Bu dünya fanidir, güvənmə, dostum,
Yaman zay olubdur zəmanə indi.
Şükr elə bir parça çörək yesən də,
Təmiz ad və şərəf sənin bəsindi.
Nolardı pisliyi, kini unutsaq?
Niyə dəyişibdir bu dövran, Allah?
Ölərik birinin əlindən tutsaq,
Quyular qazmağa qoçağıq, vallah.
Hər kəsin yanında çalış uca ol,
Yoxsa kiçildikcə kiçiləcəksən.
Ərisən şam kimi bir ömür boyu
Sən öz şamdanına töküləcəksən.
Üzünə düşməsin qoy "üz qarası",
O elə ləkədir, zaman da silməz.
Xəyanət zərbəsi, böhtan yarası,
Başa gələn duman bir də çəkilməz.
İstərsən uca ol boyundan bir az,
Ya da ki boyundan bir az ol bəstə.
Istərsən padşah ol, öləndə amma
Gedəcək tabutun çiyinlər üstə..