Al Bano və Romina Pauer cütlüyünün ən məşhur mahnısıdır "Felicita". 18 yaşlı Nərgiz bu mahnını dəfələrlə dinləmiş və bezməmişdi. Anadangəlmə əlil idi qızcığaz. 3-6 yaş arası Rusiyanın müxtəlif şəhərlərində yaşamışdır ailəsi birgə. Atası bacarıqlı zərgər, anası peşəkar dərzi idi. Özündən 2 yaş kiçik bacısı vardı. Bu 2 bacı tamamilə bir-birinə zidd xarakterlərə sahib olmalarına baxmayaraq bir-birlərini çox istəyirdilər. Azərbaycanın ən gözəl rayonların birində yaşayırdılar. Çoxları belə güclü ailəyə heyrətlərini gizlədə bilmirdilər.
Yaşadığı rayonda Nərgizə heç vaxt "qüsurlu", "xəstə" kimi baxan olmamışdı. Geniş dünya görüşünə sahib olan qızla söhbət edərkən insan bir növ rahatlıq tapırdı sanki. Ev şəraitində təhsil alan Nərgizin kitaablara olan sevgisi həddən artıq böyük idi. O, rəssam ya da xalça toxuyan olmaq istəmirdi. Onun xəyalı yazıçılıq idi. 15 yaşından etibarən kompyuterdə yazaraq müxtəlif sosial şəbəkələrdə paylaşdığı balaca hekayələri ilə azdan-çoxdan tanınırdı. Bu yaxınlarda ədəbiyyat portalından gələn təkliflə sevinmişdi. Artıq yazılarını oraya göndərəcəkdi.
Gözəl olduğu kimi sadə olan birmərtəbəli həyət evinin füsunkar bağı çoxlarını valeh edirdi. Yaşıllıqlar içində al-əlvan rəngli müxtəlif gül-çiçəklər, meyvə ağacları, daha nələr-nələr. Nərgiz əlil arabasını sürdürüb bağı seyr edirdi. Tez-tez arabasını saxlatdırıb əli ilə bu gözəlliyə toxunaraq gülümsəyirdi.