“Müharibə əlili” olduğunu iddia edən dilənçi haqqında o qədər çox şey eşitmişdi ki, günlərin birində həmin ünvana getməyə qərar verdi. Dizdən aşağı olmayan ayaqları bom-boş qalan şalvar balağından daha açıq şəkildə görünürdü. Əllərinin yardımı ilə özünü itələyə-itələyə dəmir məhəccərə söykəndi. Barmaqsız əlcəkləri ilə uçuq-sökük gödəkçəsindən konserv qutusunu çıxardıb qarşısına qoydu. Əlini açıb yolçuluqlarını edən insanlara ağız açmağa başladı. Gənc jurnalistin artıq bu adama yazığı gəlməyə başlamışdı. Yaxınlaşıb bardaş quraraq əyləşdi. Adam gəncə tərs-tərs baxdı. Solğun simasını zəbt edən qısa saqqalı ilə işartısını çoxdan itirmiş gözləri jurnalistə ağır təsir bağışladı.
-Nə var, ay bala?-səsi sanki qırılaraq gəlirdi.
-Heç, dayı, haqqınızda eşitmişəm,-deyib özünü təqdim etmək üçün əlini uzatdı.-Mən jurnalistəm.
Adam bir ələ baxdı, bir jurnalistə baxdı tərs-tərs, amma əlini uzatmadı.
-Deməli, jurnalistsən, eləmi? Çox gözəl, çox pakizə! Nə istəyirsən, bala?
-Ehm,-boğazını arıtladı.-Sizin haqqınızda reportaj hazırlamaq istəyirəm.
Adam gözlərini döyə-döyə qaldı. Sanki bu möcüzəyə inanmaq istəmirdi.
-Mənim haqqımda?-heyrətini saxlaya bilmədi.
Jurnalist gülümsünüb başını tərpətdi.
-Doğrudanmı müharibə əlilisiniz?
-Ay bala, bu nə sualdır? Hamı bilir ki, ayaqlarımı harada itirmişəm,-qəzəbindən tüpürcəklə danışırdı.-Hökümətin də gözü kor, qulağı kar, dili laldır. Ay bala, mən torpaq uğrunda döyüşərkən yuxarıdakılar hələ bap-balaca idilər, bəlkə də heç yox idilər, ya da anaların bətnində mürgüləyirdilər. Olmaz axı belə. Niyə ancaq 5 nəfər müharibə iştirakçısını qiymətləndirirlər? Bəs qalanları? Olmaya onlar zibildirlər? Tüpürəsən, tüpürəsən, tüpürəsən! Ya mənim ayaqlarımı qaytarın, ya da məni adam yerinə qoyun. Amma kimə deyəsən e? Budey, bu insanlara bax, yaxşı-yaxşı bax, bilirlər kiməm-nəçiyəm, amma nə veclərinə? Əcəb edirsiniz, balalarım, əcəb edirsiniz! Sən məni neyləmək fikrindəsən, bala? Olmaya mənim dərd-sərimi yazıb unutqan xalqın təpəsinə qaynar su tökəcəksən? Məni fotomu çəkib məşhur edəcəksən? Əşi, boşla görüm də! Çox görmüşəm sənin kimiləri, di açıl başımdan! İşim var, gücüm var.
-Amma, dayı, mən həqiqətən də sizə kömək etmək istəyirəm.
-Doğrudan?-vecsizcəsinə soruşdu.-Nə edəcəksən, məsələn?
-Özünüz haqqında danışın bir az. Yəni, müharibə illərindən.
Adam bir az tutulan kimi oldu. Gözlərini gəncdən yığışdırıb əlini insanlara açaraq yenə dilini ağzına sığışdırmadı. Jurnalist onun hərəkətinin məğzini anlamasa da, bir az şübhəyə düşərək gözlərini ehtiyatla qıydı.
-Dayı?
-Nəyə lazımdır e? Guya ki, oxuyan var, maraqlanan var. O boyda böyük adamlar qalsın bir kənarda, kiçiklər maraqlanacaqlar. Əşi, açıl başımdan görüm! İmkan da verməzsən ki, bir qarın çörək qazanım dilənçiliyimlə.
Gəncin gözləri hədəqəsindən çıxmışdı. Çaşqın-çaşqın dilənçiyə baxaraq özünə gəlməyə çalışırdı ki, birdən telefonu zəng çaldı. Ekranda kolleqasının ləqəbi göründü. Ayağa qalxıb zəngi açdı.
-Ay sənin o ağıllı başınla mərhəmətli qəlbin! Dünəndən baş-beynimi apardığın adamın ümumiyyətlə müharibə ilə əlaqəsi olmayıb, ayaqlarını isə 10 il uçulan bina altında qalaraq itirib.
Əlaqəni sonlandıran gənc jurnalist qayıdıb əyləşdi. Əminliklə gülümsündü. Adam tərs-tərs baxıb dodaqaltı mızıldanaraq mülayimcəsinə soruşdu:
-Bala, mənim haqqımda nə yazacaqsan?
-Gördüklərimi,-əmin şəkildə söyləyərək söykəndi.