İradə Əlili Poeziyasından süzülən incilər
Hər bir şair, hər bir yazıçı yazdığı əsərlərində, şeirlərində insani duyğuları, eşqi, vətən sevgisini, məhəbbət duyğularını tərənnüm edərək onu insanların, cəmiyyətin diqqətinə çatdırır. Allah insanların içərisindən məxsusi adamları seçərək onlara təb, istedad verdi. Əllərinə qələm verib, onları "şair, yazıçı" adlı dünyanın içərisinə yerləşdirdi. Belə insanlardan biri də incə ruhlu, gözəl qəlbli, səmimi şairə-müəllimə İradə Əlilidir. İradə Əlili yaradıcılığının özünəməxsus xüsusiyyətləri çoxdur. O qəlbinin dərinliklərindən süzülən söz adlı incini oxucusunun diqqətinə elə çatdırır ki, sanki bir an özünü o dünyada, həmin duyğu dolu dünyada hiss edirsən:
Gəldin və yox oldun, sanki yuxuydun,
Ömrümdə gerçəkdən bəlkə yoxuydun,
Həsrətin kamanə, sən bir oxuydun,
Toxundun qəlbimə, yaman toxundun!
Qəlbimdən nə səsin, nə sözün çıxar,
Ömrümdən nə yerin, nə izin çıxar,
Sənsiz gəlib-keçir neçənci bahar,
Toxundun qəlbimə, yaman toxundun...
Həqiqətən də bu misralarla şairə oxucuların qəlbinə toxunur, bu poetik duyğuları ilə sanki öz dünyası ilə oxucu dünyasını eyniləşdirir. İradə xanım şairə, müəllimə olmaqla yanaşı, eyni zamanda gözəl vətənpərvər bir xanımdır. O,
Ağla, qərənfilim, şəhidlər üstə,
Sənin göz yaşların bitməz, tükənməz!
Dağla sinəsini ürəksizlərin,
Şəhidsiz, azadlıq, qədrin bilinməz!
Şəhidlər ürəklər yarası oldu,
Tarixdə silinməz bir iz qoyuldu!
Şəhidlik qəlblərdə qala daşıdır!
İgidlik zirvəsi qan yaddaşıdır!
Ağla, qərənfilim, şəhidlər üstə
Ağlayaq qarışsın gözyaşlarımız,
Baxaraq qan rəngli ləçəklərinə
Rahat uyusunlar doğmalarımız
Ağla, qərənflim, Şəhidlər üstə!
misraları ilə Vətənimizin azadlığını, müstəqilliyini sidq ürəkdən arzu edərək, Şəhidlik zirvəsinin necə ali, necə uca bir zirvə olduğunu oxucularının diqqətinə çatdırır. İradə xanım "Mən şairlik iddiasında deyiləm, sadəcə sevən könlümdə olan duyğuları misralara çevirirəm" desə də, onun yazılarında, şeirlərində necə doğmalıq, səmimilik, əsl şairanəlik açıq aşkar hiss olunur:
Solğun bir çiçəyəm, ətrim duyulmaz,
Bir tənha ağacam, barım barınmaz.
Bir sönmüş ocağam, odum qalanmaz,
Dərdləri cəm olan de, kimə lazım?!
Bəli. Şairə bu misralarında özünü sönmüş ocaq adlandıraraq, dərdlərlə baş başa qalmaq istəyir. Axı şairi şair edən onun qəlbində olan dərd tufanıdır. Şairi şair edən onun yaşadığı duyğular, yaşadığı həyat tərzidir. Təbiiki, qeyd etdiyim kimi, bu məxsusi, Tanrı tərəfindən seçilmiş adamlara nəsib olur.
Həsrət deyilən bir hiss olur hər insanın içində. İnsan Vətəninin, sevgisinin, bəzən də xoş günün həsrətini çəkir. İradə xanım isə, həsrətin yorulmadan, dayanmadan onunla addımladığını poetik duyğuları ilə dilə gətirir:
Bir həsrət elə hey mənimlə gedir
Yorulmadan, dayanmadan.
Sağa-sola baxmadan da,
Heç arxaya dönmədən də.
Gedir həsrət kölgəm kimi.
Bir həsrət görürəm…
Tuta bilmirəm o həsrətin əlindən,
Qaça bilmirəm o həsrətin gözündən,
Hara baxdım, həsrət gördüm
Taleyindən incik gedir xəyalımda
Həsrət dolu, giley dolu bir həsrət!
Qadın üçün Dünyada ən səmimi, ən müqəddəs hiss analıq hissidir. Ondan o tərəfə müqəddəs, pak bir hiss ola bilməz. Çünki "Cənnət anaların ayaqları altındadır" deyilib. İradə xanımın da məhz bu şeiri son dərəcə poetik duyğular üstündə köklənib:
Bir kiçik qızcığaz girdi yuxuma,
Sandım ki, bu yuxu bir röya deyil.
Bir mələk sığındı köksümə mənim,
Sanki mələk idi insan deyildi.
İstədim əbədi olsun bu röyam,
Möhkəmcə, lap möhkəm sıxdım gözümü,
İnandım yuxumun gerçəkliyinə
Dünyanın xoşbəxti sandım özümü.
Bürüdü qəlbimi sonsuz bir kədər
Kaş ki, açmayaydı heçcə bir səhər...
Körpə mələyimlə birgə qalaydım,
İsti nəfəsinə axıb dolaydım.
Buna da şükürlər olsun Tanrıya
Röyamda analıq hissini daddım!
İradə Əlili yaradıcılığı, hesab edirəm ki, Azərbaycan Müasir Ədəbiyyatımızda yeni nəfəs, yeni addımdır. Onun Vətənpərvərlik mövzusunda yazdığı şeirlərdə vətənə bağlılıq, yurd sevgisi, torpaq sevgisi son dərəcə gözəl hiss olunur. Ən əsası isə bu duyğu dolu misralar bir birini gözəl tamamlayır:
Sevirəm Vətənim Azərbaycanı
Onun hər güşəsi könül bağımdır.
Əzizidir Qız qalam, İçərişəhər,
Çün onlar tarixdən yadigarımdır.
Vətən damarımda axan qanımdır,
O, ruhumun gözü, şirin canımdır
Həm dəvamdır, dərmanımdır,
Mənə sadiq qalan tək cananımdır.
Vətənim anam tək məni səsləyər,
Qərib günlərimdə həyəcanımdır.
O yad totpaqlarda özüm gəzsəm də,
Ruhumun qidası torpağımdadır.
İradə xanımın yaradıcılığı insanlığı haqqında danışmaqla bitməz. Çünki o əsl şairə, əsl müəllimə əsl xanımdır. Mən bir gənc qələm adamı olaraq, İradə xanıma uzun ömür, can sağlığı, ailə səadəti, yeni yeni yaradıcılıq uğurları arzu edirəm. İradə xanım gənclərin də eyni zamanda dəstəkçisidir. Çox sağolsun, çox var olsun. Söz dolu xəzinənizin qızılları tükənməsin, İradə xanım!
Gənc şair-Yazar
İlkin ABBAS