Fərqli baxış
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 01:27 20 sentyabr 2016 tarixində əlavə olunmuşdur

1 həftə əvvəl dostumun toyu idi. Getdim onun toyuna. 400-500 nəfər qohum-əqrəba, dost-tanış. Hər yerdən təriflər, xoşbəxtlik arzuları, heyvan kimi bağıran musiqi eşidilirdi. Bəy və gəlin bir az utancaq uşaq kimi, bir az da quzu kimi səssiz oturublar məclisin başında. Məclisə oynaya-oynaya rəqqasə qız aş gətirdi. Bəy bunu görüb bir az özünü yığışdırıb dikəldi. Gəlin bəyə oğrun-oğrun baxdı. Hamı oynayır, hamı alqışlayırdı. Süfrələrdə barmaq qoymağa yer yox idi. Hamı ağzının ölçüsünə uyğun qaşıqlayırdı. “Vağzalı” əvəzinə “Mendelson” çalırdılar. İfrat makiyajlı kök qohum qadınlar məclisdə göyərçin kimi süzürdülər. Kişilər isə ermənilər Qarabağı alanda oynadıqları kimi gülə-gülə, tərləyənə qədər oynayırdılar.
Sonra bəy və gəlini çəkə-çəkə rəqsə dəvət etdilər. Gəlin abırlı-həyalı qız kimi başını aşağı salıb qohum qadınların əhatəsində rəqs eləyirdi. Bəy isə əllərini göyə qaldırıb, tələsmədən ayağını yalandan tərpədirdi.
Nəhayət, toy qurtardı. Mən də əvvəldə olduğu kimi, onu yenidən təbrik elədim və dedim ki, “Allah xoşbəxt eləsin, bir yastıqda... nə isə, ardını özün bilirsən”.
Əslində dostuma yalançı və inanmadığım xoşbəxtlik arzuladım. Əslində səmimi olsaq ona “bədbəxt ol” demək istədim. Çünki xoşbəxtlik sözləri ilə bəzənmiş bədbəxt cəmiyyətdə xoşbəxtlik, ac toyuğun yuxusunda darı görməsi kimi bir şeydir. Bəlkə də dostum bunu anlamayacaqdı.
Yox, belə deyil. Qərar verdim dostumla ilk dəfə səmimi ürək sözlərimi paylaşacam. Məncə, o, sözlərimi səhv başa düşməyəcək qədər intellektual səviyyəsi olan mədəni adamdı; və əgər o, mənim dostudumsa, demək düşüncələrimə hörmətlə yanaşacaq. Onu qolundan tutub kənara çəkirəm və o, yarım saatlıq hamıdan üzr istəyir. Biz restorandan çölə çıxıb onun pilləkənlərində otururuq.
Saat gecə birə qalırdı.
Dostum siqaretini yandırıb dedi:
-Hə, nə sözün var? Niyə çölə çıxdıq?
Mən sakitcə saqqız çeynəyə-çeynəyə dedim:
-Yazığım gəlir sənə. Evlənərək özünü bədbəxt elədin.
O güldü:
-Onsuz xoşbəxt də deyildik, qardaş.
-Səninki lap intihardı. Evlilik -cəhənnəmdi.
O:
-Cənnətə getmək üçün cəhənnəmdə yanmalıyıq. Sən narahat olma.
Mən əsəbləşib pilləkəndən dururam;
-Necə yəni narahat olma! Bu cür axmaq işə necə girişə bilərsən? Evlilik –kişilərin seksual tələbat ödənişlərini qanuniləşdirməsidir. İstəyirsən boynuna arvad-uşaq kəndiri keçirəsən? Evə yük daşıyan qarışqaya çevriləsən? Bəs hanı sənin azadlığın, Azad? Bu cəmiyyət səni də öz təsiri altına saldı, ümidlərini ümidsizləşdirdi?
-Yox, belə deyil.
-Bəs necədi? Özün də yaxşı bilirsən ki, evləndiyin qız primitiv, dünyagörüşü olmayan adi uşaqdı.
O, yerində qalxıb mənə yaxınlaşıb sağ əlini çiynimə qoydu və sol əlindəki siqaret kötüyünü zibil qutusuna vızıldatdı.
-Yaxşı, dostum. Neçə illərdi ki, dostuq. Razıyam, sən haqlısan. O, primitivdir, amma ağıllı qız da bu mühitdə gec evlənir. Deyirsən, dünyagörüşü yoxdu, mən onu dünyagörüşünü genişləndirərəm. Onu bu mühitdən və bu mühitin insanlarından ayıraram. Deyirsən, balaca uşaqdı. İnan, ona öyrətdiklərimlə tez böyüyəcək.
Mən özümdən asılı olmadan gülümsədim. O da gülümsədi.
-Qardaş, bu tənhalıq səni öldürəcək. Məndən çox özünü düşün. Özünə birini tap. Yoxsa qocalıqda tənha ölmək istəyirsən? Bu qədər duyğusuz olma. Sözlərimə inan, sonra peşman olacaqsan. Yaş ötdükcə, tənhalığa dözmək də çətinləşəcək. Hə, ürəyin buna dözə biləcək? Vaxt gələcək istəyəcəksən ki, sənə təsəlli verən, uğursuzluqlarında əlini əlinə alıb sıxan, xəstələnəndə yanında olan və öləndə “səni sevirəm” deyə biləcəyin qadının olsun.
-Dostum, gözlərimi yaşartdın! Sən necə də romantikmişsən, mən bilməmişəm. Amma gəl etiraf edək ki, mən həyatda səndən daha çox xoşbəxt və azad olacam.
-Necə?
-Evlənməyəcəm və itiriləsi bir şeyim olmayacaq.
Dostum başını razılıq əlaməti olaraq tərpədir və gülümsəyir.
Mən:
-Evlənmək-kovboyun əlindəki kəndirdi.
O:
-Nikah-özündən başqasını düşünməkdi.
Mən:
-Evlilik-sevdiyin gəmiyə minmək və uzun səfərdə səni bezdirib dənizə tullanmağa məcbur edən peşmanlıq gətirən seçimdi.
O:
-Evlilik-sevdiyin insanların arasında yaşamaqdı.
Mən:
-Evlənmək – öz-özünü məhkuma çevirməkdir.
Dostum:
-Evlənmək – ölməkdir.
Mən təəccübləndim cavaba:
-Nə?
-Ölüm... qardaş... ölüm...
-Başa düşmədim, izah elə.
O üzünü çevirir və restorana qayıtmaq üçün qapıya yaxınlaşır.
-Hara gedirsən? İzah elə görüm, bu nə deməkdir?
O üzünü mənə tərəf çevirir və deyir:
-Lev Tolstoy deyir ki, evlənməmək, ölməmək kimi bir şeydi. Yəni evlənəndə bilirsən ölüm nə deməkdir.
“Bravo, bravo!” deyib, onu alqışlayıram.
-Onda sənə, əziz dostum, gözəl ölüm arzulayıram! –dedim.
İkimiz də ürəkdən gülüb bir-birimizdən ayrıldıq.

Dostumun toyu qurtardı. Hamı dağılışdı. Süfrələrdə yeməklərin çoxu yeyilməmiş qaldı. Əgər yeyilməyəcəksə, bu qədər yemək niyə sifariş edilir? Yəqin ona görə ki, qoy toya gələnlər görsünlər və desinlər ki, süfrədə hər şey var idi, sadəcə, biz yemədik.

* * *
Toydan çıxıb veyillənə-veyillənə səhərə yaşadığım yerə çatdım. Gördüm binamızın qabağında yas çadırı qurulub. “Evdə anamdan soruşaram”-dedim öz-özümə.
Qapını döydüm, bacım açdı. Dedi:-Hardasan? – Dedim: -Görmürsən, burdayam? Ayaqqabımı çıxarmışdım ki, anam məni səhərə yaxın gec gəldiyimə görə, telefonumu söndürdüyümə görə yaxşıca təriflədi. O qədər çoxlu-çoxlu təriflədi ki, utanıb qızardım. Sonra bacımdan soruşdum ki, yenə kim ölüb? Cavab verdi ki, Telman. Dedim: Hansı Telman? Dedi, Telman Adıgözəlov, kim olacaq?! Ha-ha-ha... çox gülməlidi – dedim, - Yeri gəlmişkən, o da öldü. Yaxşı aktyordu. Ən çox da “Yarımştat” dakı rolu xoşuma gəlirdi. Allah rəhmət eləsin!
Nə isə, öyrəndim ki, dostum Telman ölübmüş. Necə ölüb? Ölüb də, nə fərqi var? Səhər çadır qurdular. Çadırda hər şey var idi, çadır elit çadır idi. Hətta kondisioneri də vardı. Qohum və qonşu qadınlar salatlar, plovlar və başqa yeməklər hazırladılar. Yasda süfrəyə birinci çay və şirniyyatlar qoyuldu. Mən də mərhumun yaxın dostu kimi yaxınlarına başsağlığı verdim. Toylar və yaslar xoşlamadığım yerlərdir. Qəbirstanlığı bunlardan üstün tuturam. Oradakı səssizlik məni sakitləşdirir. İnsan gərək toydan və yasdan çox, qəbirstanlığa və dəlixanaya tez-tez getsin. Onda biləcək ki, əsl dəlilər və ölülər dəlixanada və qəbirstanlıqda deyil.
Çadır qurulmağından bir saat sonra, molla çağırıb məclisi yola verməsi üçün cibinə pul basdılar. O, dindən, ölümdən , fani həyatdan uzun-uzadı danışdı. Hamı susurdu. Sonra qadınların sırası gəldi: ağladılar, şivənlik elədilər. Səsləri hər yanı bürüdü. Amma gözlərində bir damcı da yaş görmədim. Indi heç kim heç kim üçün ağlamır. Ağlayırsa da, yalandan ağlayır.
Dostumu, nəhayət, torpağa basdırdılar. Molla “Fatihə” oxudu. Hamı: “Allah rəhmət eləsin!”-dedi. Mənsə ürəyimdə dedim: “Dostum, sən bu dünyanın əzabından canını tez qurtardın. Yaxşı yat, brat”.
Həyat çox qəribədir. Bir dostum toy eləyəndə, bir dostum ölür. Mən lap qəribəyəm. Nə dostumun toyuna sevinə bilirəm, nə də ölümünə kədərlənə bilirəm. İnsan ölümdən qorxur, bir gün həyatda itiriləsi bir şeyi qalmayanda isə ölüm ondan qorxacaq. Ən çox da heç nə etməyib ölməkdən qorxuram. Dostumun vaxtsız ölümü bunu mənə fikirləşməyə vadar etdi. Çünki o da yadda qalası heç nə etməyib adi insancıq kimi ölüb getdi.

Dostum Tolstoyun dediyi söz yadıma düşdü birdən: Evlənmək-ölməkdir. Əgər bu həqiqətən belədirsə, onda mən cavan ölmək istəmirəm. Evlənməmək, həmişə gənc qalmaq, qocalmamaqdı. Ümumiyyətlə, evlilik adamı tez qocaldır. Ailə, arvad-uşaq adama çox məsuliyyət yükləyir. Həyatda azad yaşamağa və risk etməyə qoymur. Ailə-məişət qayğıları o qədər bizi sıxır və başımızı özümüzə qatır ki, özümüzə və ətrafımıza uzaqdan baxmağa, dünyanı tanımağa, insanların nələr yaşadığını öyrənməyə nə vaxtımız, nə də həvəsimiz olmur. Mənsə, evlənib özünü xoşbəxt adlandıran nə kişi tanıyıram, nə də on beş ildir ərindən “səni sevirəm” sözü eşidən qadın.
Belə şeylər filmlərdə olur. Əslində heç filmlərdə də olmur. Onda evlilik nə üçün lazımdı? Deyəsən sevgini öldürmək üçün. Güclü sevgini ayrılıq yaşadır. Evlilik də, ölüm də yaşamalı olduğumu həyatın bir parçasıdır. Amma bu müxtəlif formalı parçalar da çərçivəyə salır və biz meyvəsiz sərv ağacı ola bilmirik. Elə bir rəvayətdə deyildiyi kimi, bir filosofdan soruşdular: Allah bu qədər ağaclar yaradıb, nə üçün meyvəsiz sərv ağacından başqa, heç birinə “azad” demirlər? Dedi: “ Ağacların hər birinin müəyyən vaxtda bəhrəsi olur, onlar gah açılar, gah da solar. Sərv ağacının isə heç bir barı yoxdur, odur ki, həmişə təzədir (və azaddır)”.

2012-2013

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+23=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0295 saniye