GERİ DÖNMƏYƏNLƏR
(3 hissəli milli-ideoloji, dramatik hekayə)
"AFRİN" ƏMƏLİYYATINA, "APREL DÖYÜŞLƏRİ"-NƏ, CÜMHURİYYƏTİMİZİN VƏ AZƏRBAYCAN ORDUSUNUN YARANMASININ 100 İLLİYİNƏ, TÜRKİYƏ VƏ BÜTÜN TÜRK DÜNYASI DÖVLƏTLƏRİNİN GƏLƏCƏYİ, TURAN BİRLİYİNİN VARLIĞI NAMİNƏ ÜMUMMİLLİ BİRLİYİMİZƏ HƏSR OLUNUR...
BİRİNCİ HİSSƏ
“GERİ DÖNMƏK OLMAZ!”
Yaxın Şərqdə bir məntəqə… Qızmar yayın istisi səhradakı hər bir tozda belə hiss olunurdu. Bəzilərinin deyimincə, “Tanrının unutduğu bu yerdə” heç vaxt heç nədən qorxmadan, çəkinmədən, aldığı tapşırıqları sorğulamadan və inanaraq layiqincə yerinə yetirən beş Türk əri olduqca gizli və milli təhlükəsizlik baxımından vacib olan bir tapşırığı yerinə yetirmək üçün xüsusi qaydada yerləşmişdi. Komandanın rəhbəri gənc kəşfiyyatçı Mete Aydın hər şeyi lazımınca dəyərləndirib tabeliyində olan Xüsusi Kəşfiyyat Orqanı işçilərinə əl hərəkətlərilə işarələr verərək onları əməliyyat öncəsi təlimatlandırırdı. Elə bu zaman kimsənin gözləmədiyi bir hadisə baş verdi: uzaqdan əməliyyat yerinə doğru sürətlə böyük bir xarici hərbi konvoy yaxınlaşmağa başladı. Hər kəs narahat olmağa və hazırda nə edəcəkləri barəsində komandirlərindən bir təlimat gözləməyə başlarkən gənc kəşfiyyatçı Mete binokl ilə olanları bir müddət seyr etdikdən sonra üzündə anidən çoxbilmiş və nəsə isə fürsət əldə etmiş bir adama xas gülümsəmə yarandı...
Mete Aydın onlarla beləcə gizli və xüsusi dövlət təhlükəsizliyi önəmi daşıyan tapşırıqlar yerinə yetirmişdi. Hələ tələbəlik illərindən rəhbərliyə müraciət etmiş, “xüsusi komandanın” tərkibində irili-xırdalı bir sıra əməliyyatlara qatılmışdı. Rəhbərlik də bütün əmrləri sözsüz və layiqincə yerinə yetirdiyi üçün ona etimadla yanaşır, yaşının az olmasına baxmayaraq hətta bəzən ondan məsləhətlər də alırdı.
Onun daxil olduğu komandaların tərkibi tez-tez dəyişirdi. Nəinki Türkiyə, eləcə də Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və s. Türk dövlətlərinin xüsusi kəşfiyyat orqanlarıyla birlikdə əməliyyatlara qoşulan Mete bir müddətdən sonra ona ən yaxın və əsas təlimatlandırıcı şəxs sayılan Kürşad Ercandan öyrəndi ki, onlar hər hansı bir dövlətə deyil, hazırkı Türk dövlətlərinin hamısının qeyri-rəsmi tabe olduğu vahid quruma, bir başqa sözlə desək: Türk Dərin Dövlətinə tabedirlər. Əlbəttə ki, bu məlumatı Kürşad Ercan elə-belə deməmişdi və hər hansı motivasiya və sınaq xarakteri də daşımırdı bu deyilənlər. Çünki Mete Aydın çoxdan rəhbərliyin müxtəlif sınaqlarından çıxmış və tam etimadını qazanmışdı. Artıq ona hər hansı dövlət və milli əhəmiyyətli sirri rahatlıqla vermək olardı. Elə onun çalışdığı komandaların üzvləri də xarakter və psixoloji-ideoloji baxımdan ondan fəqlənmirdilər...
Metenin əmriylə komanda üzvləri bir-birindən beş-altı metr uzaqlıqda olmaqla kiçik təpəlikdə gizlənmişdilər. Gələnlərin və hazırkı məntəqədəkilərin kimliyi isə artıq hər kəsə məlum idi. Metenin xüsusi araşdırıcı-izləyici davranışları nəticəsində aydın oldu ki, məntəqədəkilər beynəlxalq terror təşkilatı “PKK” və onun gizli dəstəkçisi “Hizbullah”-ın, yəni bilavasitə İran Kəşfiyyat Orqanının Şərqdəki xüsusi terror agenturasının bəzi adamları, gələn qonaqlar isə Rusiya Hərbi Kəşfiyyat Orqanının Şərq üzrə “xüsusi qrup” əməkdaşlarıdır.
- Bu lap yerinə düşdü. Beləliklə, necə deyərlər, bir daşla iki quş vurmuş olacağıq, bəylər, hazır olun! – deyə, xüsusi ratsiya aparatı ilə Mete adamlarına gülümsəyərək bir qədər zarafatyana tərzdə əmr verdi.
Komandirlərinin kefinin kök olmasını hiss edən komanda üzvləri daha da ruhlanaraq bir azdan yerinə yetirəcəkləri tapşırığa diqqətlə köklənməyə başladılar. Metenin əmriylə xüsusi hərbi fotoaparat vasitəsilə öncəliklə məkanın, sonra olan-bitən hər şeyin şəkli çəkildi. Bu həm təhlükəsizlik, həm də dövlət əhəmiyyəti daşıyırdı. Yəni, birincisi ona görə ki, əgər işdir hər hansı bir gözlənilməz uğursuzluq baş verərdisə, qrup düşmən tərəfindən tutula və ya məhv edilərdisə, tapşırıq növbəti ehtiyat qrup tərəfindən yerinə yetiriləcəkdi (xüsusi “Online” köçürmə qabiliyyəti olan fotoaparat hər şeyi anındaca birbaşa Əməliyyat Mərkəzinə göndərirdi), ikincisi də, əməliyyat uğurla sona çatsa da belə, bunun davamı siyasi diplomatiya mərhələsi zamanı – yəni, burdakı insanların tabe olduqları dövlət rəhbərlərinin görüşü, müzakirəsi anında davam etdirləcəkdi...
Komanda üzvlərinin hər biri xüsusi məktəb keçmişdilər. Ta bələkdə ikən bu iş üçün seçilmiş, illərlə müxtəlif vasitələrlə yönləndirilərək nəhayət, zaman yetişdiyində bilikli və qüvvətli kəşfiyyatçılar olaraq vətənə xidmət üçün təlimatlandırılmışdılar. Həm də onların sırf bu iş üçün seçilməsi təsadüfi hal deyildi. Onların hər biri əsilzadə Türk ailələrinin övladları – qədim köklü Türk soylarının davamçıları idi. Hərəsi bir Türk dövlətinin nümayəndəsi olan qrup üzvləri öz təlimatçıları tərəfindən bu işə cəlb edilərkən yer alacaqları qrupda necə davranmaları və onlara təqdim olunan komandirlərinə canla-başla tabe olmaları barəsində yetərli biliklərə yiyələnmişdilər. Odur ki, onların heç birində ən dar məqamda belə komandiri, tapşırığı, vətəni, dövləti satma və ya hər hansı vəziyyətdə işdən cayma halları ola bilməzdi. Fərqli dini inanclara sahib olsalar da, onları birləşdirən ən ali məqsədin vətən olduğunu bildikləri üçün əsla aralarında mübahisə etməz və sanki bir əlin beş barmağı kimi bir-birilərinə bağlı və sadiq idilər...
Komanda bir qədər izləmə-araşdırma əməliyyatı apardıqdan sonra komandirin əmriylə düşməni xüsusi qaydada zərərsizləşdirmə prosesinə qədəm qoydu...
Bölgədə “qan imperiyası” qurmağa çalışan, günahsız insanların ölümü və terrordan qazanılan külli miqdarda pulların idarəçisi olan qüvvələrin maşası Rusiya və İran kəşfiyyatı hər cür murdarlıqdan – dini, etnik, sosial, siyasi və s. bölücü vasitələrdən istifadə edərək daim başıpozuqluq, anarxiya, xaos ortamını qorumağa çalışdıqları üçün onların məkrli siyasətinə qarşı uğurlu addımlar atan Türk dövlətlərinə hər hansı yollarla təzyiq etməyə, necə deyərlər, bölgəni Türklərsiz yenidən planlaşdırmağa can atırdılar. Ancaq tarixdə hər zaman olduğu kimi Tanrı ədalətinin carçısı və bərpaçısı olan Türk qətiyyəti buna imkan vermirdi. Odur ki, düşmən agenturalar və onların bağlı olduqları dövlət nümayəndələri ikiüzlü (fahişə tərzi) siyasət yeridərək bəzən “qardaş”, “müttəfiq” rolunu oynamaqdan çəkinmirdilər. Lakin qeyrətli Türk oğul və qızları gec-tez bu hiyləni də anlayır, əksər hallarda düşməni öz silahıyla (onların sahib olduğu və rəhbərlik etdiyi qurumlara üzv olaraq və s.) vurmağa çalışırdı...
Bu gün burda baş verənlər isə Türkün hər şeyə rəğmən əsla ədalətsizliyə, iblis xislətli düşmənlərin oyununa göz yamamasının bilavasitə göstəricisi idi...
Metenin əmriylə hücuma keçən mərd Türk ərləri sırayla öncə məntəqə xaricindəki mühafizə xarakteri daşıyan rus və fars silahlılarını, ardından məntəqə daxilindəki kürd, aysor, erməni mənşəli terrorçuları xalqın diliylə desək, cəhənnəmə vasil etməyə başladılar: başlarından, sinələrindən, qarın və bud nahiyələrindən vurulan düşmən, Türklərin sərrast atıcılıq qabiliyyəti və xüsusi hərbi texnikası vasitəsiylə dərhal yerindəcə gəbərirdi. Hər şey elə ani və cəld baş verirdi ki, havada uçan güllələr yağmur timsalı daşıyırdı. Cəmi 4 dəqiqə 35 saniyə ərzində düşmənin 40-dan çox silahlısı məhv edildi, həm də Türk kəşfiyyatçılarının burnu belə qanamadan...
Tarix boyu aldıqları dəhşətli cəzalara baxmayaraq, düşmənin fahişə ruhlu qüvvələri daim Türkü aşağılamağa, xor görməyə çalışmış, necə deyərlər, onun gücünü xəfif sanmışdır. Ancaq həqiqət tamam başqaydı. Və o həqiqət də məhv edilməkdən, cəzalandırılmaqdan bezməyən murdar xislətli düşmənin birdəfəlik sonunu gətirəcəkdi. Ancaq gəl gör ki, bunu anlamayan və ya anlamaq istəməyənlər, atalar demiş, vaxtı çatan qoyunun başını bıçağa sürtməsinə bənzər bir fəlakətə gözüyumulu irəliləyirdilər...
Məkanın təhlükəsizliyi təmin etdikdən sonra Türk kəşfiyyatçı qrupu məntəqəyə enməyə başladı. Ta binanın əsas mərkəzinə gələnə qədər ehtiyatla hərəkət edərək ola biləcək əks-hücumu nəzər alan Mete və silahdaşları bir müddət sonra hər şeyin nəzarətdə olduğunu yəqin etdilər. Ancaq komandirin görüş otağındakı gözlənilməz əşyanı gördüyü zaman bütün heyət çox az görülən gərgin bir vəziyyətlə qarşılaşdı...
İndi Mete tələbəlik illərini xatırlayırdı. Xüsusi Akademiyada onlara yalnız vətənə, millətə, rəhbərliyə sadiq olmağı öyrətmirdilər. Eyni zamanda ölümlə üz-üzə gələndə necə həssas davranmağı, yoldaşlarına və ümumi ortama hər hansı qorxu hissini aşılamamağı və s. üsulları da bircə-bircə xırda detallarla başa salırdılar. Odur ki, gənc komandir bir çox hallarda ölümlə qarşılaşsa da, vəziyyətdən necə çıxmalı olduğu çox yaxşı bilirdi...
- Dayanın. Kimsə hərəkət etməsin! Tam sakit və səbirli olmağa çalışın! – deyə, komanda üzvlərini düşdükləri vəziyyətə və baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə hazırlayırdı gənc komandir Mete Aydın.
Komanda üzvləri nisbətən həyəcanlansalar da, onlar da Mete kimi bu kimi hallarla ilk dəfə qarşılaşmadıqları üçün son dərəcə təmkinli davrandılar. Metenin əsas görüş otağında gördüyü, ortamı gərginləşdirən şey isə əlbəttə ki (təxmin etdiyiniz kimi) , zaman ayarlı və uzaqdan idarəedilən bomba idi. Elə bu an düşdükləri vəziyyətdən qurtulmağın yolunu arayan komanda üzvlərindən biri otağın pəncərəsindən uzaqdan onlara doğru gələn və görünüşlərindən Suriyalı olduqları təxmin edilən fanatik, ayrımçı dini məzhəbə mənsub terrorçu qrupu gördü və:
- Komandir, dərhal burdan çıxmalıyıq. – deyə, hövlanak öz fikrini bildirdi.
Mete Aydınsa bir neçə saniyədə beynini yoran suallardan qurtulub vəziyyəti dərk etməyə, gələnlərin kimliyi, düşdükləri hazırkı vəziyyətdən qurtulmağın necəliyi və bombadan əlavə otaqda yenicə gördüyü xüsusi dövlət əhəmiyyətli sənədin nə olduğunu düşünərək cəld qərar verdi:
- Yox! Olmaz! Geri dönmək olmaz!
Komanda üzvləri sual dolu baxışlarla onu süzərək ətrafa, gələnlərə və üzərindəki zaman ayarlı bombaya baxmağa davam etdilər. Bombanın üzərindəki zaman isə elə hey insafsızca və tələsərək azalmağa qədəm qoymuşdu: 30-29-28-27... saniyələr getdikcə azalırdı...
BİRİNCİ HİSSƏNİN SONU...
DAVAMI NÖVBƏTİ YAYIMDA...
ELŞƏN İSMAYIL
12-14 İyul 2018