GÖR, SƏNƏ NƏ QƏDƏR EHTİYACIM VAR
Səhər-axşam yoluna göz dikərəm,
Misra-misra şəkilini çəkərəm.
Gah sızlaram, gah boynumu bükərəm -
Gör, sənə nə qədər ehtiyacım var!
Elə bil aynadır bir cüt gözlərin,
Şəkərdi, nabatdı, baldı sözlərin.
Doğmadır, əzizdir mənə izlərin -
Gör, sənə nə qədər ehtiyacım var!
Hər vaxt xəyalımla fikrim yanında,
Qayıt gəl, yanıma mələk donunda.
Bir də ayrılmayaq yolun sonunda -
Gör, sənə nə qədər ehtiyacım var!
İstərəm nə qüssən, nə qəmin olsun,
Hər şeirim, hər misram gülşənin olsun.
Sevdalı ürəyim həmdəmin olsun -
Gör, sənə nə qədər ehtiyacım var!
Seymurun yolunu kəssə duman-çən,
Görən imdadıma çatarsanmı sən?
Bəlkə də məndən də yaxşı bilirsən -
Gör, sənə nə qədər ehtiyacım var!
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
23.03.2017