Gestapo tənliyi
İngilab Quliyev tərəfindən "Şeir" bolməsinə 17:35 10 avqust 2016 tarixində əlavə olunmuşdur

"Gestapo tənliyi"

Məsələn,bir uşaq düşün
Anasının gözlərindən axan yaşa əlini sürtür,
Silmir,sadəcə,gəldiyi yerə qaytarmaq istəyir.
Bu qədər bəsitdir.
Çox yersizəm, Çox aidiyyatsızam
Eynilə-Flora Kərimovanın klipindən sonra
Serdar Ortaçın klipini yayımlanan televiziya kanalı kimi.
Bir az da bəxtsizəm
Eynilə-intihar cəhdindən sağ qurtulan insan kimi.
Azacıq da sevincliyəm,azacıq,
Eynilə-dilənçinin əlinə 20 qəpik qoyulduğu anda
sevindiyi qədər.
Bilirsən?
Bu,nə axmaq sualdır?
Kim nəyi bilir ki?
Məsələn,Hers hardan bilə bilərdi ki,
dünyadakı bütün səslərin ölçü vahidi kimi
onun adı istifadə ediləcək?
Zadəgan ailəsində doğulmuş yəhudi hardan biləydi ki,bir gün
atası çəkməçi olan Hitler adlı alman tərəfindən yandırılacaq?
Kim nəyi bilir ki?
Heç tanrı da tanrı olacağını bilmirdi,bir zamanlar.

Ah,Marşes!
O qədərdirlər ki,heç bilmirəm hansından başlayım.
Bəzən empatik duyğularım çox qəribə şəkildə qabarır.
Məsələn,oturduğum stulun nə hiss etdiyini bilmək istəyirəm,
Görəsən,
quzunun ona tərəf gəldiyini görən ot həmin an nə düşünür?
Deyirlər ki,insanın ölmədən əvvəlki son anında
bütün həyatı bir kino lenti kimi gözünün önündən keçir.
Yadımdan çıxmaz dənizə tökülüb ölən neftçilər,
O lentləri yuyub-yuyub,təkrar-təkrar neçə dəfələrlə baxıblar,allah da bilmir.

Ahh,Marşes!
Çox narahatedicidir hər şey.
Rahat ölə də bilmirsən.
Məsələn,istəyərəm ki,mən ölsəm kimsə üzülməsin,
kimsə bunu önəmsəməsin,
kimsə ağlamasın.
Ən pisi də odur ki,insanların gedəcəyi yerləri az imiş kimi
O siyahıya bir ünvanı da əlavə edirsən-məzarını.
Qayıda da bilmirsən ki,ayaqlarından üzr istəyəsən.
Çox bədbin danışıram,deyəsən,
Edəcək bir şey yox,reallıq budur.
Ən böyük bədbəxtliyimiz geri qayıda bilməməyimizdir.
O qədər önəmsizik ki, bizi dünyaya gətirərkən belə razılığımızı almayıblar.

Ağcaqanadlar niyə yaşayır,Marşes?
Bizim qanımızı içmək üçün mü?
Bəs biz,Marşes?
Yəqin biz də ağcaqanadlar ac qalmasın deyə yaşayırıq. Anlamırsan,Marşes.

Uzun müddətdir,yazışdığım kəsin
ilk görüşümüzdən sonra xəstəlikdən öləcəyini öyrənmişəm.
Filarmoniya bağında tanımadığım bir şəxslə söhbətləşmək istədim,
O qədər ac idi ki,
mədəsinin qoxusundan söhbətə davam edə bilmədim,Marşes.
Bu,belə olmamalıdır.
Bəlkə də elə belə də olmalıdır.
Bilmirəm.
Sənə də deyəcəyim çox şey yoxdur.
Bircə,onu bil ki,Marşes
Çox narahat edicidir,hər şey.

Kursorun da dərdi götürüb məni,
Yanır-sönür,yanır-sönür. Yorulmur?

Ahh,Marşes, Ehtiyacsızlığa ehtiyacım var.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+4=
Hesaba giriş
Müəllif

İngilab Quliyev
Əlaqə
Tel.:
+994559813739;+905469751586
E-mail:
inqilab.quliyev@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0332 saniye