axirətə aparmağa icazə versin. Həmçinin gömrüklə problem çıxmasın – Allaha və Rizvana rüşvət verib cənnətə keçə biləsiniz. İnanın, dualarım sizinlədi,- deyir və ucadan gülür.
Ramiz bəy çox əsəsbləşir, oğlunun üstünə cumur və əl qaldırıb vurmaq istəyir ki, əlini havada qalır.
-Tərəddüd eləmə, ata. Onsuz da insanın deməyə sözü olmayandan sonra zorakılıq, güc tətbiqi başlayır. Bir şeyi bil ki, bu şillə mənim fikirlərimi dəyişməyəcək.
Qəzəbli Ata əlini aşağı endirib qapıya tərəf getdi. Sifəti hirsindən qıpqırmızıydı. Qapını açıb çıxmaq istəyirdi ki, arxadan səs gəldi:
-Ata!.. bağışla ki, hər şey bu cür alındı. Amma mən bunu etməliydim. Sizin sevginiz bir gün məni məhv edəcəkdi, daxilimdəki ali hissləri zorlayacaqdı. Mən artıq bu mühitdə və bu insanların arasında yaşamaq istəmirəm.
-Onda cəhənnəm ol, get! – dedi Ramiz bəy və qapını arxasınca bərk çırpdı.
Sonra evin çöl qapısının açılıb möhkəm örtüldüyü eşidildi. Ev kimi Anar da susdu.


Günəş batmağa doğru gedirdi. Qaranlıq çökürdü. Anarın atasıyla söhbətindən iki saata yaxın vaxt keçmişdi. Anar yatağında uzanmışdı, yuxulayırdı. Yuxulu fikirləri ilə qəmli-qüssəli düşünürdü ki, fikirindən dönməyənə qədər ailəsi onu heç vaxt bağışlamayacaq (əslində bağışlanmalı bir şey yoxdu) və ondan əllərini birdəfəlik üzüblər.
Bu düşüncələrə dalmışkən, birdən telefonuna Laladan zəng gəldi.
-Alo, Anar. Salam, necəsən? – qızın səsi telefonda hiss olunacaq dərəcədə titrəyirdi.
-Sağ ol, pis deyiləm. Nə olub, nəsə səsin yaxşı gəlmir? – Anar bir az narahat oldu.
-Yox, bir az xəstələnmişəm. Boğazım da ağrıyır. Soyuqlamışam yəqin, ona görədi. Ciddi bir şey deyil.
-Yaxşı, sənə vacib sözüm var. Vaxtında zəng elədin. Gəlim yanına, mütləq danışmalıyıq.
-Yox,Anar, xəstəyəm. Qripim də var. Sənə keçər. Rəfiqəmgildəyəm. Telefonda belə güc bəlayla danışıram, halım yoxdu. Çox yorğunam.
-Bəlkə həkim çağırım?
-Yox, lazım deyil. İki-üç günə sağalaram. Sən narahat olma.
-Yaxşı. Onda sabah hər şey bitir. Artıq ömrü boyu birlikdə olacağıq. Bir az pulum var, kirayə ev və iş də tapmışam. Yaxşı dostlarım çoxdu. Sabah evə köçürük, o biri gündə evlənirik – Anar bir-iki zəng etməklə hər şeyi təşkil edə bilmişdi. – Hər şeyi hazırlamışam. Razısan?
-Anar,.. sənə...
-Heç nə demə - Anar həyəcanla və ciddi şəkildə dedi: -Bircə de, razısan? Mənimlə evlənməyə, sonra imkan düşən kimi buralardan getməyə razısan?
Telefonun o biri tərəfindən anlaşılmaz boğuq səs gəldi bir anlıq.
-Alo,alo... Lala!..
-Anar...
-Hə, eşidirəm...
-Mən uzaqlara gedirəm. Burdan çox uzaqlara. Bir də məni görməyəcəksən.
-Nə danışırsan?! Ağlın başındadı? Səndən nə danışmışdıq! Hər şey istədiyimiz olacaq. Niyə birdən-birə fikrini dəyişdin? Gözlə, gəlirəm yanına. Ünvanı de rəfiqənin.
-Yox, yox, gəlmə. Onsuz məni tapa bilməyəcəksən. Şəhər kənarında bir yerdəyəm. Bağışla, Anar, hər şey bir oyun idi.
-Nə oyunu?! Nə danışırsan? –Anar cəld soruşdu.
-Hər şey, yaşadıqlarımız düzməcə bir oyun idi. Dostunla bir mərc girmişdim ki, səni özümə aşiq edəcəm. Bu adi zarafatdı. Sən yaxşı , sadəlövh oğlansan, gələcəyin qabaqdadı. Mənə görə, özünü məhv eləmə. Mən səni puluna görə sevirdim. Sənin necə bir varlı ailənin oğlu olduğunu bilirdim. Ona görə sənə yaxınlaşdım, sənlə tanış oldum. Hər şey oyundu, ssenari üzrə hərəkət edir...
Qız danışdan telefondan dəniz dalğalarının səsi eşidilirdi, küləklər əsirdi. Elə bil qız dəniz kənarında dayanmışdı. Anar hər şeyi başa düşdü və əsəbləşdi:
-Hardasan,Lala? Dənizin səsini eşidirəm. De, hardasan?
-Bağışla, Anar – telefon birdən söndü və xətt kəsildi. Bu qızın son sözləri idi.
-Alo, alooo. Lala!!!


Axşam saat 10-na işləmiş atası, anası və bacısı evə qayıtdılar. Anar isə otağında göz yaşları içində yuxuya getmişdi. Anası oğlunun otağına baxdı ki, oğlu öz çarpayısında üstüaçıq yatıb. Adyalla üstünü örtü.
Səadət xanım divanda rahatlanıb dərindən nəfəs alıb dilləndi:
-Nə yaxşı oldu gəzməyimiz. Alış-veriş elədik, dəniz kənarında gəzdik, stress atdıq.
Ramiz bəy: - Hə, elə oldu, - dedi. – Hərdən vaxt tapıb belə şeylər eləmək lazımdı. Yoxsa, bizim bu fərsiz oğlumuz öz sürprizləri ilə axırımıza çıxacaq, bizi vaxtından əvvəl qocaldacaq.
Sonra hər şeyi unudub, heç nə olmamış kimi güldülər.

* * *

Anar qızı 4 gün axtardı: ola biləcəyi yerləri gəzdi, tanış rəfiqələrindən soruşdu (əlbəttə ki, xəstə olmadığını bildi, bu da onun rəfiqəsində qalmadığını avtomatik təsdiqləyirdi) – onu tapa bilmədi. Heç kim 4-5 gündür Anar kimi nə onu görüb, nə də xəbər almayıb. Telefonu da cavab vermirdi. Qız son telefon danışığından sonra yoxa çıxmışdı.
Və beləcə uzun axtarışlarından yorğun qayıdan Anar evə gəlib otağına səssizcə, salamsız-kəlamsız çəkildi. Çarpayısına uzanıb yolda kioskdan aldığı qəzeti oxumağa başladı. Qəzetin 7-ci səhifəsində bir ölüm hadisəsi diqqətini çəkdi: “Dünən şəhər kənarında, B. Adlı yerdə dəniz sahilinə yaxın qayalıqda naməlum, şəxsiyyəti hələlik müəyyənləşməyən gənc qadın cəsədi tapılıb. Qadının qayalıqdan özünü ataraq intihar etdiyi bildirilir. Araşdırma və ekspertizanın gəldiyi nəticələrdən bəlli olur ki, qadın yüngül əxlaqlı həyat tərzi keçirən bar fahişəsi imiş və 6 gün əvvəl ölübmüş. Baş vermiş hadisə üzrə araşdırma aparılır”.
Anar bu xəbərdən sonra hüznlə hər şeyi anladı. İndi artıq onun bir tək yolu vardı. Bu yol ya sonun başlanğıcı olacaqdı, ya da sonun sonu.

* * *
Atası oğlunun otağının qapısını açanda təəccübləndi. Oğlu qapısı açıq balkonun məhəccərində oturmuşdu. Anar qapının yanında donub qalmış atasında baxır, duruxmuş atası da ona. Atasının gördüyü bu mənzərə ona oğlunun şübhəsiz intihara cəhd etməsini göstərirdi.
-Hə, ata, təəccübləndin? Amma mən də indiyədək səni tanımayan oğul kimi, qəzetdəki intihar xəbərini oxuyan kimi təəccübləndim.
Atası oğlunun bu dəliliyinə son qoymaq üçün bağırdı:
-Dəli olmusan, nə olub?! Düş məhəccərdən yıxılıb ölərsən! – atası bir iki-üç addım atıb yaxınlaşmağa başlayanda Anar sərt şəkildə qışqırdı:
-Yerində dayan! Bir addım da atma! Bir də yaxın gəlsən, əllərimi məhəccərdən çəkib quş kimi uçub-uça bilmədiyimi yoxlayacam, -gülür.
-Aman Allah! Nəydi mənim günahım?!
-Çox böyük günahın var, ata.
-Gic-gic danışma; bir də gördün, istəmədən sürüşüb yıxıldın!
-Necə ki, qayadan özünü atan qız kimi, hə?
-Nə danışırsan? Başın xarab olub,nədi? Nə qız, nə qaya?
-Ata, görürsən, nə gözəl havadı – oturduğu yerdən ətrafa baxıb dedi. – Yayın sərin küləyi əsir. Adam lap yaşamaq istəyir. Amma insan yaşayıb görəndə ki, yaşamaq üçün ali, saf, yaxşı bir şey yoxdu, onda ölmək, zəhlən getdiyin insanların üzünü görməmək üçün bu murdar dünyadan köçüb getmək istəyirsən. Ya hər şeyi danış, ata, ya da mən əbədi gedirəm, bir də heç vaxt qayıtmayacam.
-Qurban olum, Anar, yaxşı, bala sakit ol. Axı nə danışım?
-Qızı necə öldürdüyünü! Lalanı necə qayadan atdığını, ya da atdırdığını. – sərt və acıqla dedi.
-Nə danışırsan? Bu nə deməkdir?
-Elə o deməkdir. Əgər boynuna alıb danışmaq istəmirsən qoy danışım. Mən sizə o qızla evlənəcəyimi deyən kimi biz dava elədik,mən otağıma keçdim, sən də evdən çıxmamışdan əvvəl qapının ağzında “onu tapın” deyə öz itlərinə tapşırmışdın. Mən otaqdaydım eşidirdim. Sonra gəldin mənlə söhbət elədin. Boş-boş danışdıq, sən heç nə başa düşmədin. Əsəbləşib çıxıb getdin.
Bir anlıq susdu və sözünə davam elədi:
-Həmin gün ayın 7-i idi. İndi isə ayın 13-dür. Getdin, it köməkçilərinlə onu tapdın, qorxutdun və mənə zəng eləməyə məcbur elədin. Bəlkə də ona “oğlumdan əl çək, ayrıl səni rahat buraxacam, çox pul verəcəm” demişdin. Kim bilir! İşiniz bitən kimi onu qayadan atıb öldürdünüz. Bir fahişənin işi-gücü yoxdu, getdi dəniz sahilində bir qayadan özünü atıb intihar elədi. Ata, indiyə qədər ömründə etdiyin ən düzgün hərəkət oldu. Səhvlərin onsuz da çox idi. Heyif, ata, heyif! Atasız böyüsəydim, heç bu qədər ağır olmazdı. Utanıram. Ətrafımdakı hər şeydən, hər kəsdən utanıram!
Evdə heç kim yox idi. Səadət xanım və qızı Aynur Anar üçün doğum günü hazırlığı görürdülər. Bu gün ayın 13-ü Anarın ad günü idi. Bazarlığa çıxmışdılar. Səadət xanım düşünürdü ki, oğlu son zamanlar depressiyadaydı, o əxlaqsız qızdan əl çəkib, ya da ayrılıblar. Artıq evlənmək haqqında evdə danışılmırdı. Anası da fikirləşirdi ki, oğlu fikrindən vaz keçib. Bir dəfə oğlundan soruşmuşdu ki, “ Anar, oğlum, o qızla yəqin görüşmürsən də?” Anar da cavabında demişdi: “ Qızı tapa bilirəm ki, görüşüm. Birdən-birə yoxa çıxıb”. Anası qızın oğlundan əl çəkdiyini düşünüb ürəyində sevinmişdi.
Ramiz bəy susurdu. Artıq sözlər bu anda bitmişdi. Özünü müdafiə üçün söylənilən ən gözəl, inandırıcı söz belə öz əhəmiyyətini itirmişdi. Hər şey gec idi. Olan olmuşdu. İkisinin də gözləri dolmuşdu. Ramiz bəyin günahkarlıqdan, Anarın məyusluqdan. Oğlunun atasının qatil olduğunu öyrənməsi heç arzuolunmazdı. Balaca uşaq olanda hər oğul üçün atası qəhrəmandı, idealdı. Bilmək lazımdı ki, qəhrəmanlar çox yaşamır tarix olur, ideallar dəyişir, ölür, ancaq ideyalar yaşayır.
Anar nəhayət, yaranmış sükunəti pozdu və son sözlərini işlətdi:
-De mənə, ata. Necə də olsa bu sözləri eşitməyə ehtiyacım var. Yalnız bircə cümlə. Hər şey bitəcək.
-Nə deyim, oğul?
-Sadəcə, de: AD GÜNÜN MÜBARƏK, OĞLUM!
Ağlamsınan ata içini çəkə-çəkə gur səsiylə dedi:
-AD GÜNÜN MÜBARƏK, OĞLUM!
Elə bu an Anar məhəccərdən əllərini çəkdi və 5-ci mərtəbədən arxası üstə yıxılıb yerə düşdü.
-Yooooooxxx!!!
Anar öldü.
Onun ölümü heç nəyi dəyişmədi. Qısa müddətdən sonra hamı onu unutdu. Əgər ailən səni xatırlayacaqsa, on ildən də az müddətdə onlar da səni unudacaqlar. Hamı unudulur: filosoflar, prezidentlər, yazıçılar, porno ulduzları. Deyirlər ki, gülləyə tuş gələn insan yox, unudulan insan ölür. Amma mütləq hər kəsin xatırlayacağı insan olur.
Çoxları düşünəcək ki, Anar bir fahişəylə evlənə bilmədiyi üçün özünü öldürdü. Əslində o, ədaləti bərpa edə bilmədiyi üçün bu hərəkəti etdi. Ədalət nisbi anlayışdı. Ədalətsiz dünyada ədalətli olmaq Don Kixotluq kimi bir şeydi. Anar istəyirdi ki, hamı bilsin: əxlaqsıza fahişə demək üçün gərək özün fahişə olmayasan; yaxşılıqları və gözəllikləri görə bilmək üçün çoxlu şeytanlar öldürəsən; İşığı sevə bilmək üçün ömrünün yarısını tənhalıqda və qaranlıqda keçirəsən.
Ev boş və səssiz idi. Tanıyan-tanımayan, qonum-qonşu, ailəsi – hamısı Anarın qana bulaşmış bədəni ətrafında toplaşmışdı. Bu an əsən sərin yay küləyi Anarın ölümündən əvvəl yazıb masanın üzərinə qoyduğu ağ kağızı döşəməyə atdı. Kağızda bir cümlə yazılmışdı:

“Bəlkə də həyatda ən böyük məyusluq səni anlamayanlarla birlikdə yaşamaq məcburiyyətidir”.

 


-STOP! Əla. Film çəkildi – rejissorun səsi eşidildi. – Hamınıza təşəkkürlər. Zəhmətinizi halal eləyin. Gözəl qısametrajlı film alındı. İndi festivalda iştirak edə bilərik!

6 iyun 2013


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+14=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0296 saniye