Yaz, yazmaqdan çəkinmə, yazmaq asan və sadədir, sadəcə yazmağı düşüncələrdə çətinləşdirəndə yazmaq olmur.
***
Yazıçı olmaq, şair olmaq bir göz qırpımında baş vermiş hadisədir, amma yazıçı və şair doğulmaq üçün əvvəlcə Ulu Yaradanın ölümsüzlük şərbətini içmək lazımdır. Bir sözlə seçilmiş olmaq vacibdir.
***
Əziz yazar dostlarım, hekayə yazanda detallardan daha çox istifadə edin. Təbii ki, Mark Tvenin əsərlərini təqlid etməyə çalışmayın. Üzüyünüzü barmağınızdan, bilərziyinizi biləyinizdən, boyunbağınızı boynunuzdan çıxarın, üstəlik ayaqlarınıza pərçim olunmuş corablarınızdan qurtulun, onda bir anlıq rahatlıq tapasınız və nəsə yazmağa başlayasınız. Yəni sizi narahat edən xüsuslardan xilas olun. Şəxsən mən belə edirəm.
***
Yaşamağı bacarmırsınızsa, onda yaşamaqdan yazmayın. Qulağınıza qeybdən anlaşılmaz səslər gəlirsə, deməli ölümünüz günbəgün sizə yaxınlaşır və çalışın ki, ölümdən yaza biləsiniz. Ölümün də sonunu qəbirstanlıqlarla əlaqələndirməyin. Çünki əvvəllər bu metodlar çox işlənib.
***
Hekayələri elə yazın ki, oxucu həmin hekayədə xəyali olaraq sizin əlinizdən tutaraq çox yeri gəzə bilsin. İçi boş, kimsəsiz və dörd divarı olan mənzildən istedadlı yazar dövrünün əsərini yarada bilər. Əgər o yazarda istedad varsa.
***
Məsələn, mən yazmamışdan öncə plastilinlərdən fiqurlar yaradıram. O fiqurları obrazlaşdırıram. Daha sonra o obrazları beynimdəki obrazlarla bir araya gətirirəm. Şəxsən bu, mənim üçün çox maraqlı alınır. Təcrübədən keçirin, bəlkə...
***
Əziz şair dostlarım, atanız və ya ananız, şablon dillə desək valideynləriniz dünyasını dəyişməyibsə, onlar haqqında şeir yazmayın, çünki bu, çox suni melodiyadır.
***
Şərqdə bugünədək nə yazıçı, nə də şair qadın doğuldu. Onlar sadəcə yazdılar, amma yazmadılar. Bu, mənim şəxsi fikrimdir.
***
Qadınlar uşaq doğmağı daha yaxşı bacarır, nəinki yazmağı. Hər qadın ekiz, üçəm və ya dördüz övlad dünyaya gətirməyi bacarmır, ancaq bəzi qadınlar belə bir rekordun əvəzinə yazı yazmağa cəhd edir, bu da sonda onların rüsvayçılığı ilə nəticələnir.
***
Təəssüf ki, mən indiyədək müəllif statusu qazanmış qadın yazara rast gəlməmişəm.
***
Nə qədər kitab oxusanız belə əsla bunun sizin yazmağınıza təsiri olmayacaq. Uydurulmuş düşüncədir, bu. Ruhi qabiliyyətiniz varsa, kitab da oxumasanız, yaza biləsiniz. Odur ki, yazmağa daha çox vaxt ayırın.
***
Qərb dünyasında mütaliə tualetlərdə, musiqi sənəti hamamlarda formalaşdı. Təkcə Qərbdə insanlar tualetdə qəzet oxumağa daha çox üstünlük verir. Qərbin bir çox dünyaca tanınmış bəstəkarları belə hamamda yuyuna-yuyuna beyinlərindəki notların düzümü ilə böyük simfoniyalar yaratmağı bacardı. Şərq dünyasında isə aftafa müsəlman cəmiyyətinin təfəkkürünü iflic etdi.
***
Yazar dostlarım, həmişə yazın, heç vaxt yazmaqdan uzaqlaşmayın. Çünki “yazmaq” yeganə nemətdir ki, heç vaxt bizi tərk etmir. Məgər vicdanlı insan onu tərk etməyən gücə xəyanət edə bilərmi? Əsla.
Son