Gəlin stresimizdən başqa xalqlara da verək, adam simic olmaz
Rüzgar Mövsüm tərəfindən "" bolməsinə 00:03 18 avqust 2014 tarixində əlavə olunmuşdur

Çox adama məlumdur ki, Skandinaviya ölkələrində həyat şəraiti çox yüksəkdir və orada yaşayan əhali demək olar ki, ehtiyacın nə olduğunu bilmədən, firavan həyat sürür. Statistikaya görə İsveç, Norveç, Danimarka dövlətləri sosial təminat və qayda-qanun baxımından yaşamaq üçün ən əlverişli ölkələr sırasında birincilərdən hesab olunurlar. Bir başqa statistikaya görə isə, dünyada ən çox mənasız intihar halları elə bu ölkələrdə olur. Araşdırmalara görə bu ölkələrdə intihar edənlərin əksəriyyəti, özlərini stressiz həyat yaşadıqlarına görə öldürüblər. Yəni cəmiyyətləri o qədər ideallaşıb ki, insanların həyatında stress, əsəbiləşmək demək olar ki, yox olub. Hüquq və azadlıqlarının tam qorunması şəraitində stressiz, sosial problemləri çözülmüş vətəndaşlar nəticədə heç bir stimul tapmayaraq, özlərinə qapılırlar, ani bir inciklik, adi bir narahatlıqdan depressiyaya düşərək özlərini öldürürlər. Maraqlı layihə təklif edirəm. Gəlin orada yaşayan xalqların Azərbaycanda stress almalarını, əsəbləşmələrini təmin edək. Bir şirkət açaq, adını da qoyaq “Odlar yurdu stress” və bu şirkəti Skandinaviyada reklam edək. Aşağıdakı lozunqlar isə reklamların şüarı olsun: “Azərbaycanda 10 gün və intihardan vaz keç” “Azərbaycan stresslər diyarı” “Hər gün cürbəcür və mənasız stresslər” Beləliklə, şüarları oralarda yayırıq və müştəri tuturuq. Adamın biri 100 manat, baxın nə qədər pul qazanmaq olar. Müştəri razılıq verir və sən onu hava limanında qarşılayırsan. Bir az piyada gəzəndən sonra müştərini mindirirsən hava limanı yolundan keçən 100, 160, 171 nömrəli marşrut avtobuslarından birinə. İlk dəqiqələrdən effektiv irəliləyiş görəcəksiniz: basa-bas, tər qoxusu, avtobusu sürətlə idarə edən sürücü, Üzeyirin mahnısı. Az sonra onu metroya gətirirsən. Metro kartına pul yükləyəndə növbəsiz dayanan vətəndaşlar, havalandırma sistemi olmayan vaqonlar, qatara minib düşmə növbəsini gözləməyən sərnişinlər, üzünə mat-mat baxanlar və s. Sonra ona şəhərdə bir ev tutursan (Şəhərdə? Hansı şəhərdə? Həə, Bakıda). Qapısız-pəncərəsiz bloklar, istilik sistemi olmayan mənzillər, isti suya həsrət hamamlar (Kolonkanı demirəm, söhbət hamamın kranından gələn isti sudan gedir. Allahın Moldovasında, Belarusiyasında, Özbəkistanında belədir. Hələ Sovet dönəmində demək olar ki, 15 respublikanın hamısında bu sistem var idi, bircə bizdən savayı), sınıq poçt qutuları onun üçün yenilik olacaq. Daha sonra onu aparırsan küçədəki zibilliklərlə tanış edirsən. Bir az keçir və müştəri yavaş-yavaş “istədiyini” alır. Daha sonra o, piyadalar üçün nəzərdə tutulmuş “zebra”lardan yolu keçir. Günü sonacan yaşamağa ehtiyac yoxdur, artıq ilk saatlardan effekti hiss edəcəksiniz; müştərinin müxtəlif əsəb pozuntuları var. Amma bütün bunların əvəzinə VİP xidmət də açmaq olar. Skandinaviyadan gələn müştərilərə müəyyən rüsumla Azərbaycan vətəndaşlığı vermək olar, qoy bol-bol əsəbləşsinlər. Bunun “”Jek”i, “Voenkomat”ı, “Zaqs”ı, “Passpotnu stol”u, polislə çənə döyməsi, “Qai”si, “həkimi” və daha neçə super stress mərkəzləri var. Mən sizi inandırıram ki, ömrü boyu stressdən uzaq yaşamış Skandinaviyalı bu cür stresslər toplusunu bir paketdə əldə etmək üçün yaxşı pul verəcək və razı qalacaq. Biz başqa xalqlara kömək etməyi sevən xalqıq, gəlin stresimizdən başqa xalqlara da verək, adam simic olmaz. 


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+9=
Hesaba giriş
Müəllif

Rüzgar Mövsüm
Haqqında
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Əlaqə
E-mail:
ruzgar.movsum1985@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0231 saniye