Birinci dəfə idi şəhərə gəlirdi. 20 il ərzində birinci dəfə. Doğma kəndini heç vaxt tərk etməmişdi. Heç etmək fikri də yox idi. Baş verənlər - ərinin ölümü, onun ölümündən sonra qayınanasının onu evdən qovması – onu bu hərəkəti etməyə məcbur etmişdi.
Leyla uşaq ikən valideynlərini itirmişdi. Evlərindəki yanğın onun ata-anasının həyatına son qoymuşdu. Qonşuda oynayan balaca Leyla həyətlərindəki qışqırıq səslərindən qorxmuşdu. Qoca nənəsinin yanında böyüyən Leylanı 17 yaşında istəməyə gəldilər. Zaur Leylanı uşaqlıqdan sevirdi. Amma yetim qızı almasına ata-anası razı deyildi. Birtəhər ailəsini yola gətirən Zaur Leyla ilə evləndi. Evdə Leyla çox əziyyət çəkirdi. Qayınanasının, qayınatasının təhqirlərinədözmli olurdu. Bir gün isə Zaurun ölüm xəbəri gəldi. Əkin sahəsində işləyəndə ölmüşdü. Həkim onun ürəktutmasından öldüyünü deyirdi. Bundan sonra evdən qovulan Leyla və onun balaca körpəsi Arifə kənddə heç kim sahib çıxmadı. Nənəsi də artıq yox idi. Çarəni şəhərə gəlməkdə görürdü.
Leylanın 1-2 qızılı vardı. ŞƏhərə ilk addım atanda bu qızılları pula çevirdi. Özüna qalacaq bir yer axtarmağa başladı. Dar bir küçə ilə gedirdi. Köhnə, taxta evlərin üzərində olan bütün yazıları oxumağa çalışırdı. Birdən böyük bir küçəyə açılan qapı üzərində “kirayə ev var” yazıldığını gördü. Çəkinə-çəkinə içəri keçdi. Yaşlı bir qadın bu evin sahibəsi idi. Yaxşı insana oxşayırdı. O,qızı mehribanlıqla qarşıladı. Yemək təklif etdi. Leyla onun təklifini qəbul etdi.
Leyla şəhərə gələndə aprel ayı idi. Baharın ən gözəl çağları. Kənddə həsrətlə gözləyərdi bu fəsli. Amma şəhərdə bahar onun o qədər də xoşuna gəlməmişdi. Leyla bu cür bahar görməmişdi. Demək olar, heç bir yerdə dəyişiklik olmurdu. Sadəcə, hava bir az isinir, yaz yağışları yağırdı. Kəndlərində təbiətin başdan-başa dəyişdiyini görə bilirdi. Burda isə yox. Leyla düşüncələrə dalmışdı. Birdən uşaq səsi onu düşüncələrdən ayırdı. Arif acmışdı, deyəsən. Leyla onu yedizdirdi.
Artıq axşam düşmüşdü. Şəhərdə keçirəcəyi ilk gecə. Qəribə hisslər keçirirdi. Gecə saat 12`də evin işıqları söndürüldü ki, hamı yatsın. Birinci gecə Leyla bunu bilmirdi. Ona görə də işıqlar sönəndə bir az qorxdu. O uşaq vaxtından qaranlıqdan qorxurdu. Amma evin sahibəsi onun otağının qapısını açıb əlində çıraq içəri girəndə və işığı özü söndürdüyünü deyəndə rahatladı. Gecə bir az söhbət etdikdən sonra Leyla yatdı, qadın da otaqdan çıxdı. Çırağı götürmədi.
Leyla tezdən həyətdən gələn səsə oyandı. Satıcı kişi : “xiyar, pomidor...” deyə qışqırırdı. Pəncərəyə yaxınlaşıb aşağıya baxdı. Bu cür satıcı görməmişdi kəndlərində. Kənddə kimin nəyəsə ehtiyacı olurdusa, qonşular bir-birilərinəverirdilər. Meyvə-tərəvəz də bol idi və heç kim almağa ehtiyac duymurdu. Deyəsən, kəndi üçün darıxırdı. Hələ bir gün idi bura gəldiyi. Amma şəhərin havası, maşınlar, hündür binalar onu qorxutmağa başladı. Belə yerdə yaşaya bilməzdi. Bunu yaxşı başa düşən gənc ana heç olmasa, qonşu kəndlərin birinə getməyi və orada yaşamağı düşündü. Amma ora da kəndlərinə yaxın olacaqdı. Mümkün qədər uzaq olmaq istəyirdi kəndindən. Xeyirsiz qohumlarının üzünü görməkdən qorxurdu. Fikirləri çarəsizlik içində çırpınırdı. Birdən özünə təskinlik verməyə başladı: “Yaxşı olacaq. Özümə bir iş taparam. Arif də məktəbə burda gedər. Kənddə bir-iki müəllimin dediyi dərsdənsə, burda daha yaxşı məktəblərdə oxuyar. Hər şey yaxşı olacaq. Oğlum üçün qalmalıyam”. Qəfil yağış başlandı. Küçədəki satıcı və insanlar gözlənilməz yağış altında islanırdılar. Hamı ora-bura qaçışırdı. Elə bu vaxt qapı döyüldü. Sahibə Leylaya şad xəbər gətirmişdi:
- Mənim rəfiqəmin dərzi dükanı var. Dünən gecə sənlə söhbət edəndən sonra işə ehtiyacın ola biləcəyini düşündüm. Bir az əvvəl rəfiqəmə zəng vurdum. Səni işə qəbul elədi. Mənim yanımda da qalarsan. Mənə qoca vaxtımda kömək lazımdı, onsuz da. Mənə kömək edərsən. Əlbəttə, razısansa?!
Leyla sevinirdi. Bir gün içərisində özünə qalacaq yer və iş tapa bilmişdi. Böyük şəhərdə, demək olar, əziyyət çəkməmişdi. Deyəsən, hər şey qaydasına düşəcəkdi.